Modern.az

Aprel doyüşləri Ermənistanı dərin hərbi-siyasi böhrana gətirib çıxardı

Aprel doyüşləri Ermənistanı dərin hərbi-siyasi böhrana gətirib çıxardı

Aktual

1 Aprel 2017, 17:37

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı  İcmasının Əlaqələndirmə Şurasının Sədri,  Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov

 

2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox  mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi və  Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdil.  Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi.

 

Nəticədə, 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

2016-cı il noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidenti İlham Lələtəpə əməliyyatını bizim şanlı tariximiz adlandırmışdır: “Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir”. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, “biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytarmışıq”.

 

Bu siyasətin məntiqi davamı olaraq yanvarın 24-də Azərbaycan Prezidenti "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamışdır. Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Bütün bunlar onu gostərir ki,  aprel döyüşləri ilə mühüm hərbi qələbənin, Cocuq Mərcanlı kəndinin bərpası ilə böyük qayıdışın başlanğıcı qoyuldu.

 

Bununla yanaşı,  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin dövlətimizin xarici siyasətində mühüm prioritet istiqamət olduğunu hər zaman vurğulayan dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdir: “...Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Çox qürurverici haldır ki, hazırda Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının işğaldan azad edilmiş hissəsində Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edilmişdir. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar. Dövlət başçısının düşünülmüş siyasəti və prinsipial movqeyi onu göstərir ki, biz nəinki Cocuq Mərcanlıya, eləcə də Daglıq Qarabağa, Xankəndinə, Xocalıya və Şuşaya qayıdacagıq!

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşdə bu gün Ermənistan rəhbərliyinin aprel hadisələrindən dərs çıxarmadlgını və yenə də öz təxribatçı fəaliyyətini davam etdirdiyini bildirdi: “...Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək”.

 

Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdiyini bildirən Ali Baş Komandan Ermənistanın siyasi rəhbərliyinin son danışıqlarına diqqət çəkərək bəyan etdi ki, biz nəyi etmək istəmişiksə, onu da etmişik, əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq: “...Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq”.

 

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycan ərazi bütövlüyü danışıqların mövzusu ola bilməz” fikrini irəli sürməsi ölkəmizin ərazi bütövlüyü  təmin olunmaqla münaqişənin ədalətli şəkildə  həll olunacağı ilə bağlı ümidləri daha artırmışdır. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq  normaları  ilə  təsdiq edildiyini vurğulamışdır: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq!”

 

Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Novruz bayramı münasibətilə ümumxalq şənliyində Ermənistannın xarici yardımsız yaşaya bilmədiyini diqqətə çəkərək demişdir: “Əgər aprel döyüşlərinə qədər onlar öz mifoloji fəaliyyətlərində müəyyən dərəcədə uğurlar qazana biliblərsə, aprel döyüşləri onların təbliğatına ciddi zərbə vurub, erməni cəmiyyətini sarsıdıb. O sarsıntının fəsadları bu günə qədər orada hiss olunur. Aprel hadisələri orada dərin hərbi və siyasi böhrana gətirib çıxarıb”.

 

Bunun, hələ qısamüddətli döyüşlər olduğunu bildirən dövlət başçısı, təcavüzkar Ermənistan rəhbərliyinin bu hadisədən düzgün nəticə çıxarmasının vacibliyini qeyd edərək demişddir ki, biz torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacaq və nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik: “…Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır