Modern.az

Ombudsman media sahəsində hansı işlər görə bilir...

Ombudsman media sahəsində hansı işlər görə bilir...

Aktual

28 Fevral 2017, 09:27

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova kütləvi informasiya vasitələri ilə səmərəli əlaqələrə mühüm önəm verir və bu çoxşaxəli əməkdaşlıq onun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Təsisatın məqsəd və məramları, yeni ideya və təşəbbüsləri, fəaliyyətinin əsas istiqamətləri və tədbirləri barədə press relizlər və məlumatlar müxtəlif qəzet və jurnallara, informasiya agentliklərinə, onlayn xəbər portallarına, teleradio kanallarına və elektron qəzetlərə göndərilir”.

 

Bu sözləri Modern.az-ın Ombudsmanın 2016-cı ildə media sahəsindəki fəaliyyətilə bağlı sorğusuna cavab verən Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı bildirib:

 

“Müvəkkil öz işini yazılı və elektron KİV-lə, televiziya və radio, habelə Milli Teleradio Şurası, Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, jurnalist qurumları ilə sıx əlaqələr və əməkdaşlıq şəraitində qurub.

 

Paytaxtda və ölkəmizin müxtəlif regionlarında nəşr olunan aparıcı qəzetlərin, mərkəzi və yerli teleradio kanallarının, yerli KİV-in müxbirləri ilə sıx əməkdaşlıq yaradılıb və davam etdirilir. Bu, təsisatın fəaliyyətini geniş əhali kütləsinə çatdırmaq üçün mühüm vasitədir”.

 

Aparat rəhbəri sözlərinə görə, hazırlanan press-relizlər xarici mediaya da göndərilir.

 

 

“Təsisatın fəaliyyəti barədə ümumilikdə 10809, o cümlədən 2016-cı ildə 556 məqalə və informasiya dərc etdirilib. Fəaliyyət dövrü ərzində Müvəkkilin mətbuat xidməti 3915 press-reliz hazırlayıb, bunlardan 289-u 2016-cı ilə aiddir. Hazırlanmış press-relizlər ingilis dilinə çevrilərək Avropa Şurasına göndərilib.

 

Təsisatın fəaliyyətə başladığı vaxtdan Müvəkkil tərəfindən 115-dən artıq, o cümlədən 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların soyqırımı, habelə 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar bəyanatlar verilərək nüfuzlu beynəlxalq qurumlara göndərilib. Həmin bəyanatların mətnləri bir çox dövri mətbuat nümunələrində dərc edilib, televiziya və radio verilişlərində səsləndirilib.

 

Eyni zamanda, bu il Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar bəyanatı nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza göndərilib. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş konfranslarda və anım mərasimlərində, o cümlədən Norveçdə, Danimarkada, İndoneziyada, Malayziyada, Küveytdə və başqa xarici dövlətlərdə, habelə ölkəmizdə keçirilən çoxsaylı silsilə tədbirlərdə Ombudsmanın bəyanatının səsləndirilərək iştirakçılara paylanılıb və diqqətə çatdırılıb.

 

A.Səfixanlı bildirib ki, Ombudsmana informasiya əldə etmək hüququnun pozulması ilə bağlı da müraciətlər daxil olur.

 

“İnformasiya əldə etmək hüququnun pozulmasına dair müraciətlərdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə riayət edilib-edilmədiyi  aydınlaşdırılıb. O cümlədən informasiya əldə etmək üçün müraciətin qeydiyyata alınması, sorğunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi, informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması, ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi, internet informasiya ehtiyatının yaradılması vəzifəsinin yerinə yetirilməsi aydınlaşdırılıb”.

 

Ombudsman Aparatı Avropa Şurası ilə əməkdaşlıqda informasiya sahibi olan dövlət qurumlarının və bir sıra KİV-in nümayəndələri üçün ifadə azadlığı və informasiya əldə etmək hüququ ilə bağlı təlim təşkil edilib.

 

Təlimdə informasiya əldə etməyə dair Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyasının standartları, informasiya əldə etməyə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə bağlı məruzələr dinlənilib, praktiki məsələlər və kazuslarla əlaqədar qruplarda işlər aparılıb.

 

Ənənəvi olaraq, 2016-cı ildə də 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar hamı üçün!“ mövzusunda jurnalist yazıları müsabiqəsi keçirilib. Ötən dövrdəki müsbət təcrübə kimi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyi ilə birgə keçirilmiş bu müsabiqəyə insan hüquqları mövzusunda yazan media təmsilçiləri cəlb edilib, müsabiqə qaliblərinə mükafatlar və sertifikatlar verilib.

 

Təsisat tərəfindən təşkil edilmiş konfranslarda, ictimai dinləmələrdə və digər tədbirlərdə çoxsaylı KİV nümayəndələri təmsil olunub, Müvəkkilin fəaliyyəti ilə bağlı hazırlanmış məqalələr mətbuat səhifələrində dərc edilib, teleradio proqramlarına müsahibələr verilib”.

 

Aparat rəhbəri bildirib ki, Ombudsmanın əməkdaşları məhkum jurnalistlərlə də maraqlanıb.

 


“Müvəkkil və onun tapşırığına əsasən, Aparatın əməkdaşları davamlı olaraq penitensiar müəssisələrə və müvəqqəti saxlama yerlərinə baxışlar keçirib. Məhkum jurnalistlərin saxlanılma şəraiti, qidalanmaları, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti və ehtiyaclarını öyrənib, hüquqlarını izah etib, qanun və səlahiyyətləri çərçivəsində tədbirlər görülüb.

 

Bu başçəkmələrin nəticələri ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciətlər edilib və press-relizlər KİV-ə göndərilib.

 

Ombudsmanın rəsmi internet səhifəsi Azərbaycan və ingilis dillərində yenidən hazırlanıb, onlayn müraciət bölməsi yaradılıb. Həmin xidmət e-hökumət portalına inteqrasiya olunub”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır