Modern.az

Həmişə yeri görünəcək insan

Həmişə yeri görünəcək insan

Aktual

3 Aprel 2017, 18:40

Aprelin 4-ü  Maliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin sabiq müdiri, mərhum Mərdan Mərdanovun doğum günüdür. Martın 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən mərhumun anadan olmasından 65 il ötür. Modern.az M.Mərdanovun xatirə günündə, mərhumu yaxından tanıyan insanların onunla bağlı düşüncə və xatirələrini təqdim edir. 

 

Mahir Abbaszadə, Laçın rayonundan millət vəkili:

- Mən Mərdan Mərdanovu və onun ailəsini yaxından tanıyırdım. Mərdan müəllimin qardaşı Elbrus Təhməzov vaxtilə Laçın rayonunun deputatı və rayon icra hakimiyyətinin başçısı olub. Mərdan müəllim rayon ictimaiyyəti arasında çox böyük nüfuza malik olan şəxs idi. Azərbaycan maliyyə sektorunda sözünü demiş və etimad qazanmış insanlardan biri olub. Mərdan müəllim mənim hafizəmdə həm vətənpərvər şəxs, həm də gözəl ailə başçısı kimi qalıb. Həmçinin, Mərdan müəllimin övladlarının hamısı ali təhsilli olmaqla yanaşı, həm də ölkəmizdə  kifayət qədər nüfuz qazanıblar. Onlar Laçın rayonunda  ən adlı-sanlı nəsillərdən birinin nümayəndələridir.

Mərdan müəllimin səhhətində problem yaranmışdı və o, uzun müddət xəstəxanada müalicə alırdı. Müalicə aldığı müddətində Mərdan müəllimə baş çəkmiş, ona Allahdan şəfa diləmişdim. Amma nə etmək olar. Allahın yazdığı bir ömür var. Mərdan müəllimin ölümü hər birimizi bərk sarsıtdı. Bu itki el-obamız üçün  çox böyük itkidir. Hesab edirəm ki, Mərdan müəllimin həmişə yeri görünəcək.

 

Cavanşir Yusifov, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi:

- Biz Mərdan müəllimlə uzun zaman kəsiyində bir yerdə işləməklə bərabər dostluq etmişik. Tez-tez görüşər və dünyanın gərdişindən danışar, uzun sürən söhbətlər edərdik. Mən Mərdan qardaşımızın sağlığına söz deməyə öyrənmişəm, onun ölümü ilə əlaqədar yox. Mərdan müəllim həqiqətin carçısı, obyektivliyin və düzgünlüyün müdafiəçisi, dostluğun təcəssümü və bir valideyn nümunəsi idi. Mərdan müəllim keyfiyyətində, xarakterində dostu, insanı itirmək təbii ki, mənim üçün, düşünürəm ki, nəinki mənim üçün, eləcə də bütün onu tanıyanlar üçün çox ağırdır. Mərdan müəllim həm də öz elini, obasını, vətənini sevən, vətən üçün hər şeyindən, canından belə keçməyi bacaran bir vətən oğlu idi. Mərdan müəllimi, həm də vətən itirdi. Allah sənə rəhmət eləsin, əziz və əvəzolunmuz qardaşımız Mərdan, torpağın nürla dolsun.

 

Fazil Fərəcov, Maliyyə Nazirliyinin Büdcə şöbəsinin müdiri:

 

- Mərdan müəllimin fəaliyyətinin böyük hissəsi Maliyyə Nazirliyi ilə bağlıdır. Bir dost kimi bu, mənim üçün böyük itkidir. Mərdan müəllimlə 1981-ci ildən bəri maliyyə sistemində birgə çiyin-çiyinə çalışmışıq. Çətin anlarımızda hər zaman məsləhətləşmiş və bir yerdə olmuşuq, mürəkkəb və çətin məsələləri birgə həll etmişik. Mərdan müəllim böyük vətənpərvər, etibarlı dost, layiqli dövlət qulluqçusu, diqqətli və mehriban insan, xarakterinə sadiq, işgüzar və öz işinə həmişə məsuliyyətlə yanaşan və digər yüksək keyfiyyətlərə malik insan idi. Onun faəliyyəti, işində məsuliyyətli olması, idarəçilikdəki səriştəsi, yüksək təşkilatçılıq bacarığı hər birimizin gözü qarşısında olub. Onun bu əməyi ölkə rəhbərliyi tərəfindən də qiymətləndirilmişdi, uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdi. Mərdan müəllim kollektivdə hörmət-izzət sahibi olmaqla yanaşı, həm də gözəl ailə başçısı idi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Allah rəhmət eləsin!

 

 

Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru:

- Azərbaycanın dəyərli insanlarından, ziyalılarından biri Mərdan müəllimin 65 yaşı tamam olur. Təəssüf ki, budəfəki yubileyini doğmaları, yaxınları və dostları onunla birgə qeyd edə bilməyəcəklər.

65 yaşına az qalmış, ötən ayın 22-də biz Mərdan müəllimi cismən itirdik. Bu itki hamımız üçün ağır oldu.

Mərdan müəllim 1952-ci ilin aprelin 4-də işğal altında olan Laçın rayonunun Ağoğlan (Kosalar) kəndində doğulub. O kənddə onların nəslinə Təhməzovlar da deyirdilər. Amma Mərdan müəllimin soyadı babasının adına görə Mərdanov idi.

Kənddə Ağoğlan məbədi vardı. Məbəd qədim alban tarixinə aid idi və onun sirli bir aurası vardı. Üç tərəfindən çay axan bu qeyri-adi kənddə böyüyən uşaqlar həm oranın təbiətinin gözəlliklərinə, həm də qədimliyinə valeh olurdular. Heç şübhəsiz ki, o qədimlik, təbiətin vüqarlı görkəmi burada doğulan insanların xarakterinə də öz təsirini göstərirdi. Bu keyfiyyətlər Mərdan müəllimin da xarakterinə sirayət eləmişdi. O, xaraktercə möhkəm, dağlar və qayalar kimi qürurlu insan idi. Eyni zamanda, Mərdan dayının Ağoğlandan axan çayın suları kimi həlim, dupduru, saf xasiyyəti vardı. Ağoğlan məbədindəki sirli aura da onun xarakterinə çökmüşdü.

Mən hələ uşaqlıqdan həmişə Mərdan dayını bir güvənc, söykənəcək yeri hesab eləmişdim. O, uzun illər Maliyyə Nazirliyində çalışdı, bütün həyatını Azərbaycanın maliyyə sisteminin inkişafına həsr etdi. Bu xidmətlərinə görə bir neçə il əvvəl Azərbaycan Prezidentinin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olundu. Bununla bağlı hələ o zaman demişdim ki, əslində, Mərdan müəllim bu mükafata təkcə dövlətinə və xalqına xidmətə görə deyil, həm də ən yaxın, doğma, ondan kömək uman insanlara həyan olduğu üçün layiq idi. O həm dövlətin, həm ananın, həm bacının, həm həyat yoldaşının, həm övladlarının, həm onu tanıyanların, həm də qohumlarının qulluğunda necə vicdanla dayandığını əməlləri ilə sübut edirdi. Bu yüksək həssaslıq onun xarakterində özünə möhkəm yer tapmışdı.

Yaşı 95-i ötmüş anası, mənim nənəm Balaxanım nənəyə harda olursa-olsun, hər axşam saat 7-də mütləq zəng edirdi. Və bu xasiyyəti ondan ətrafdakılara, o cümlədən mənə də, övladlarına da keçirdi. O, bu nümunəni göstərməklə hamını məhz bu cür diqqətli, həssas olmağa çağırırdı.

Vəfatından 18 gün qabaq biz yenə onun başına yığışmışdıq. Mərdan müəllim aşıq musiqini çox sevirdi. Elə həmin gün dostu  - aşıq İlham Astanbəylini, məni, yaxınlarını yanına dəvət etmişdi. Aşıq İlham saz havaları çaldı, mən şeirlər dedim. Bunların ab-havasında biz hiss etdik ki, o, xəstəliyi ilə mübarizə aparır və ona qalib gəlmək istəyir. Elə orada özünün hələ gənclik illərində yazdığı və gizli saxladığı şeirlərini pıçıltı ilə səsləndirirdi.

Mərdan dayı onu sevənlərin xatirəsində həmişə işıqlı və əziz bir insan kimi qalacaq. Onu heç vaxt unutmayacağıq.

 

Elşad Eyvazlı, Parlament Jurnalistlər Birliyinin sədri:

- Mərdan müəllimlə tanışlığım Rəşad Məcidin sayəsində baş tutmuşdu. İlk görüşdən onun haqqında təəssüratlarım belə oldu: Ağayana adam, yararlı adam, qənimət adam.  Mənə elə gəlir ki, bu ifadələri tək-tək insanlar haqqında demək olar. Yaşasaydı, 65 yaşı tamam olacaqdı. Görünür, 65 yaşını əzizləri ilə bir yerdə keçirmək onun qisməti deyilmiş.

İnsan var eldən gedir, insan var evdən gedir. Mərdan müəllimin itkisi bir ev, bir ailə, bir nəslin itkisi deyil, bir elin itkisi oldu. Əlimizdən nə gəlir ki...  Keşkə belə olmayaydı deyə bilirik. Allah rəhmət eləsin, deyə bilirik.  Ruhu şad olsun deyə bilirik. İnanram ki, onun ocağında olanlar, onun övladları öz əməlləri ilə atalarının ruhunu hər zaman şad edəcəklər.

 

Aşıq İlham Astanbəyli:

 

- Mərdan müəllim çox gözəl insan, böyük ürəyə sahib şəxsiyyət olub. O, mənim bir aşıq, sənətkar kimi yaddaşımda qalacaq ən dəyərli insanlardandır. Sadə, sadə olduğu qədər də böyük insan idi. Onun çox məclislərində olmuşam. Sənətkara, söz adamlarına qarşı həmişə diqqətli, eyni zamanda dostluğa sadiq və cəsarətli idi.

Ömrünün son günlərində demişdi ki, istəyirəm İlhamın sazına qulaq asım. Düzü, əvvəl getmək istəmirdim. Çünki bilirdim ki, onu xəstə halda görmək mənə çox ağır olacaq. Amma getdim. Və yaxşı ki, getdim. Çünki getməsəydim, bunu özümə bağışlaya bilməzdim. O, xəstə halıyla yenə qürurlu, cəsarətli idi. Soruşdum necəsən? Dedi, əlayam. Dedi, sən çal-oxu, qulaq asaq. 1-2 saat yanında olduq, bu müddətdə xəstəliyini hiss etdirmədi. Adı kimi şəxsiyyəti də mərdanə idi. Mərdan müəllim dünyaya mərd gəldi, mərd yaşadı, elə mərd də getdi.

Laçın deyiləndə yadıma birinci növbədə Mərdan müəllim düşür.

Böyük insanlıq xatirələrdə var-dövlətlə deyil, yaxşı əməllərlə qalır. Bir aşıq, bir ozan kimi Mərdan müəllim mənim də xatirəmdə həmişə gözəl bir insan kimi qalacaq.

Bir faktı deyim, elə olurdu, dostlarının yeyib-içmək məclislərində iştirak edirdim. Görürdün, məclisdi də, kimsə mənə - aşığa nəsə bir söz atmaq istəyir. O dəqiqə əliylə özünəməxsus jestlə etiraz edirdi ki, aşıqla nə işin var?

Mərdan müəllimin vəfatı mənim üçün də çox ağır oldu.

Allah rəhmət eləsin!

 

Mirmahmud KAZIMOĞLU

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir