Modern.az

Turan İmperiyasının tarixi və mahiyyəti - V Yazı

Turan İmperiyasının tarixi və mahiyyəti - V Yazı

Aktual

18 Mart 2017, 11:21

Dos., Dr. Faiq Qəzənfəroğlu


Sovetlər Birliyi dövründə, xüsusilə 1960-1970-ci illərdən başlayaraq antitürk, antiazərbaycan ideyalara qarşı Ziya Bünyadov, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Firudin Ağasıoğlu, Tofiq Hacıyev, Mahmud İsmayılov, Sabir Rüstəmxanlı, Aydın Məmmədov, Altay Məmmədov, Mirəli Seyidov və başqa alimlərimiz milli mövqelərini ortaya qoymuşlar. Onlar bir tərəfdən Ön Asiyanın yerli xalqları olan Kutilərin, Suların, Turrukilərin, Qarqarların eyni zamanda, buraya “gəlmə” hesab olunan kimmerlərin, iskitlərin, sakların türk mənşəli olmalarını qətiyyətlə müdafiə etməyə başlamışlar. Məsələn, dilçi alimimiz professor Qiyasəddin Qeybullayev yazırdı ki, m.ö. 3-cü minllikdən Azərbaycanda yaşayan yerli kutilər, lullubilər, kaslar, turukkilər türk mənşəli etnoslar olub onların birbaşa varisləri olan Manna və Maday m.ö. I minilliyin əvvəllərində tarix səhnəsinə çıxdığı kimi, m.ö. VIII-VII əsrlərdə şimaldan gəlmiş kimmerilər, skiflər (işquzlar) və saklar da türk mənşəli etnoslar olmuşlar. Qədim Azərbaycan ərazisindəki etnoslar arasında prototürklərin aparıcı rol oynamasını müdafiə edən Mahmud İs­ma­yılov dayazırdı ki, m.ö. III minilliyin sonlarında şumer-akkadlarla eyni dövrdə yaşamış olan kutilər, lullubilər, saspirlər (su­barlar-savirlər), kaspilər və ən başlıcası turukkilər türk mənşəli olmuşlar. Sonrakı yuz­illiklərdə türksoylu tayfalar Ön Asiyadan şərqə, Orta Asiya torpaqlarına hərəkət etmiş, bir neçə yüzillikdən sonra isə burada əks miqrasiya olmuşdur. O, matienləri və albanları buna sübut kimi göstərir. Onun fikrincə, qədim dövrdə Azərbaycandan Orta Asiyaya köçmüş matienlər və albanlar burada özbək, qazax, qırğız, türkmən, qaraqalpaq millətlərin təşəkkülündə mühüm rol oynamış və son­ralar öz qədim vətənlərinə qayıtmışlar.

 
Hələ, Sovetlər Birliyi dövründə akademik Ziya Bünyadov da türklərin Azərbaycanın yerli milləti olması nəzəriyyəsini müdafiə etmişdir. Akademik açıq şəkildə yazırdı: “Türkləri Azərbaycan əra­zi­sinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çün­ki onda yerli böyük və çox yığcam türk tayfalarının varlığına göz yumulur”. Maraqlıdır ki, eyni zamanda «yerli türk tay­fa­ları», «türk aborigenləri» ifadələrinə yer verən Ziya Bünyadovun bu mülahizələrini Nailə Vəlixanlı başqa yerə yozmuşdur: «Burada ilk orta əsr­lər­də Azərbaycana gəlmiş türklər nəzərdə tutulur». Fikrimizcə, əgər Ziya Bünyadov «yerli türk tayfaları», «türk abo­rigenləri» dedikdə, Nailə Vəlixanlının başa düşdüyü mə­nada nəzərdə tutsaydı, bunu özü ifadə edərdi. Bizcə, türklərin aborigenliyi ilə bağlı Z.Bün­yadov məlum əsərində, ərəb mənbəyinə istinadən «Azərbaycan qədimdən türklər ölkəsidir» müddəasını da təsadüfən irəli sürməmişdir.


Z.Bünyadov yazır ki, ərəblər VII-VIII əsrlərdə Azərbaycan və Arranı istila edərkən, burada əsas tayfaların hunlar-xəzərlər, yəni türklər oldu­ğu­nu öyrənmişdilər. Ərəb mənbələrində ərəblərin istilasından əvvəl Azərbaycanda türklərin yaşadığı haqqında məlumat da var. Ərəb mənbəyində belə bir rəvayət var ki, ərəb xila­fəti dövründə Xəlifə Müaviyə (661-680) qədim tarixə bələd olan Abid ibn Şariyə adlı yəmənlidən soruşur: “Türklər və Azərbaycan nə deməkdir?”. Abid cavab verir ki, “Azər­bay­can qədimdən türklərin yaşadığı ölkədir”. Z.Bünyadova görə, bu rəvayəti şübhə altına almaq olardı, “lakin 1126-cı ildə farsca tərtib edilmiş imzasız bir əsərdə də həmin rə­va­yə­tə rast gəlirik. Burada belə deyilir: “Azərbaycan qədimdən türklərin əlində olan bir ölkədir”. Bu imzasız əsər müəllifi, Himyari padşahlarından biri olan Raiş haqqında məlumat verərkən deyir ki, bu ölkə türklərin əlindədir”. Z.Bünyadovun fikirlərini ümumi­ləşdirən­də aydın görürük ki, akademik birmənalı şəkildə Azərbay­can xal­qı­nın etnik mənsubiyyətini, dilini, bu xalqın forma­laş­masını türk amili əsasında izah edir və türklərin qədim zaman­lar­dan bu bölgədə məskunlaşması və yerliliyi müddəa­sını irəli sürür. Ən başlıcası odur ki, Z.Bünyadov azərbay­canlıların ulu əcdadlarının türk olduqlarını qeyd edərək, bugünkü azər­baycanlıları «Azərbay­can türk xalqı» adlan­dır­mışdır.


Prof. Süleyman Əliyarlı da yazırdı ki, türklərin Azərbaycan ərazisində yaşamış ən qədim sakinlər olduğunu m.ö. I minilliyin mixi yazılarında olan turukki və turuxi etnik adlar təsdiq edir. Onun fikrincə, turukku adının türk dilindən başqa bir yozumu olmaması onların türk­mənşəli xalq olduğunu sübut edir. Urmu nəzəriyyəsinin, yəni türklərin ilk vətənlərinin Cənubi Azərbaycan olmasının müəllifi Firudin Ağasıoğlu hesab edir ki, “türk” adının ilk forması m.ö. 3-2-ci minilliklərdə burada meydana çıxmış, ilk böyük Türk İmperiyası Qut Eli də Azərbaycanda yaranmışdır. Bu anlamda ilk Türk dövləti və Türk imperiyası kimi m.ö. 3-cü sərin sonu, 2-ci əsrin əvvəllərində meydana çıxmış Hun dövlətini göstərmək qətiyyən doğru deyildir. Onun fikrincə, türklərin ilk atayurdu Ön Asiya, o cümlədən Cənubi Azərbaycan və ətrafı, ikinci atayurdu isə Anadolu, Orta Asiya, Şimali Qafqaz, Altay və digər coğrafiyalar olmuşlar. Bizcə, Türklərin ilk atayurdu Ön Asiya və Orta Asiya, yəni Azərbaycan və Türküstan olmuşdur. Xüsusilə, m.ö. 6-4-cü minillərdə bu ərazilər türk tayfalarının (turuklar/turlar, qutlar, lulubilər, xəzərlər, sakalar/arsaklar, oğuzlar/quzlar, kaslar/kazlar, parflar/pardlar, uyğurlar, hunlar) atayurdları olmuş, Turlar/Türklərin adıyla Turan/Türküstan adlandırılmşdır. Deməli, ilk türklərin vətəni kimi yalnız Azərbaycanı deyil, onunla yanaşı Türküstanı bir sözlə, bütövlükdə isə Turanı görmək lazımdır.


Azərbaycanın qədimdən türklərin vətəni, yəni prototürklərin məskunlaşdığı əsas yerlər­dən birinin Urmiya gölünün cənub və cənub-şərqi olmasını, hətta m.ö. III minilliyin I yarısında  bu ərazilərdə Aratta ölkəsinin mövcud olmasını iddia edən tarixçi alimlərimizdən Yusif Yusifov  buranın yerli əhalisinin prototürk­lərin olmasına əsas sübutlardan biri kimi m.ö. III-II minilliklərdə bu əra­zidə yaşayan turukkuları, Tu­rukkum ölkəsini göstərmişdir. Y.Yusifov yazır ki, turukku etnonimi «türk» tayfa adının erkən for­ması olmuşdur: «Erkən orta əsr yaddilli qaynaqlarda «türk» adı ilə yanaşı «turukka» (hind qaynaqları), «ttrruki» (Xotan mənbələri), «druq//druqi» (Tibet qaynaqları) formaları işlədilmişdir. E.ə. II minillikdə akkad mixi yazıları etnoni­min erkən, «turukki, turuki» formasını saxlamışlar. Bu də­lil­lər onu göstərir ki, e.ə. III-II minilliklərdə Azərbaycan əra­zilərində türk etnosları yaşamış və onlar o dövrün siyasi hadisələrində yaxından iştirak etmişlər. Beləliklə, Azər­bay­ca­nın ən qədim sakinlərindən biri prototürklər olmuş və onlar hələ biri digə­rin­dən fonetik cəhətdən çox da fərqlən­mə­yən ümumtürk dilində danışmışlar. Lakin bu dövrdə qərb və şərq türk dil­lə­rini səciyyələndirən bir sıra fonetik əvəz­ləmələr artıq ya­ran­mışdı. Fərz etmək olar ki, proto­türk­lər bu zaman nəin­ki qə­d­im Azərbaycanın, eləcə də Anadolu yarım­ada­sı­nın və Orta Asiyanın sakinləri olmuş və tədricən şimala doğru hərəkət etmişlər». Manna dövlətini də Kutilərin, Turukkilərin, Subarların davamı sayan Yusifova görə, m.ö. VIII əsrin sonu – VII əsrin əvvəlində Azərbaycana şimaldan “gəlmiş” Kimmer, skit və saklar  da Türksoylu olub yerli əhali ilə dil qohumluğuna görə Man­na­da və Arazın şimal hissəsində məskunlaşmış­dılar.


Qərb alimlərinin çoxunun iddia etdiyi kimi yerli lulubilər, kutilər, subarlar, qıpçaqlar, qarqarlar, kəngərlər, mannalılar Qafqaz-Hurri mənşəli deyil Türk mənşəli olduğu qədər, eyni zamanda kimmerlər, iskitlər, saklar da onlar qədər arilər/iranlılar kimi “gəlmə” yox yerli olub Türk soyludurlar. Demək istədiyimiz odur ki, kimmerlər, iskitlər, sakları heç də İranlılar kimi guya, Ön Asiyaya, o cümlədən Azərbaycana “gəlmə” etnoslar hesab etmək doğru deyildir. Unutmaq olmaz ki, məhz bu amildən yararlanaraq Qərb alimləri iddia edirlər ki, arilər/iranlılar kimi kimmerlər, iskitlər və saklar da aşağı-yuxarı həmin dövrlərdə ilk dəfə Ön Asiyaya, o cümlədən Böyük Azərbaycana gəlmişlər. Bu, tamamilə yanlış və əleyhimizə işləyən mülahizədir. Bizcə, kimmerlər, iskitlər, sakalar Turan İmperiyasının aparıcı etnosları olub iranlılar/arilər Ön Asiyaya gəlməmişdən çox-çox öncə Azərbaycan da daxil olmaqla Qafqazın böyük bir hissəsində, bir sözlə Ön Asiyada yaşamışlar.


İlk dövrlərdə Turanın İrandan/Aryandan qədimliyini, eyni zamanda Türklərin Ön Asiyanın yerli milləti olmasını bəzi Qərb alimləri, o cümlədən də ingilislər, fransızlar, amerikanlar və başqaları da etiraf etmişlər. Məsələn, həmin dövrün ingilis-amerikan alimi Nikela Qrablisə görə, Turan haqqında tədqiqatlar genişləndikcə bəlli olur ki, Turanın əsas mərkəzi Azərbaycan olmuş, iranlılarla ilk müharibədə Azərbaycan türkləriylə olmuşdur. N.Qrablis “Şərq məsələsi”  adlı kitabında yazırdı ki, Türklərin iranlılardan ya  da arilərdən daha öncə Azərbaycanda sakin olmaqları, iranlıların isə bu əraziyə gəlmə olduqları barədə dəqiq, sabit sübut və dəlillər vardır. Başqa bir ingilis alimi professor Says isə yazırdı: “Turanilər bu böyük mədəniyyətin əsasını vəz etdilər, məqsəd növi-bəşərin mədəniyyət övliyasıdır ki, əgər iranilər onu məhv etməsəydilər, bizə ondan böyük yadigarlar qalacaqdı”.


Deməli, e.ə. II minilliyin sonu – e.ə. I minilliyin əv­vəl­lərindən başlayaraq irandilli tayfaların Ön Asiyaya və Orta Asiyaya axını nə­ti­cəsində qədim türklərinin özünümüdafiə etməsi zəruri olmuşdur. Əvvəlcə, Turan-Saka imperiyası olaraq irandillilərlə qarşı birgə savaşan turanlılar, imperiya nisbətən zəiflədiyi dövrlərdə Manna, Midiya, Xə­zər (Kaspiana), Massaget çarlığı olaraq düşmənə qarşə mübarizəni davam etdimişlər. Bu anlamda kutilər, lullubilər, sular//suvarlar, qarqarlar, xə­zər­lər/azlar, turukkilər, al­ban­lar//aranlar və başqa yerli Türk etnoslarından təşəkkül tapmış Manna dövlətinin m.ö. 9-cu əsrdən etibarən Assuriya, Urartu ilə yanaşı sonralar Aryanlara (Parsua) qarşı da mübarizə aparmaları təbiidir. Eyni zamanda e.ə. VIII-VII əsrlərdə yenidən toparlanan Turan-Saka imperiyasına aid kimmerilər, iskitlər/sakların da ümumi düşmənə qarşı mübarizədə Manna dövlətinə yardım etməyə başlamaları təsadüfi sayıla bilməz. Hər halda kimmeri, iskit/sakların heç bir problem olmadan Manna-Azərbaycan əhali­si ilə qay­na­yıb qarışması isə onların soyköklərinin eyniliyi və əvvəllər Turan imperiyasının tərkibində yerdə yaşamaları ilə bağlı olmuşdur. Sakaların/turanlıların hökmdarının «sak və kuti ölkələrinin hökmdarı» titulunu daşıması bu yaxınlığa işarə­dir, eyni za­man­da Assuriyaya qarşı mübarizədə mannalılarla kim­me­rilər, iskitlər/saklar arasındakı mütəffiqlik də bu amildən qaynaqlanmışdır. Bu fikri təsdiq edən faktlardan biri də, bəzi mətnlərdə iskitlərin/skiflərin Manna ölkəsinin qədim sakinləri adlandırılmasıdır. Deməli, mannalılarla sakalar öncədən Turan-Saka imperiyasının tərkib hissəsi olmuş, irandilli tayfaların Ön Asiyaya və Orta Asiyaya yürüşü zamanı imperiya nisbtən zəifləmiş, bunun nəticəsində də yeni türk dövlətləri ortaya çıxmış, çox keçmədən də yenidən toparlanan turanlı sakalar manallılara dəstək verməyə başlamışlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı