Modern.az

Azərbaycanda "Dədə aşıq"lar varsa, "Nənə aşıq"lar niyə yoxdur...

Azərbaycanda "Dədə aşıq"lar varsa, "Nənə aşıq"lar niyə yoxdur...

31 Mart 2017, 09:35

Azərbaycan aşıq sənəti tarixində bir çox kişi aşıqlarımız “Dədə”, “Ozan” və s. kimi adlarla tanınıblar. Türk düşüncə sistemindən, milli yaddaş qatından faydalanan aşıqlar daha çox “Dədə”, irfani dünyanı təcəssüm edənlər isə “Baxşı” adlandırılıb. Bu, təbii ki geniş söhbətin mövzusudur. Amma əsası odur ki, aşıq sənəti tariximizdə Dirili  Dədə Qurbani,  Dədə Qasım (Xəstə Qasım), Dədə Ələsgər, Dədə Şəmşir kimi bu “rütbəni” daşıyan xüsusi aşıqlar da olub. Bu ad bir növ Dədə Qorquddan qalan əmanət kimi böyük məsuliyyətə sahibdir. “Dədə” adının sonuncu nümayəndəsi Aşıq Şəmşir sayılır.

Bəs qadın aşıqlarımız niyə hər hansı təşbeh, ifadə ilə niyə adlandırılmırlar? Azərbaycan aşıq sənəti tarixində sayları kişilərdən az olsa da, xüsusən, XIX-XX əsrlərdə xeyli qadın aşıqlar bu sənəti yaşatdı. Aşıq Pəri, Aşıq Bəsti, Aşıq Nabat, Aşıq Savad, Dilarə və Gülarə Azaflılar və başqaları saz sənətinə xidmət etdilər. İndikilərin də adını yəqin, bir çoxlarımız bilirik.  Diqqət etdinizsə, hamısının adlarının əvvəlində eləcə “aşıq” sözü işlənir. Bəs, onların qadın, ana kimi yüksək keyfiyyətini özündə əks etdirən hər hansı ifadə ilə çağırılması olmazmı?


Modern.az
saytının bu barədə müraciət etdiyi alim, Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin rəhbəri, Aşıqlar Birliyinin idarə heyətinin üzvü Elxan Məmmədli məsələyə fərqli rakursdan yanaşıb. Onun fikrincə, Azərbaycan aşıq sənəti tarixində qadın aşıq ənənəsi formalaşmayıb. Dastan yaradan, söz qoşan aşıqlarımız demək olar ki, yoxdu:

“Əslinə qalanda mən onların heç birisin qəbul etmirəm. “Aşıq Pəri” deyirlər, amma o, aşıqlıq etməyib. Klassik ədəbiyyatla məşğul olub, qəzəlini, qoşmasını yazıb. 1920-30-cu illərdə Tovuz-Qazax diyarında aşıqları yanına alıb məclislərə aparıb.

İndi görürsünüz də, maşallah, sayları çoxdu. Qadın anadı, qadın böyük varlıqdı. Amma məclisə daxil olub, oranı idarə etnək, sazla  durub dastan demək qadının işi deyil. Azərbaycan aşıq sənəti tarixində bu ənənə olmayıb. Bu, çox geniş söhbətdir. Kimisə incitmək, xətrinə dəymək də düzgün deyil. Amma mən bunu qəbul etmirəm.

1965-ci ildən bu yana aşıqlıq sənətinə aid yazılarım yazıb, 1969-cu ildən bu günə qədər isə radio-televiziyalarda verilişlər hazırlamışam. Amma aşıq sənəti tarixində bu ənənə hələ formalaşmayıb. Müəyyən qədər şeir bilib, onu sazda ifa edən  qadınlar olub. Amma qadınların söz qoşmaq, dastan yaratmaq ənənəsi olmayıb axı”.


E.Nazimoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür