Modern.az

Bakıda yeni konsepsiyalı ilk kompleks kitabxana açılıb

Bakıda yeni konsepsiyalı ilk kompleks kitabxana açılıb

28 Mart 2017, 20:14

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS-nin 1 saylı filialının M.Şəhriyar adına kitabxananın rekonstruksiyadan sonra açılışı olub. Mədəniyyət və Turizm Nazirliyindən Modern.az-a verilən məlumata görə, kitab evi tərzində qurulan yeni nəsil kitabxananın əsas ideyası 5 minə yaxın yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi, oxucuya sərbəst seçim imkanın verilməsi, həmçinin əhalinin hər sahədə daha geniş məlumat əldə etməsidir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Ədalət Vəliyev və Vaqif Əliyev , Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev və müavini Arzu Məmmədova, Milli Məclisin deputatı Fazil Mustafa, mədəniyyət işçiləri və media nümayəndələri iştirak ediblər.

Ə.Qarayev çıxışında qeyd edib ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü ilə yaradılan müasir kitabxana kompleksi qəsəbə sakinlərinin və gənclərin asudə vaxtlarının mənalı keçirmələrinə xidmət edəcək, dünya ölkələrində tətbiq edilən bu ideya artıq Bakının Sabunçu qəsəbəsində ilk olaraq reallaşdırılıb və 2017-ci ilin sonuna qədər paytaxtın bir neçə rayonlarında da kompleks kitabxanaların açılışı nəzərdə tutulub.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və deputat Fazil Mustafa kitab evinin qəsəbə sakinləri üçün çox əhəmiyyətli olduğunu vurğulayıblar.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq