Modern.az

Aprel döyüşlərində şəhid olan Milli Qəhrəmanın doğum günüdür

Aprel döyüşlərində şəhid olan Milli Qəhrəmanın doğum günüdür

31 Mart 2017, 12:02

Bu gün – 31 mart tarixi Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin mərhum zabiti Murad Mirzəyevin doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, Murad Mirzəyev 2016-cı il aprelin 4-də Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Zabitin nəşi həlak olandan bir neçə gün sonra - aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib.

Murad Mirzəyev 2016-cı il aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.


Şəhid Murad Mirzəyev 1976-cı ilin 31martında Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmağa can atan Mirzəyev atasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991-1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib.
 

Murad Mirzəyev Azərbaycan Ordusunun zabiti kimi Amerika Birləşmiş Ştatları, Rumıniya və İordaniyada keçirilən hərbi təlimlərdə iştirak edib.

 

Murad Mirzəyev 2004-cü ildə  ailə həyatı qurub. Şəhidin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

 

2016-cı ilin mayında Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir