AŞPA-nın yaz sessiyasının ikinci hissəsində Lüksemburqlu deputat An Brasör tərəfindən hazırlanmış “Mədəniyyətlərarası dialoqun dinlərarası dialoq müstəvisi” adlı hesabat ətrafında aparılan müzakirələr zamanı Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib. Modern.az deputatın çıxışını təqdim edir.
“Mən əvvəlcə məruzəçini və müxtəlif dini icmaların təmsilçilərini hərtərəfli və dolğun çıxışlarına görə təbrik edirəm.
Avropa məkanında və ümumiyyətlə dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması bizi ciddi narahat etməlidir. Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Doğrudur, bu isiqamətdə din xadimlərinin, dini icmaların üzərinə çox böyük yük düşür. Amma siyasətçilərin, mətbuat və mediyanın, qeyri-hökumət təşkilatlarının da üzərində böyük yük düşür. Məsələn elə Avropa məkanını götürsək görərik ki, bəzi ölkələrdə bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu prosesi dünyanın müxtəlif böləgələrində də görə bilərik.
Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır.
Doğrudur, Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual və ən populyar mövzulardan biridir. Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır.
Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırdı. Harada və kim tərəfindən törədilməsinə baxmayaraq biz bu cür halları, müqəddəs dini kitabların yandırılmasını, təhqir edilməsini qətiyyətlə pisləməliyik. Dini inancımızdan asılı olmayaraq hər birimiz. Təssüf ki, biz bunu görmürük. Həmin hadisədən sonra nə baş verdiyini xatırlayaq. Bir radikallıq başqa bir radikallığa səbəb oldu və biz bunun şahidi olduq.
Biz unutmamalıyıq ki, biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik. Ona görə də müxtəlif dinlərə və etnik qruplara məxsus insanların biri-birinə sadəcə dözümlü yanaşması, tolerantlıq göstərməsi kifayət deyil, dünyanın gələcəyi üçün biz oların biri-birinə hörmət etməsi üçün çalışmalıyıq. Biz mədəniyyətlər və sivilizasiyalar arası dialoqun vacibliyini böyüyən uşaqlarımıza ailədən, məktəbdən başlayaraq başlayaraq öyrətməliyik.
Unutmamalıyıq ki, dözümsüzlüq qarşıdurmanı, çatışmanı və ağır faciələri doğurur. Dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanının nələrə səbəb olduğunu görməmiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq. Mənim xalqım bu bəlalardan əziyyət çəkmiş bir xalqdır. Məhz bunun nəticəsidir ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandan öz ev-eşiyindən qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 20 mindən çox insanı qətlə yetirdi, 1 milyon insanı öz ev-eşiyndən didərgin saldı, azərbaycanlılara məxsus camilər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi. Biz bu cür hadisələrdən dərs çıxarmalı və dözümsüzüyün, ksenofobiyanın nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı sərt mübarizə aparmalıyıq.
Mənim ölkəm Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq Mədəniyyətlər və Sivilizasiyalararası dialoqa böyük önəm verir. İki gün bundan əvvəl Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gəlmiş 500-dən artıq din xadimi, siyasətçi, mətbuat və mediya nümayəndəsi, qeyri-hökumət təşkilatları, elm xadimlərinin iştirakı ilə Ümumidünya Mədəniyyətlərarası Dialoqa Forumu keçirildi və burada Mədəniyyətləraası dialoqa önəmli tövhə verəcək müzakirələr aparıldı və qərarlar qəbul edildi.
Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Keçən il ölkəmizdə dünya dini liderlərinin Bakı sammiti keçirilmişdir. 2009-cu ildə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir. 2008-ci ildə bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilmiş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir.
Bu gün dünyanın gələcəyini düşünən hər kəsin üzərinə böyük yük düşür”.