Noyabrın 9-da Milli Məclisin Sosial siyasət komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İran İslam Cümhuriyyəti İslam Şurası Məclisinin Sosial məsələlər komissiyasının sədri Süleyman Cəfərzadənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. İran parlament nümayəndə heyətinin üzvləri Milli Məclisin iclas zalı, yeni tikilmiş korpusu ilə tanış olublar, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.
Milli Məclisin Mətbiat xidmətindən verilən məlumata görə, komitə sədri Hadi Rəcəbli parlamentin qanunvericilik bazası, rəhbərlik etdiyi komitənin fəaliyyəti, qanun yaradıcılığı prosesi, demokratik dövlət quruculuğu, azad vətəndaş cəmiyyəti, insan hüquqlarının qorunması, söz və mətbuat azadlığı barədə qonaqlara ətraflı məlumat verib. O, İranla Azərbaycan arasında iqtisadi, humanitar və parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğuladı, hər iki ölkənin parlamentlərarası dostluq qruplarının səmərəli fəaliyyətindən söhbət açıb. Qeyd olunub ki, bu cür səfərlər təkcə qanunverici orqanlar arasında deyil, ölkələrimiz arasında da münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir.
Süleyman Cəfərzadə qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirib. O da, öz növbəsində İran parlamentinin strukturu, qanunvericilik bazası barədə məlumatları diqqətə çatdırıb. Müvafiq parlament komitələrinin qarşılıqlı fəaliyyətinin, təcrübə mübadiləsinin əhəmiyyətindən söhbət açıb. Qonaq bildirib ki, İran yaxın qonşusu olan Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. O, deyib ki, İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Görüşdə ölkəmizdə sosial sahənin inkişaf perspektivləri, iqtisadi infrastrukturun möhkəmləndirilməsi, ünvanlı sosial sığorta yardımı və digər məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb.