Modern.az

Azərbaycanlı alimin  dünyanın qlobal problemi ilə bağlı Almaniyada kitabı çıxıb

Azərbaycanlı alimin  dünyanın qlobal problemi ilə bağlı Almaniyada kitabı çıxıb

28 Mart 2017, 23:45

Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspevtiklər

 

Milli Məclisin Aqrar-siyasət komitəsinin sədr müavini, Kooperasiya Universitenin rektoru Eldar Quliyevin Almaniyada  “Global Food Security” (Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspevtiklər) adlı kitabı nəşr edilib.

 

E. Quliyev Modern.az-a açıqlamasında bildirib ki, kitabın üzərində 3 ilə yaxın işləyib.

 

 “Bu kitab yalnız Azərbaycan üçün deyil. Kitab sırf dünyadakı ərzaq təhlükəsizliyi ilə bağlıdır. Burada dünyada baş verən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, qida çatışmazlığı, dünya əhalisinin ərzaq təchizatı ilə bağlı hazırki vəziyyət, dünya ölkələrində aclığa qarşı mübarizə, G-20-nin və Böyük 8-liyin bu məsələlərlə bağlı qərar və tövsiyələri, BMT-nin bu sahədə apardığı işlər və s. kimi məqamlar öz əksini tapıb.  Torpaqdan səmərəli istifadə edilməsi, məhsuldarlığın artırılması, yeni toxum növlərinin yetişdirilməsi kimi problemlərə də toxunulub”.

 

Eyni zamanda azərbaycanlı alim kitabda müəyyən təkliflərlə də çıxış edib. Onun təklifləri nəzərə alınarsa, bundan bütün dünya yararlana bilər.

“Hazırda dünyada 1 milyarda yaxın insan aclıqdan əziyyət çəkir.  Xüsusən Afrika, Cənubi Amerika, Yaxın Şərqdə belə hallar geniş miqyas alıb. Somali, Liviya, Suriya, Yəmən kimi ölkələrdə bu sahədə vəziyyət acınacaqlıdır. Yaxın Şərqdə baş verən son olaylar, müharibələr, terror hadisələri, insanların qaçqın və köçkün şəraitində yaşamaları dünyanı ərzaq təhlükəsizliyi ilə bağlı təhdid edən məsələlərdir və bunlara kitabda geniş yer verilib”.

 

Müəllif bildirir ki, bu gün bir çox ölkələrdə hər şey normal olsa da, dünya səviyyəsində ərzaq təhlükəsizliyi ilə bağlı baş verəcək problemlər həmin ölkələrə də birmənalı olaraq təsir edəcək: “Hər bir ölkə bu vəziyyətdən zərər çəkəcək. Kitabda bu kimi çox vacib məsələlər araşdırlıb”.

 

Bu kitabın nədən ilk olaraq xarici dildə çap edilməsinə gəlincə, deputat bildirib ki, ərzaq təhlükəsizliyi yalnız Azərbaycanla bağlı məsələ deyil.

 

“Hətta mən deyərdim ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu kimi məsələlərdə daha  üzüağdır. Bizdə ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur. Məsələ ölkə rəhbərliyinin diqqətindədir.

 

Ancaq ərzaq təhlükəsizliyi bütün dünyanın problemidir. Kitabda həmçinin 2008-ci ildə dünyada baş verən maliyyə böhranı da yer alıb. Maliyyə böhranından insanlar çıxa bilər, amma burda aclıq daha ciddi təhlükədir. Və bu durum insanların daha çox xəstəliklərə düçar olmasına gətirib çıxarır. Ona görə də biz bunu qlobal miqyaslı təhlükə mənbəyi hesab edirik”.

 

Kitabın təqdimatına toxunan rektor bildirib ki, təqdimat bu ilin yayında Almaniyada olacaq.

 

“Sentyabr-oktyabr aylarında isə kitab Azərbaycan dilində çap ediləcək və Bakıda təqdimatı keçiriləcək. Kitaba xüsusu grift (İSBN978-3-96014-246-1) alınıb.

 

Kitab 1000 nüsxədə çıxıb. İlk olaraq Avropa və ABŞ-da elmi kitabxanalara paylanacaq və online satışda olacaq.

 

Deputat kitabla bağlı 3 tövsiyyənin olduğunu qeyd edib.

 

Almaniyanın Cologne şəhərində işıq üzü görən kitaba bu ölkənin Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının prezidenti Heyrəddin İvgin müsbət rəy veriblər. Almaniyalı professor Hermann Larinin kitabla bağlı müsbət rəyi var.

 

Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?