Modern.az

Ölümdən qazanırlar

Ölümdən qazanırlar

31 Mart 2017, 12:31

Hidayət Elvüsal


Müharibələr, işğalçılıq yalnız qan tökmək deyil - qazanc mənbəyidir. İllah da bugünkü savaşlar çoxlarının ciblərini, mədələrini doldurur. Uzun illər, əsrlər boyu məzlum xalqları əzən, sərvətlərini sümürüb aparan, özünə əsrarəngiz sənaye, kənd təsərrüfatı, siyasi üstünlük qazanan ABŞ və Avropa yeyib sərf etdiyinin yerini yenidən doldurmağa can atır. Yaxın Şərqin indiki şəkillənməsi də buna xidmət edir.

Ən adi misallar gətirək. Əfqanıstan münaqişəsi bitib-tükənmək bilmir. Gah Rusiya, gah da ABŞ bu ölkəni altını üstünə çeviriblər. Gülünc bir bəhanə - demokratiya uydurması ilə. Bu ölkənin strateji mövqeyi bir yana, təkcə narkotik maddə beşeyi olması hər kəsin diqqətini çəkir, ağzını sulandırır. ABŞ-ın işğalından sonra Əfqanıstanda narkotika istehsalı ən azı 3-4 dəfə artıb. Dünyanın ən güclü narkobaronları işğalçı ordulara həsəd aparır. Narkotik vasitələr hərbi təyyarlərlə daşınıb, bütün dünyaya ixrac olunur.

Müharibələr, işğallar silah mafiyasının da ən gəlirli qazanc yeridir. Diqqət edin, münaqişə ocaqlarında rus, amerikan, israil, ingilis… silahları sel kimi aşıb-daşır. Terror dəstələrinin əlində hər cür silah görünməkdədir.

İşğal olunmuş ölkələrin əhalisi qaçqın vəziyyətinə düşür. İnsanlar bir neçə mafioz qrupların əlinə keçməkdədir. Gənc qızlar fahişəliyə cəlb edilir. Bəziləri isə orqan mafiyasının əlində çırpınır.

İndi diqqət edin - narkotika, fahişəlik, silah satışı, orqan transferi… işğalçı ölkələr əsl mafiya təfəkkürü və hərəkəti ilə diqqətləri cəlb edir. Deməli bütün müharibələrin arxasında mütləq və mütləq möhtəşəm mafioz ailələr və Dərin Dövlətlər var.

Ölkələrin digər sərvətlərinin, tarixi əsərlərinin, var-dövlətinin göz önündə talanması adi hal alıb. Xatırlayın, İraqda bakterioloji silah var - bəhanəsi ilə ölkəni darmadağın edən ABŞ və Qərb, bütün bunların yalan olduğunu etiraf etdilər. Nəinki hərbçilər, mafiozlar, hətta həmin ölkələrin jurnalistləri də İrandan əntiq əşya oğurlanmasında iştirak etdilər. Səddam Hüseyn fil sümüyündən hazırlanmış pianosunun bu gün kimin əlində olması çox maraqlıdır. Və bu gün azı 3-4 yerə parçalanmaqda olan İraq bir dövlət kimi süqut etməkdədir. Suriyanı da buraya əlavə etmək yerində olar.

Ən maraqlısı da var. Həmin ölkələrin jurnalistləri kifayət qədər pul qazanırlar. Onların reportajları, yazıları, fotoları çox baha qiymətə alınır.

“Hollivud” da qazanır. Amerikan əsgərini qəhrəman, humanist (?!), yazıq (?!), bəşəri  hisslər sahibi (?!) kimi təqdim etməkdən yorulmur. Savaş filmləri bütün dünyanın ekranlarını işğal edir. İşğalçı əsgərlər məlum epizodlarda həzin musiqi müşayiəti ilə təqdim olunanda, bədbəxt müsəlman da göz yaşlarına boğulur. Arvadlar Coniyə, Toniyə… az qala yas tutub, ağı deyirlər. Bax, onlar İslam dünyasını dişlərinə vurublar, buna görə də utanmadan, həyasızcasına belə hərəkətlərdən, təqdimatlardan çəkinmirlər.

Və həm də… süni-şiə ayrıçılığı salan, ermənini, yezidini… qucaqlayıb, bağrına basanların… türkün sinəsindən basıb, geri itələmələri də göz qabağındadır. Gecə-gündüz bağıra-bağıra düşük-düşük, səviyyəsiz, əbləh… çıxışları ilə insanda ikrah hissi doğuranlar… o işğalçılardan da betərdir. Arvadların başını bərk-bərk örtüb, ölkənin sərhədlərini hər cür qüvvələrin keçidinə açıq qoyanlar… Vətən namusunun nə olduğunu bilmirlər. Evində pələng kimi kükrəyib, qonşuda pişik kimi miyoldayanlar işğalçıların ən önəmli yardımçılarıdır. Və bu miyoldayanlar öz övladlarını var-dövdət içində yaşadıb, millətin övladlarını qırğına verməkdən çəkinmirlər. Çünki…

Bunların özləri də… işğalçıdır. Bunlar da qanla bəslənən vampirlər, satqınlardır.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı