Modern.az

"Şollar-Bakı su qurğuları kompleksi" - 100 il: əbədi həyat mənbəyi

"Şollar-Bakı su qurğuları kompleksi" - 100 il: əbədi həyat mənbəyi

Aktual

28 Fevral 2017, 11:00

Bakının ilkin su təchizatı

 

Su əbədi həyat mənbəyidir. Araşdırmalar göstərir ki, insan ac halda bir neçə həftə yaşaya bilsə də, susuz cəmi bir neçə sutka dözmək iqtidarındadır. Bu isə suyun həyat üçün böyük əhəmiyyətə malik olduğunun göstəricisidir. Bütün dövrlərdə, dünya və Azərbaycanda içməli su problemi yaşanıb. Tarixi mənbələrdə Bakı şəhərinin ilkin su təchizatının XVIII əsrdən başladığı qeyd edilir. Həmin dövrdə Bakı xanlarının adı ilə bağlı 3 su kəməri çəkilir. Bakının şimalında, yayladakı 3 bulaqdan qidalanan “Şah” su kəməri metronun indiki “İçərişəhər” stansiyası istiqamətindən şəhərə daxil olub, “Şirvanşahlar” sarayı  kompleksini və onun ətrafındakı yaşayış sahələrini içməli su ilə təmin edib. 1791-1792-ci illərdə tikilmiş “Məmmədquluxan” su kəməri indiki Filarmoniya binasının aşağı hissəsindən İçəri Şəhərə daxil olub, əsasən qalanın qərb və cənub hissəsini su ilə təmin edib. Bakı xanı Hüseynqulu xanın adını daşıyan 3-cü kəmər, mənbəyini indiki Azərbaycan prospektindəki 2 bulaqdan götürüb. Həmin vaxtlar məişət məqsədləri üçün istifadə edilən 1000-dən artıq quyunun bir neçəsindən hazırda yaşıllıqların suvarılmasıda istifadə olunur. 1859-cu ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra quberniya mərkəzi Bakıya köçürülür. Əvvəllər olduğu kimi, bu dövrdə də Abşeronda içməli su problemi yaşanır. Yüksək codluğu ilə seçilən quyu suları keyfiyyətsiz, həm də sağlamlıq üçün təhlükəli idi. Tullantı suların quyulara sızması onların keyfiyyətini lap aşağı salırdı.

 

32 milyon rubla başa gələn “Şollar-Bakı” su kəməri

 

Tarix üzrə fəlsəfə doktoru, Hacı Zeynalabdin Tağıyevin sahibkarlıq və ictimai fəaliyyətinin tədqiqi ilə məşğul olan Fərhad Cabbarov deyir ki, həmin dövrdə şəhərdə içməli su problemi getdikcə böyüyürdü:

“Şəhərin ilkin mərkəzləşmiş su təchizatı ilə bağlı 1879-cu ildə Şəhər Dumasında yaradılmış xüsusi komissiya Bakı ətrafındakı mənbələri öyrənərək mənfi rəy verdi. Bununla da Sokolovski, Şabanov, Uspenski, Semyannikov, Baseviç kimi geoloq və mütəxəssislərin araşdırmaları nəticəsində Bakı ətrafında su mənbələrinin axtarışına son qoyuldu. Komissiya Abşerondan kənarda axtarışlara başlanmasına qərar verdi. Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyev Komissiya üzvləri sırasında idi. Qeyd edim ki, Şollara qədər Bakıya başqa yerlərdən suyun çəkilməsi məsələsi müzakirə olunurdu. Əsas variant Kür kəməri vasitəsilə suyun çəkilməsi idi. O vaxt bir növ Şollarla Kürün mübarizəsi gedirdi. Dumada əksəriyyət Kürdən suyun çəkilməsinin üzərində dayanırdı. Bəziləri içməli suyun şəhərə Kür çayından gəmilərlə və ya Araz çayından tuluqlarda gətirilməsini təklif edirdi. Tağıyev və digərləri Kür suyunun içmək üçün yararsız olduğunu əsaslarla sübut edərək Bakıya çəkilməsinin əleyhinə çıxış etdilər. Onlar bildirdilər ki, Kür suyunu içməli su kimi istifadə etmək üçün əvvəlcə xüsusi qurğular inşa edilməlidir. Digər tərəfdən, Kürlə Şolların suyunu müqayisə edəndə həm kimyəvi xassələrinə, həm daşınma xərclərinə görə Şollar daha üstün idi. Doğrudur, Sovet dövründə Kürdən su çəkildi. Amma məsələ burasındadır ki, həmin vaxt artıq texnika tamam başqa cür inkişaf etmişdi.

 

Zeynalabdin Tağıyevin “Şollar-Bakı” su kəmərinin reallaşmasında müstəsna xidmətlərə malik olub, layihənin lobbiçiliyini edib. Kəmərin tikintisi çox bahalı olub, ümumilikdə 32 milyon rubla başa gəlmişdi. O vaxt Zeynalabdin Tağıyevin o qədər vəsaiti yox idi ki, belə bir ağır layihəni tək başına həyata keçirsin. Digər tərəfdən, buna heç ehtiyac da yox idi. Adətən dünyada qəbul olunmuş praktikaya görə, şəhər üçün lazımi infrastruktur layihələri dövlət tərəfindən maliyyələşdirilməlidir. Həmin dövrdə də belə olmuşdu. Dövlət pul ayırmışdı, istiqraz buraxmışdı və kəmər dövlət vəsaiti hesabına tikilmişdi. O, 1899-cu ildə Uilyam Lindleynin Bakıya gəlməsinə, Şollara gedib axtarışlar aparmasına böyük dəstək verib. Uilyam Lindleyə Kür və Samur çayı əsas götürülməklə Bakı şəhərinin su təchizatı layihəsinin hazırlanması tapşırılır. Aparılan tədqiqatlara əsaslanan ingilis mühəndis yerüstü su mənbələri ilə yanaşı, yeraltı sulardan da istifadəni təklif edir. Şəhər Dumasında buna etiraz edənlər olsa da, Uilyam Lindley yeraltı suların öyrənilməsi üçün icazə ala bilir. Həmçinin, Dumada Lindleynə qarşı çıxış edənlərə etirazlarda Tağıyevin böyük xidmətləri olur. Həmin vaxt Tağıyev 25 min rubl təklif etmişdi ki, Lindleyn Şollara gedib axtarışlar aparsın. Su tapılmayacağı təqdirdə həmin pulu geri istəməyəcəyini bildirmişdi. O, Lindleynin tədqiqatları ilə su tapılacağı təqdirdə, “Duma həmin pulu mənə geri qaytarmalıdır”, demişdi. Ancaq Duma, bundan imtina etmişdi.

Tədqiqatlar zamanı Lindleyin diqqətini Şahdağ, Qusar yaylası və Qusar çayının yatağı cəlb edir. Uzun müşahidələrdən sonra Lindleyin gəldiyi qənaət belə idi: “Qafqaz dağlarının şimal yamaclarının sel suları ilə yuyulması nəticəsində və çoxlu xırda çayların deltalarının yaratdığı geniş bir düzənlik mövcuddur. Onların yaratdığı qatlar dənizə tərəf meylli olmaqla, əsasən sukeçirici qum və kiçik daşlardan ibarətdi. Bu qatların arasını gil pərdəsi tutur. Bütün bunlar bir yataqda, yaxud da ayrı-ayrı təbəqələr şəklində dağlardan dənizə doğru hərəkət edən güclü bir yeraltı axının olduğundan xəbər verir. Yay mövsümündə suyun əksər hissəsini verən Şahdağın şimal yamacı Samur çayını, həmçinin ətrafdakı bir çox kiçik çayları və bulaqları su ilə təmin edir”. Lindley bulaq suları ilə zəngin olan və su hövzəsi kimi müəyyənləşdirdiyi ərazini Şollar adlandırırdı. Şollar bulaq sularının nəhəng bir şəhəri su ilə təmin edə biləcəyinə az adam inanırdı. Maraqlı odur ki, bu kəmərin çəkilişinin əleyhinə çıxış edənləri inandırmaq üçün Bakıdan Şollara xüsusi ekskursiyalar təşkil edirdilər. Tağıyev, Lindley həmin ekskursiyalarda iştirak edir, əleyhdarları da getməyə məcbur edirdilər. Onlara oradakı Şollar bulağından su içirirdilər ki, suyun keyfiyyəti, ümumiyyətlə, bölgənin coğrafi quruluşu, relyefi ilə tanış olsunlar. Tədqiqatçılar sübut etməyə çalışırdılar ki, kəmər Şollardan çəkilsə, həm az xərc sərf olunar, həm də xüsusi nasos qurğularının tikilməsinə ehtiyac qalmaz. Birinci səfər üçün “Kaspi” qəzetində elan verilsə də, çox az adam gəlmişdi. Növbəti səfərlərdə ekskursiya edənlərin sayı artırdı. Nəhayət, Lindley Abşerona Şollardan (Bakıdan 187 km məsafədə), Kür çayından (Bakıdan 110 km məsafədə) və Samur çayından (Bakıdan 200 km məsafədə) suyun gətirilməsi barədə layihələr təqdim edir. İngilis mütəxəssis texniki, sanitar və maliyyə baxımından Şolları seçir. Şəhər Duması uzun müzakirələrdən sonra həmin variantını qəbul edir və 1903-cü ildə Şollar-Bakı su kəmərinin tikintisinə başlanır. Böyük səylər nəticəsində başlanan tikinti işləri çox ləng gedirdi, hətta bəzi vaxtlarda fasilələr yaranırdı. Ümumilikdə kəmərin tikintisində istifadə edilən işçi qüvvəsinin sayı dəqiq məlum deyil. Çünki müharibə başlayanda çox sayda insan səfərbərliyə alındı, işçilərin sayı tez-tez dəyişdi. Onu dəqiq demək mümkündür ki, işçilər müxtəlif millətlərdən idi. Nəhayət, 1917-ci ildə bu kəmər vasitəsilə ilk su Bakı əhalisinə çatdırılır. Hacı Zeynalabdin Tağıyev xəstə olduğundan kəmərin açılışında iştirak edə bilmir. Həmin ilin fevralında Bakının keçmiş rəisi Rainski tərəfindən vurulan teleqramda deyilirdi: “Şollar su kəmərinin açılışı nə qədər böyük hadisə sayılırsa, Tağıyevin də kəmərin çəkilməsindəki xidmətləri bir o qədər böyükdür”.  Doğrudan da layihənin ardıcıl olaraq dəstəklənməsi Tağıyevə məxsusdur. Məhz bu səbəbdəndir ki, Şollar-Bakı su kəmərinin adı Tağıyevin adı ilə yanaşı çəkilir.

Kəmər işə düşdükdən sonra ilk olaraq Bakının mərkəzi hissəsi Şollar suyundan istifadə etməyə başladı. Şəhərdə bəzi yerlərdə fontan adlanan xüsusi köşklərdə suyu insanlara stəkanlarda xüsusi talonlar vasitəsilə satırdılar. Bakının tək-tük yerində, köhnə məhəllələrdə həmin köşklər hələ də qalır. Hər adama 1vedrəlik xüsusi talon verilirdi. Hələ Bakıətrafı kəndlərə su çəkilməmişdi. Bildiyiniz kimi, kəmər işə düşən ərəfələr çox ağır dövr idi. Müharibə gedirdi, Rusiyada inqilab idi, Azərbaycanda mart qırğını törədilmişdi. Siyasi hadisələr işlərin inkişafına mane olurdu. Sovet dövründə Şollar kəməri şəhərin suya olan ehtiyacını tam təmin etmədiyindən, ikinci xətti Xaçmazdan çəkməyə başladılar. Sonra Samur, Ceyranbatan, Kürdən çəkildi”.

  

 

Heydər Əliyevin əsasını qoyduğu həyat mənbəyi

 

Müxtəlif dövrlərdə yaşanan içməli su problemi müasir dövrümüzdə də hiss edilib. Sovet imperiyasının süqutu və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ölkə iqtisadiyyatında sürətli inkişaf başlayır. Həmçinin, Ermənistanda yaşayan azərbaycanlıların öz torpaqlarından qovulması, Dağlıq Qarabağın işğalı nəticəsində qaçqın və məcburi köçkünlərin paytaxta gəlməsilə şəhərin yükü bir az da artır. Abşerona verilən suyun həcminin artırılması yenidən gündəmə gəlir. Bu məsələ ilk dəfə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə 2002-ci ilin dekabrında keçirilən müşavirədə qaldırılır. O, Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıqlar verilir. Qısa müddət ərzində mütəxəssislər bu zonanın su ehtiyatlarını, onların tərkibini, gələcəkdə çəkiləcək kəmərin keçəcəyi əraziləri öyrənməyə başlayır. H.Əliyevin başlatdığı işi İlham Əliyev tamamlayır. İçməli su təchizatı və kanalizasiya sektorunda idarəetmənin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2004-cü il iyun ayının 11-də "Azərsu" ASC-nin yaradılması haqqında Sərəncam imzalayır. Respublikada əhalinin içməli su ilə təminatı da məhz “Azərsu” ASC tərəfindən təmin edilir.

2005-ci ilin sentyabrında Prezident İ. Əliyevin sədrliyi ilə keçirilən və Böyük Bakının su təchizatının yaxşılaşdırılmasına həsr olunan müşavirədə Oğuz-Qəbələ su kəmər ilə bağlı işlərə başlanılması qərarı verilir. 2007-ci ilin martında kəmərin təməlqoyma mərasimi keçirilir.  2010-cu il dekabrın 28-də isə kəmərin rəsmi açılış mərasimi keçirilir və ilk su Bakı sakinlərinə çatdırılır. 

 

“Əhalinin fasiləsiz su ilə təminatı yüksələcək”

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirildiyini bildirir.

 

 “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, bu gün Abşeron yarımadasının əhalisinin içməli suya olan tələbatının 53 faizi Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına, 23 faizi Oğuz-Qəbələ, 14 faizi Xaçmaz, 10 faizi Kürdən gələn suyun hesabına ödənilir. Hazırda paytaxt əhalisinin 80, 6 faizi fasiləsiz su ilə təmin olunur. Qarşıdakı illərdə əhalinin fasiləsiz su ilə təminatının daha 2 faiz artırılmasına nail olmaq üçün Suraxanı, Sabunçu, Nərimanov, Xətai və Nəsimi rayonlarında işlərimiz davam etdirilir. Azərbaycanda 44 şəhər və rayon mərkəzində su, kanalizasiya layihələrinin icrasına başlanılıb.

“Şollar-Bakı Su Qurğuları Kompleksi”nin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC tərəfindən bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında keçiriləcək Birinci Bakı Beynəlxalq Su Həftəsinə dünyanın 40-dan çox ölkəsindən, beynəlxalq və regional təşkilatlardan, alim və mütəxəssislər qatılacaq. Qonaqların Şollar mənbəyinə aparılması, oradakı yeniliklərlə tanış edilməsi nəzərdə tutulub. Bundan başqa, Şollar su qurğuları ilə bağlı bir neçə kitabın təqdimatı keçiriləcək. Bütün bunlar isə respublikanın su təchizatının yaxşılşdırılmasında müstəsna rol oynayacaq”.

 

Gülşən Raufqızı, Modern.az-ın müxbiri

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır