Modern.az

Birinci vitse-prezident hərbçilərlə görüşüb: "Ermənistan Azərbaycan torpaqlarını sülh yolu ilə işğal etməyib"

Birinci vitse-prezident hərbçilərlə görüşüb: "Ermənistan Azərbaycan torpaqlarını sülh yolu ilə işğal etməyib"

3 Aprel 2017, 21:16

“Azərbaycan sülhsevər ölkədir. Məhz buna görə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik və buna görə 20 ildən çoxdur ki, danışıqlar aparırıq. Lakin heç kim unutmamalıdır ki, Ermənistan Azərbaycanın torpaqlarını sülh yolu ilə işğal etməyib və Azərbaycan bu işğala heç vaxt dözməyəcək. Azərbaycan əsgərləri, Azərbaycan oğulları öz Vətəni yolunda mübarizə aparırlar, döyüşürlər, ömürlərini qurban verirlər, onların mübarizəsi haqq mübarizəsidir. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. Mən erməni analara üz tutub söyləmək istəyirəm ki, qoymayın öz balalarınız işğal siyasətinin qurbanları olsun, işğal siyasətinə dəstək verməyin. Münaqişəyə tezliklə son qoyulmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək”.

Modern.az xəbər verir ki, bunu Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşü zamanı bildirib.

Görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

M.Əliyeva bildirib ki, ötən ilin aprel ayının əvvəllərində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətdib: “Siz, sizin yoldaşlarınız, Azərbaycan əsgərləri bu təxribatın qarşısını aldınız, düşmənə layiqli cavab verdiniz. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olundu. Bu, Azərbaycanın böyük hərbi qələbəsidir. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

Bir il bundan əvvəl azad etdiyiniz torpaqlarda bu gün yeni qəsəbələr salınır və 20 ildən çoxdur ki, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər yaxın gələcəkdə doğma torpaqlarına qayıdacaqlar. Bu, tarixi bir hadisədir, tarixi qələbədir. Bu gün bütün Azərbaycan xalqı sizinlə fəxr edir.

Aprel hadisələri Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan xalqının birliyini göstərdi. Azərbaycan Ordusu bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunmuş ordudur. Azərbaycan əsgərləri yüksək peşəkarlıq, vətənpərvərlik, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqların bir qismini azad etdilər.

Aprel döyüşləri zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Övladını itirmək hər bir valideyn üçün ən böyük faciədir. Heç bir xalq istəməz ki, müharibə olsun. Heç bir ana istəməz ki, oğullar itirsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının ürəyində daim yaşayacaq”.

M.Əliyeva qeyd edib ki, aprel hadisələri zamanı və ondan sonrakı günlərdə Prezidentlə hospitallarda, xəstəxanalarda olublar: “O zaman yaralanmış, xəsarət almış əsgərlərimizə yardım göstərən, onların tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərimizə minnətdarlığımı çatdırmaq istəyirəm. Yaralanmış əsgərlərin demək olar ki, əksəriyyəti onların səyləri və əməyi nəticəsində sağalıb və normal həyat tərzinə qayıdıb və bu gün də Vətəni tam gücləri ilə qorumaq üçün hazırdırlar. Ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. Siz Vətən uğrunda vuruşursunuz. Siz yaralanmısınız, xəsarət almısınız. Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin tezliklə normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atmağa hazırdır.

Mənim tapşırığımla sizin hər birinizə fərdi yanaşma tətbiq olunacaq və normal hərəkət dinamikasına yardım edən müasir protezlə təmin olunacaqsınız. Tapşırığıma əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışan insanlar həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidmətini həyata keçirəcəklər. İyirmi gün ərzində bütün lazımi işlər həyata keçiriləcək və mənə yekun hesabat təqdim olunacaq.

Bir azdan sonra mütəxəssislər bizə bu sahədə ən qabaqcıl texnologiyalar haqqında məlumat verəcəklər. Mən əminəm ki, bu addımlar atılandan sonra sizin normal həyata qayıtmağınız, sağlamlığınızın bərpa olunması daha da sürətlənəcək. Şübhəm yoxdur ki, siz gələcəkdə Azərbaycan üçün, Vətən üçün daha da böyük işlər görəcəksiniz”.

Çıxışının sonunda Mehriban Əliyeva bildirib ki, bu gün Azərbaycan dövləti Azərbaycan əsgərlərinə, Azərbaycan Ordusuna bütün lazımi dəstək göstərməyə qadirdir: “Mən əminəm ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın hər bir vətəndaşının ən böyük arzusudur. Biz hamımız çox yaxşı bilirik ki, Azərbaycanın ən böyük problemi məhz bu münaqişədir. Hamımız inanırıq ki, ədalətin bərpa olunacağı gün tezliklə gələcək, torpaqlarımız azad olunacaq, qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına, doğma evlərinə qayıdacaqlar.

Əlbəttə, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin bu işdə əməyi əvəzsizdir. Buna görə dövlətlə yanaşı, hər bir vətəndaşımız, Azərbaycan xalqı o günlər birlik nümayiş etdirdi. Hər kəsdə ruh yüksəkliyi var idi. Hər kəs özünü tamamilə çox güvənli hiss edirdi. Əminəm ki, bu qələbəni hər bir ailə evində qeyd edirdi. Hər bir azərbaycanlının borcudur ki, orduya, əsgərlərə yardım göstərsin. Bir daha deyirəm ki, Azərbaycan dövləti bu yardımı edir və bunu etməyə qadirdir. Dövlətimizin bütün imkanları var, bu yardımı edir və edəcək. Lakin mən hiss edirəm ki, insanlar da bu dəstəyi verməyə hazırdır”.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir