Modern.az

Jurnalistlər İlham Əliyevə müraciət ediblər: “Bizi döyürlər...”

Jurnalistlər İlham Əliyevə müraciət ediblər: “Bizi döyürlər...”

7 Aprel 2011, 11:35

Bir qrup media nümayəndəsi bəyanat qəbul edib. “Turan”ın məlumatına görə, bəyanatda deyilir: “Aprelin 3-də naməlum adamlar “Azadlıq” qəzetinin reportyoru Ramin Dekonu oğurlayıb, ona təzyiq və hədələr gəldikdən sonra sərbəst buraxıblar. Jurnalistdən yazılarında və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqidi dayndırmaq tələb edilib. Növbəti gün jurnalist mətbuatda bu haqda açıqlama verib. Həmin gün işdən evə gedərkən iki nəfər onu vəhşicəsinə döyüb.

Hadisənin xüsusi narahatlıq doğuran tərəfi odur ki, bundan az öncə qəzetin digər əməkdaşı Seymur Həziyev də oğurlanaq döyülüb. Qəzetin başqa bir əməkdaşı Natiq Güləhmədoğlu isə günlərdir izlənir. Bir neçə başqa əməkdaş da hədələr alır.

Biz ölkənin aparıcı qəzetlərindən birinə qarşı cinayət mahiyyəti daşıyan təzyiqlərin ardıcıl kampaniya halı aldığının fərqindəyik və bunu qətiyyətlə pisləyirik. Bəyan edirik ki, son hadisələr Azərbaycanda söz azadlığının tam boğulmasına yönəlib. Ölkə rəhbərliyindən və hüquq mühafizə orqanlarından tələb edirik ki, jurnalistlərə qarşı cinayət əməllərinin qarşısı alınsın, onların təhlükəsizliyi təmin edilsin, mətbuat nümayəndələrinə qarşı cinayət halları əsaslı araşdırılsın və cinayətkarlar cəzalandırılsın.

Basqı və hədələrin siyasi hakimiyyəti sərt tənqid edən qəzetin əməkdaşlarına qarşı yönəlməsi, jurnalistlərdən hakimiyyətə qarşı yazmamaq tələb edilməsi baş verən hadisələrə görə ölkə rəhbərliyinin üzərinə ikiqat məsuliyyət qoyur. Məhz buna görə də dövlət başçısı baş vermiş cinayət hadisələrinə münasibət bildirməlidir”.

Bəyanatı Mehman Əliyev, Şahvələd Çobanoğlu, Rauf Arifoğlu, Rövşən Hacıbəyli, Bahəddin Həziyev, Yadigar Məmmədli, Emin Hüseynov, Rəşid Hacılı, Zamin Hacı, İdrak Abbasov və başqaları imzalayıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir