Modern.az

Yeni mediada oxucu şərhləri: onlara ehtiyac varmı? (Redaktorlar cavab verir)

Yeni mediada oxucu şərhləri: onlara ehtiyac varmı? (Redaktorlar cavab verir)

7 Aprel 2011, 13:06


Texnikanın yaratdığı imkanlar medianın da yeni dövrə qədəm qoymasına imkan yaradıb. Yeni dövrün oxucuları artıq əvvəlki dövrlərdən fərqli olaraq, oxuduğu yazıya anında fikir bildirmək imkanı tapır. Bu gün internet vasitəsilə yayımlanan bir sıra mətbuat orqanları öz oxucularına məqalələrə şərh vermək imkanı yaradıb.
Amma bəzən bu şərhlər haqqında fikirlər birmənalı olmur. Məsələn, məqalələrə oxucuların anonim adlarla şərh yazmaları bəzən mübahisələr yaradır. Modern.az internetdə oxucu şərhləri məsələsinə müxtəlif media qurumlarının nümayəndələrindən münasibət öyrənib - şərhlər lazımdır və ya əksinə...

“Anonimlik azadlıq yaradır”

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli bildirdi ki, oxucunun yazıya münasibət bildirməsi elə internetdən də əvvəl mövcud olub. Belə ki, əvvəllər müxtəlif qəzetlərdə gedən yazılara  məktub yazmaqla, zəng etməklə və redaksiyalara gəlməklə münasibət bildirilirdi.  Müsahibimiz deyir ki, bu xüsusiyyət eləcə də televiziya və radiolara da aiddir. “Şərhlərin yazılması isə internetin yaratdığı imkanlardan biridir” deyən A.Qaraçənlinin sözlərinə görə, son vaxtlar yazılara daha çox e-mail yazmaqla və ya telefonla münasibət bildirilir, çox az hallarda isə məktublarla müraciət edirlər.

A.Qaraçənli hesab edir ki, oxucuya şərh yazmağa imkan yaradan sayt da, oxucu da şərhlərlə bağlı bir neçə məqamı nəzərə almadır. Şərhi anonim yazmaq imkanının mövcud olması da nəzərə alınmalıdır. 
“Öz materiallarına şərh yazmaq imkanı yaradan qurum bu imkanın mənfi və müsbət tərəflərini diqqətdə saxlamalıdır, yəni şərhlər etik çərcivədən kənara çıxa bilər, dezinformasiya ötürülə bilər, bir insanın bir neçə adla çox sayda şərh yaza bilməsi məqamı da nəzərə alınmalıdı”.

Müsahibimizin sözlərinə görə, oxucuya şərh yazmaq imkanı yaradan qurum, bu imkandan yararlanmaq qaydalarını da göstərməli və şərh yazan insanlar da bu qaydalardan kənara çıxmamalıdır. Çox zaman bu qaydalara əməl olunmadığından sayta gələn şərhlərlə sayta çıxan şərhlər arasında fərq olur.
“Hər bir redaksiya gələn şərhləri redaktə edir, bəzən xoşagəlməz, etik çərçivədən kənara çıxan şərhlər olur, böhtan xarakterli materiallar olur, saytın moderatoru bunları izləməlidir ki, hər hansı bir şəxsin ləyaqətinə toxunan məlumat getməsin”.

A.Qaraçənli deyir ki, oxucular da bir sıra məqamları nəzərə almalıdırlar. Belə ki, şərhlər ciddi də ola bilər, eyni zamanda şərhlərdə çox böyük fikirlər də ola bilər və ola bilər ki, 20-30 şərh cəmi iki-üç adamın arasında gedə bilər.

A.Qaraçənlinin sözlərinə görə, hər bir kəsdə şərhlərə münasibət internetin bütün özünəməxsus məqamları nəzərə alınmaqla formalaşmalıdır.

Şərhlərin anonim ad altında yerləşdirilməsinə gəlincə isə müsahibimiz vurğuladı ki, bu, internet məkanın yaratdığı bir imkandır.
“Hər bir şərhin hardan gəldiyini müəyyənləşdirmək üçün bəzi saytlarda müəyyən qeydiyyat tələb olunur. Yəni şərh yazan əvvəlcədən həmin saytda qeydiyatdan keçməli öz adını, e-mailini göstərməlidir. Amma biz bilirik ki, qeydiyyatdan keçən şəxs qondarma e-mail yaza bilər, qeydiyyatdan keçmək üçün qondarma ad da yaza bilər. Bütün bunlar göstərir ki, anonimlik internet  məkanın təbiətinin elə bir hissəsidir ki, onu ordan çəkib çıxarmaq mümkün deyil. Qeydiyyat sistemi bunu tam aradan qaldırmasa da, azalda bilər. Anonimliyə normal baxmaq lazımdır, anonimlik azadlıq yaradır. Bu imkana sadəcə mənfi hadisələr doğuran proses  kimi baxmaq olmaz. Müsbət tərəfləri də çoxdur”.

“Şərhlər sosial paylaşımdır”

“Milli.az” xəbər portalının baş redaktoru Sevda Həmidovanın sözlərinə görə, internet məkanında olan müxtəlif profilli - xəbər, əyəncə - saytlarda şərhlərin yazılması sərbəst məsələdir, bu media qurumunun öz secimindən asılıdır.
“Elə xəbər saytları var ki, xəbər sonluğuna blok açırlar və ya bunu forum şəklində edirlər. Elə saytlar da var ki, buna ehtiyac görmürlər. Məsələn, bizim şirkətin bir neçə saytı var, onlardan bir-ikisində şərhlər üçün bloklar var. Oxucular ora öz şərhlərini yazırlar. Amma şərhlər konkret olaraq “milli.az”da yoxdur.
Şərhlər bu bir növ forum xarakteri daşıyır, mövzunu müzakirəyə, diskussiyaya çıxarmaqdır”.

S.Həmidovanın sözlərinə görə, şərhlər sosial paylaşımdır, hər bir sayt öz məhsulunu əgər ictimai müzakirəyə çıxarmaq istəyirsə, bu imkanı yaradır: “Yəni istənilən mövzunu, istənilən xəbəri oxucuların ixtiyarına- şərhə verir”.

Müsahibimiz də bildirdi ki, yazılan şərhlərdə daha çox anonimlik üstünlük təşkil edir, çox zaman insanlar öz adını, ictimai sosial statusunu gizlətmək istəyir. Anonimlik isə başqa xüsusiyyətin yaranmasına imkan yaradır, belə ki, bu zaman da konkret olaraq bilinmir ki, əhalinin hansı təbəqəsindən hansı şərhlər bildirilir.
“Hansı statuslu insanlar bu fikirdədir, bu şəxs hansı peşənin sahibidir? Onun maraq dairəinə nə daxildir? Hansı ictimai-siyasi mövqedə olan insandır? Bunlar çox zaman gizlədilir. Təbii ki, saytlar da öz adminstrativ hüququndan istifadə edərək bu şərhləri yerləşdirirlər və ya redaktəyə də ixtiyarları çatır. Amma heç kəsi də məcbur etmək olmaz ki, özünün bütün detallı məlumatlarını yazsın”.

S.Həmidova şərhlərdə anonimliyə normal baxdığını deyir. Onun sözlərinə görə, hər bir şəxsin anonimlik hüququnu qorumaq lazımdır. “Əgər insan öz fikirlərini öz imzası ilə yox, sadəcə bir vətəndaş kimi bildirmək istəyirsə, bu imkan ona yaradılmalıdır”.

“Bəzən təhqirlə tənqidi ayırmaq olmur”

“Qafqazinfo” saytının baş redaktoru Elbrus Seyfullayev müasir dövrün yaratdığı bu imkandan razı olduğunu bildirdi. Onun sözlərinə görə, şərhlər ictimai rəyin yaradılması, mühitin daha dolğun olması üçün çox önəmlidir.
“Bu imkanı yüksək qiymətləndirirəm”-deyə E.Seyfullayev əlavə etdi.

Şərhlərin anonim yazılmasına gəlincə, E.Seyfullayevin cavabı belədir: “Mən hər zaman nəsə yazanda öz adımla yazmışam, kimsə adını gizlədirsə, bu yaxşı hal deyil. Ancaq indi belə bir imkanlar var, adamlar da öz adlarını gizlədirlər”.
Bunun yaxşı hal olmadığını deyən E.Seyfullayev bildirdi ki, yaxşı olar ki, şərh yazanlar öz adlarından istifadə etsin.

Aanonimliyin yaxşı hal olmadığını qeyd etsə də, baş redaktor bildirdi ki, “Qafqazinfo”da şərhlərin hansı ad altında yazılmasından asılı olmayaraq saytda yerləşdirilir. Amma təbii ki, yazılara baxılır. Söyüşlər, təhqirlər silinir: “Tənqid və tənqidin ağır formasını hər zaman işıqlandırırıq. Hansı adla yazır yazsın”.

Həmsöhbətimizn sözlərinə görə, bəzən tənqidlə təhqiri ayırmaq çətin olur. Çünki elə bir şərh olur ki, onu kimsə özünə qarşı təhqir hesab edir, kimsi də yox.
“Bizim saytda forma var və orda göstərmişik Azərbaycan qanunlarına zidd oan çağırışlar etmək, dini, irqi-ayrı seckiliyə yol verən fikirlər yazmaq olmaz. Bu cür şərhlər gələndə biz onun qarşısını alırıq, ya redaktə edirik, ya da saytda yerləşdirmirik”.

“Bəzən şərhdə informasiya gizlənə bilər”

“Lent.az”ın baş redokturu Qabil Abbasoğlu: “Hesab etmirəm ki, o şərhlərin arxasında konkter şəxslər dayanır. Bu təcrübədən də bəllidir. Bu bütün dünyada belədir. “Nickname” ad altında şərhlər yazılır. Mənim pis və ya yaxşı münasibət bəsləməyimdən asılı olmayaraq, bütün dünya mediasında bundan istifadə edirlər”. 
Q.Abbasoğlu bildirdi ki, hər bir şəxsin fikir bildirmək haqqı var və digər tərəfdən şərhlər ümumi ictmai müzakirələrdə iştirak etmək imkanı yaradır.
Anonim şərhlərə münasibətinin birmənalı şəkildə pis olduğunu söyləyən Q.Abbasoğlu bunları bildirdi: “Əgər media qurumu şərhin anonimliyini sübüt edirsə, o şərhi mən olsaydım yerləşdirməzdim”.
Müsahibimiz əlavə olaraq qeyd etdi ki, hansısa bir şəxsin yazdığı şərhdə infoirmasiya gizlənə bilər. Və media nümayəndələrinin borcu bu məlumatları dəqiqləşdirməkdir.

“Öz adıyla yazıya şərh göndərənlər barmaqla sayılacaq qədərdir”

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı bildirdi ki, şərhlərin yazılması ilkin baxışdan  demokratik məsələ, insanın yazıya öz münasibətini bildirməsi kimi görünür. Bu mənada həmin məsələ təqdir oluna bilər. Onun sözlərinə görə, bu məsələnin başqa tərəfləri də var.
“Bu viziual aləmdə olduğu üçün bu rəyi, şərhi bildirənlər nə qədər məsuliyyət hiss edirlər? Digər tərəfdən burada anonimlik məsələsi varsa, hesab edirəm ki, bu çox çiddi və düşünüləcək bir məqamdır. Anonimlik varsa, hər kəs başqa bir adla e-mail yardıb, hər hansı yazıya münasibət bildirirsə və burada şəxsi münasibətlər üstünlük təşkil edirsə, onda mən burda ədalətlilik görmürəm”.

E.Eyvazlı deyir ki, şərhlər məsələsində Azərbyacan oxucuları ilə digər ölkələrin oxucuları arasında kifayət qədər fərq var. Müsahibimizin sözlərinə görə, başqa bir adla yazıya münasibət bildirilməsi düzgün deyil.
E.Eyvazlı Azərbaycanın internet mediasında şərhlərlə bağlı məsələnin xeyli qarışıq olduğunu söylədi. “Öz adı ilə hər hansı yazıya şərh göndərən oxucular barmaqla sayılacaq qədərdir. Ona görə də belə bir məqamda şərhlərin yerləşdirilməsinin tərəfdarı deyiləm. Biz özümüz də saytımızda şərhlər yerləşdiririk, amma onu da qeyd etməliyəm ki, bizə daxil olan şərhlərin bəlkə də 80-ni yerləşdirə bilmirik. Çünki göndərilən şərhlərin əksəriyyəti ya etikaya sığmır, ya da qarşıdakı insanı təhqir edir. Onları sayta necə yerləşdirək...
Bu məsələlərə nəzarət mexanizmi yoxdur, kiminsə digərinin adından yazı yazması, fikir bildirməsi ən azından vicdan məsələsidir. Mən desəm ki, şərhlərin əleyhinəyəm, yenə məsələ həll olunmayacaq, tərəfdarıyam desəm yenə problem olaraq qalacaq. Hər halda bu kimi məqamların bir dəfəlik həll olunması üçün cəmiyyətimizin üzvlərinin məsuliyyətli olması lazımdır”.

“Yazıya gələn şərhlər etik normaya sığmalıdır”

Mətbuat Şurasının sədri Əflatun Amaşov da mövzuya münasibət bildirdi. Onun sözlərinə görə, bu, dünyanın hər bir yerində qəbul olunmuş qaydadır. Şərhin olub-olmaması fikri mübahisəli məsələdir.
Ə.Amaşovun sözlərinə görə, yazılan şərhlər tərəfsiz və qərəzsiz olmalıdır. “Bəzən insanlar başqa adlardan istifadər edib qeyri-obyektiv şərhlər verirlər, bu cür fikirlər yolverilməzdi, yazıda etik normaya əməl edilməlidir, eləcə də yazıya gələn şərhlər də həmin etik çərcivə gözlənilməlidir. Bu olduqca vacib amildir”.

Bəzən göndərilən şərhlərin yazıdan daha kəskin olduğunu söyləyən Ə.Amaşov anonim yazılan şərhlərə də münasibət bildirdi. Onun sözlərinə görə, bu şərhlərin kim tərəfindən göndərildiyini texniki baxımdan tapmaq olar.
““Azadlıq” radiosu bu yaxınlarda şərhlərlə bağlı yeni qayda qəbul edib. Artıq bu qaydanın tətbiqi imkan yaradacaq ki, şərhlərin kim tərəfindən göndərildiyi arxa planda da olsa, məlum olsun”. 

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi