Modern.az

“Oyunlar zolağı”nın çəkilişinə başlanılır

“Oyunlar zolağı”nın çəkilişinə başlanılır

Aktual

29 Mart 2017, 16:05

“Azəravtoyol” ASC tərəfindən 12-22 May 2017-ci il tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.

 

Bu haqda Modern.az-a məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospekti “Azneft meydanı”ndan başlanılır.

“Bu məqsədlə axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin “Azneft meydanı”ndan Əl Oyunları İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılacaq”.

Onun sözlərinə görə, “Oyunlar zolağı”nın Neftçilər prospektinə (“Azneft meydanı”-“Bayraq meydanı”), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Azəravtoyol” ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

 

Gülşən RAUFQIZI

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı