Modern.az

Kəlbəcərin işğal günü kəlbəcərlinin evini dağıdacaqlar

Kəlbəcərin işğal günü kəlbəcərlinin evini dağıdacaqlar

1 Aprel 2017, 12:48

İsgəndərovlar ailəsinə deyiblər ki, gedin Ermənistandan Kəlbəcəri istəyin, qoy sizə ev versin.

 

Göygöldə  Kəlbəcərdən olan məcburi köçkün ailəsinin evini sökülür.

 

Bu barədə BakiPost.az-a ailənin başçısı Akif İsgəndərov məlumat verib. Bildirib ki, 2009-cu ildə Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi ev icra başçısıyla bələdiyyə arasındakı problemlə görə sökülür: "Həmin ildə pul verib Göygöl rayon Xanlar qəsəbəsindən 8 sot torpaq almışam. Torpaq da mənə sənədlə verilib. Elə 2009-cu ildə də ev tikmişəm. Artıq 5 ildir ki, həmin evdə yaşayırıq.

 

İndi bələdiyyə ilə icra hakimiyyəti arasında hansısa problem yaranıb. Aralarında pul davası var. Ona görə də bələdiyyə mənim evimi sökdürür”.

 

Zərərçəkənin sözlərinə görə, icra nümayəndələri aprelin 3-nə kimi evdən çıxmaları üçün onlara vaxt qoyub: 

"Problem yaranandan sonra Gəncə şəhər Məhkəməsinə müraciət etdim. Məhkəmə mənim xeyrimə qərar çıxartdı ki, ev sökülməsin. Amma sonradan onlar Ali Məhkəməyə verdilər. Təzyiqlər nəticəsində məhkəmə onların xeyrinə qərar çıxartdı. İcra işçiləri mənə 2 gün vaxt qoyublar. Deyirlər çıxmasan da evi sökəcəyik. Aprelin 3-ü sonuncu gündür.

 

Mən də orada yüz əziyyət hesabına ev tikmişəm. Niyə sökürlər? Hətta mənə sığınacaq belə vermirlər. 2 körpə uşaqla ailəmi çölə atırlar. İcra işçilərinin də əlində məhkəmənin qərarı var. Ona görə də evi sökməyə ixtiyarları var. İcra başçısı və bələdiyyə isə heç bir tədbir görmür.

Əgər belə idisə, niyə mənə vaxtında icazə verirdilər evi tikməyə? Qonşuluqda o qədər sənədsiz ev tikənlər var. Onların evləri sökülmür. Amma mənim evimi sökürlər. Niyə sökdüklərini də demirlər. Bir ailəni çöldə qoymaq bu qədər asandır?”

 

A.İsgəndərov məsələ ilə bağlı prezident İlham əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladıqlarını qeyd edib.

 

İsgəndərovlar ailəsi ölkənin rəhbər şəxslərindən onlara kömək etmələrini xahiş ediblər: "Cənab prezident məcburi köçkün ailələri üçün evlər tikdirir, onların şəraitinin yaxşılaşdırılması üçün tapşırıqlar verir. Birinci vitse-prezident məcburi köçkünlərin məsələsini diqqətdə saxlayır.

Amma yerlərdəki nümayəndələr biz köçkün ailələrinə qan uddururlar. İmkan vermirlər öz pulumuzla tikdiyimiz evimizdə rahat yaşayaq. Bizi hansısa davanın qurbanı edirlər. Deyirlər, gedin Ermənistandan Kəlbəcəri istəyin, qoy sizə ev versin. Bizi öldürməkdən betər ediblər. Belə getsə, evə od vurub içində ailəm və özümlə birlikdə yandıracağam”.

 

Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi məsələ ilə bağlı BakiPost.az-a açıqlamasında bildirib ki, ev Ali Məhkəmənin qərarı əsasında sökülür: "Həmin şəxs kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşayış evi inşa edib. Ona görə də qərar verilib ki, ev sökülsün. Bu da Ali Məhkəmənin qərarıdır”.

 

İcra nümayəndəsi "bəs icra hakimiyyəti kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ev tikilməsinə niyə icazə verib” sualına israrla "Ali Məhkəmə sökülməsinə qərar verib” cavabını verdi.

P.S. Araşdırmalar davam edəcək.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər