Modern.az

Böyük Oxlu əməliyyatı   

Böyük Oxlu əməliyyatı   

Aktual

3 Aprel 2017, 22:43

Dağlıq Qarabağda hələ münaqişə başlamamışdan öncə və sonrakı dövrlərdə də  erməni millətçi ünsürlərinin  ən çox cəmləşdiyi bölgə məhz Xocavənd  rayonu idi. Ermənilərin ərazi və torpaq iddiası ilə başlanan,  tez bir zamanda aktiv müharibə fazasına keçən münaqişənin başlandığı  gündən  baş vermiş hadisə və döyüşlərin  şahidi olan Xocavənd  1992-ci ilin yazında yalnız Əmirallar, Muğanlı, Kuropatkin kəndlərindən ibarət idi. Azərbaycanlılar yaşayan digər azsaylı kəndlərimiz isə mart ayına kimi ermənilər tərəfindən işğal edilərək yandırılmış və dağıdılmışdı.  Bu bölgənin 1988- ci ildən işğal gününə kimi yaddan çıxmasının, unudulmasının, köməksiz, arxasız qalmasının, başlıca səbəblərindən biri ən yuxarı səviyyədə göstərilən laqeydlik və etinasizliq, eyni zamanda  rayon mərkəzinin elə əvvəldən tamamilə ermənilərin nəzarətində olması və  azərbaycanlılar yaşayan digər rayonlarla ara məsafəsinin uzaq olmasi idi. Sanki bu kəndlər bir ada idi və tamamilə ölkədən təcrid olunmuşdu. Bu səbəbdən də 1988-94 cü illərdə  burada  baş vermiş hadisə və döyüşlər, vuruşan dəstələr, batalyonlar, canını, qanını və sağlamlığını bu yolda qoymuş igid həmvətənlərimizin fədakarlıqları mətbuat vasitələrində ən az işıqlandırılan bir bölgə kimi fərqlənmişdir. Bütün bunlarla bərabər biz xocavəndlilər, münaqişənin ilk vaxtlarından  ən çətin günlərdə yanımızda olan, köməyimizə çatan, bizə arxa duran könüllüləri - digər regionlardan olan qəhrəman soydaşlarımızı  hər zaman böyük  ehtiram və minnətdarlıq hissi ilə  xatırlayırıq.

Xüsusi olaraq qeyd olunmalıdır ki, bu istiqamət çox böyük hərbi - strateji əhəmiyyətə malik idi və  müharibənin gedişində əldə olunacaq hərbi üstünlük Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllinə əsaslı təsir etmiş olardı.  Bütün bunlari düşmən tam şəkildə anladığı halda, təəssüf ki, nə yuxarıdakılar bunları anladı, nədə biz onları başa sala bildik. Nəticədə isə 1992-ci il oktyabr ayının 2-də Xocavənd rayonunun sonuncu, Əmirallar, Muğanlı və Kuropatkin kəndlərini işğal edən  düşmən, eyni zamanda “Qaraçuğ” dağ silsiləsinin çox böyük strateji əhəmiyyəti olan Böyük Oxlu-631 m yüksəkliyini də ələ keçirdi.  Hərbi starteji əhəmiyyətini bu gündə saxlayan  bu yüksəklikdən isə düşmən Füzuli, Beyləqan, Ağcabədi və Ağdam rayonlarının ərazilərini müşahidə altında saxlamaqla bərabər, nəzarət imkanı da əldə etmiş oldu.

Bu yazıda əsas məqsəd qısa olaraq Xocavənd istiqamətində torpaqlarımızın qorunmasında müstəsna xidmətləri olan Beyləqan batalyonu haqqında söz açmaq və bu batalyonun iştirakı ilə həyata keçirilmiş uğurlu bir döyüşü haqqında xatirələri bölüşməkdən ibarətdir.

 

 

1992- ci ilin əvvəllərində Dağlıq Qarabağda cəmləşmiş erməni quldur birləşmələrinə qarşı mübarizə aparmaq məqsədi ilə bütün həmsərhəd rayonlarda olduğu kimi Beyləqan rayonunda da ilk könüllü dəsdə yarandı. 20 nəfərdən ibarət  olan həmin dəstəyə sonralar Beyləqan batalyonunda kəşfiyyat bölüyünün komandiri olmuş və ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif edilmiş mərd, qorxmaz və qəhrəman döyüşçü Məmmədyar Fərzəliyev  başçılıq edirdi. O, 1992 ci il avqust ayinin 17 də Xocavənd uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

1992-ci ilin yanvar ayında isə 724 saylı  Beyləqan özünümüdafiə batalyonunun təşkil edilməsi ilə bağlı əmr verildi və batalyonun təşkili həmin vaxt rayonun Hərbi Komissarı olan Məhəmməd Qədirova həvalə edildi. 1992-ci ilin  mart ayında Müdafiə Nazirinin müvafiq əmri ilə 724 saylı batalyonun sıra nömrəsi dəyişdirilərək 849 oldu və Elçin Hüseynov batalyona komandir təyin edildi. Həmin ilin dekabr ayından isə 849 saylı Beyləqan Batalyonuna Xocavənd rayonu Əmirallar kənd sakini Akif Həsənov rəhbərlik edirdi. Batalyonun xidmət ərazisi Xocavənd rayonu idi. (Batalyonun döyüş yolu baradə məlumatları bu linkdən izləmək olar: //www.youtube.com/watch?v=gFS0WDdSxvA)

1992-ci ilin dekabrında Füzuli rayonunun Aşağı Veysəlli kəndindən, Agdam rayonunun Mərzili kəndinə kimi olan böyuk bir ərazidə  olduqca zəif təchizatlı iki batalyon-müvafiq olaraq 702 və 708 saylı briqadaların təminatında olan 849 və 831 saylı batalyonlar müdafiə mövqelərində dururdular. Dekabr ayında əraziyə 704 saylı briqada gəldi və hər iki batalyon briqadanın təminatına verildi. Briqadanın mudafiə xətti məhz bu iki batalyonun mudafiə zonasından ibarət oldu. Həmin dövr üçün 704 saylı briqada bəlkə də ən yaxşı təchiz olunmuş  hərbi hissə idi. Briqadanın   tərkibində müvafiq olaraq  dörd batalyon, kəşfiyyat bölüyü və digər xidmətlər  daxil idi. Hər bir batalyon tam tərkibli şəxsi heyətə və silah sursatla təminata  malik idilər.  Eyni zamanda briqadanın nəzdində bir tank taboru,  PDM-1, PDM-2-lər də daxil olmaqla  80-ə yaxın  zirehli texnika, artileriya dvizyonu, 12  ədəd özüyeriyən artileriya qurğuları, minamyot baterayası, 6-dan çox “Qrad”- reaktiv raket qurğusu, yüksək dəqiqlikli zenit topları və sair var idi.

1993-cü ilin əvvəllərində Beyləqan batalyonunun müdafiə xətti əsasən Xocavənd ərazisində, yerli əhalinin Kaftarlı adlandırdığı, bu gün hamımızın Üçtəpə kimi tanıdığımız ərazidə yerləşirdi. Ardıcıl düzülmüş üç təpə üzərində qurulmuş və müvafiq olaraq” Ay”, “Günəş”, “Səma” və bu təpələrin sivri ucunda şərti adı “Qurd” olan postlarda mövqe tutan batalyon əsasən müdafiə döyüşləri aparırdı.   Lakin 1993-cü il aprel ayının əvvəllərində düşmənin Kəlbəcər rayonunu ələ keçirmək məqsədi ilə həm Ermənistan, həmdə Dağlıq Qarabağ ərazisindən bu istiqamətdə hücumlarını intensivləşdirməsi,  eyni zamanda ermənilərin  Füzuli cəbhəsində xeyli fəallaşması, hətta çox böyük strateji əhəmiyyətə malik olan “Məngələnata” yüksəkliyini ələ keçirməsi bütün cəbhə boyu təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edirdi. Görülən tədbirlərin əsasını fikirimizcə ilk növbədə düşmənin bu istiqamətdə olan intensiv hücumlarının kəsərini azaltmaq, yəni digər istiqamətlərdə hücum əməliyyatları təşkil etməklə  onun diqqətini yayındırmaq və  daha əhəmiyyətli əraziləri azad etməklə üstünlüyə sahib olmaq təşkil edirdi. Həmin vaxt Beyləqan batalyonunun da qarşısında olduqca məsuliyyətli və hərbi-strateji cəhətdən çox vacib olan bir vəzifə qoyulmuşdu.  Korpus komandiri Rafiq Ağayevin rəhbərliyi ilə Ağcabədidə keçirilən müşavirədə, ərazidə hakim yüksəklik olan Böyük Oxlu  yüksəkliyini geri almaq və orada möhkəmlənməklə bağlı qərar qəbul olunur. Hazırlamış plana uyğun olaraq əməliyyatda 849 saylı Beyləqan Batalyonu, Xocavənd Rayon Polis şöbəsinin bölüyü və Ağcabədidə yerləşən Hərbi Polisin döyüşçüləri iştirak etməli idi. Əməliyyat planına uyğun olaraq  Beyləqan batalyonu Böyük Oxlu -631 m yüksəkliyini, Xocavənd polisinin bölüyü sol tərəfdən Böyük Oxluya söykənən yüksəklikləri, Hərbi Polisin qüvvələri isə Nərgiz təpənin sol istiqamətindəki düşmən mövqelərini ələ keçirməklə köməyə gələn düşmən qüvvələrinin qarşısını kəsməli idi.  704 saylı birqada isə döyüşə həm canlı qüvvə, həm texnika, eyni zamanda artileriya vasitələri ilə dəstək verməli idi. Təbii ki, əməliyyatın əsas ağırlığı Beyləqan batalyonun üzərində idi. Qeyd olunduğu kimi Böyük Oxlunun  kimdə olması həmin tərəfin böyük hərbi üstünlüyə malik olmasını şərtləndirirdi.

 

 

Əməliyyatı aprel ayının 3-dən 4-nə keçən gecə   başlanıldı.  Plana uyğun olaraq  Beyləqan batalyonunun hər rotasından təxminən 20-25 nəfər seçilirək  müəyyən edilmiş istiqamətlər üzrə təlimatlandırıldılar. Batalyon komandiri Akif Həsənovun əmrinə əsasən İsa Bayramovun  komandir olduğu birinci bölüyün  döyüşçüləri – Rüstəmov Elburus (sonrakı döyüşlərin birində Şəhid olub), Qarayev Əlləddin, həmin döyüşdə yaralanmış Rizvan, Namazov İlham, Quliyev İlham, Rzayev Habil, İsgəndərov Elburus, Məmmədov Yaqub və digərləri düz Şişqaya istiqamətində, üçüncü  bölük - komandir Məlik Sadıqovun rəhbərliyi ilə - Xəlilov Vüqar (sonrakı döyüşlərdə Şəhid olub), Rüstəmov Saməddin, Məmmədov Rəfail, Qasımov Xaliq, Məmmədov Hafiz, Əliyev Mehman, Cabbarov Niyazi (Şəhid) və digərləri sağ tərəfdən və əsas zərbə qüvvəsi kimi  Zakir İbadullayevin komandir  olduğu ikinci bölük döyüşçüləri - Aslanov Aqil  (həmin döyüşdə şəhid olub), Cəfərov Nizami (sonrakı döyüşlərin birində Şəhid olub), Feyziyev Natiq, Məmmədov Məmməd, Həsənov Kazım, İsmayılov Sadiq, Əliyev Qiyas, Məmmədov Murad (Şəhid) və digərləri sol cinahdan hərəkət edərək düşmən postunun arxasına keçərək onları məhv etməli idilər.  Gecə saat 3 radələrində başlanan hücum, əməliyyat planına uyğun başlanıldı. Batalyonun birinci və üçüncü bölükləri düşmənin diqqətini yayındırmaq məqsədi ilə döyüşə girməsi, eyni zamanda batalyonun sağ cinahında müdafiə mövqe tutan Xocavənd Polisinin hücuma dəstək vermək üçün hərəkətə keçməsi düşməni  çaşbaş saldı. Belə əlverişli vəziyyətdən istifadə edən ikinci rotanın döyüşçüləri sürətlə hərəkət edərək düşmən postunun arxasına keçirərək  sərəncamlarında olan 5 ədəd qranatatandan düşmən səngərinə sarsıdıcı zərbə yendirir. Eyni zamanda arxada yerləşdirilmiş bir ədəd düşmən  topu, bir ədəd zenit qurğusu ilə yanaşı  içərisində ehtiyat qüvələrin olduğu “vaqon” tipli sığınacaq da sonralar Füzuli istiqamətində gedən döyüşlərdə Şəhid olmuş Beyləqan rayon Milabad kənd sakini Cəfərov Nizaminin  sərrast atəşi ilə məhv edilərək havaya sovrulur. Erməni səngərinin içərisində davam edən döyüş artıq əlbəyaxa xarakter almışdı. Belə bir vəziyyətə uzun müddət davam gətirə bilməyəcəyini dərk edən düşmən  15-dən artıq əsgərinin cəsədini ataraq qaçmağa məcbur oldu.  Əməliyyat uğurla yekunlaşmış, Böyük oxlu düşməndən azad edilmiş, düşmənin qaçarkən  atıb getdiyi  xeyli sayda silah- sursat qənimət kimi götürülmüşdü.

Lakin ən çətini hələ qarşıda idi. Ərazinin hərbi strateji əhəmiyyətini çox gözəl anlayan düşmən güclü əks hücuma keçərək, tez bir zamanda həmin istiqamətə çoxlu sayda canlı qüvvə və hərbi texnika çıxararaq qüvvələr nisbətini öz xeyrinə dəyişə bilmişdi.  Böyük Oxlu yüksəkliyi üzərinə sanki güllə və mərmi yağışı yağırdı.  Döyüş meydanında vəziyyət getdikcə daha da çətinləşməkdə, daha kritik hal almaqda idi.

Təcili olaraq əlavə kömək və atəş dəstəyi göstərilməsi üçün 704 saylı briqada ilə əlaqə saxlanılır. Cavab olaraq bldirilir ki, briqadaya məxsus tanklar sizə kömək üçün  gəlir və tez bir zamanda döyüşə girəcəklər. Lakin gözlənilənlərin tam əksinə olaraq Xocavənd rayonunun Kuropatkin kəndi istiqamətindən gələn və bizim olduğu zənn edilən 7 əddəd tankın və iki ədəd BMP-2-nin  ermənilərə məxsus olduğu müəyyən olunur. Əməliyyat planına uyğun olaraq əsas vəzifələri həmin istiqamətdə hücuma dəstək vermək və Kuropatkin kəndindən gələn yolu nəzarətə götürməkdən ibarət  olan  Hərbi Polisin naməlum səbəbdən döyüşə qatılmaması düşmən tərəfin həmin istiqamətdən rahat şəkildə hərəkət etməsinə şərait yaratmışdı. Əməliyyat planına uyğun olaraq hücumun sağ cinahını təşkil edən,  Qaraçuğ silsiləsinin şimal-şərq istiqaməti boyunca yeni mövqeləri ələ keçirən  Xocavənd polisinin döyüşçüləri gələn qüvvənin Hərbi Polisə məxsus olduğunu düşündüklərı zaman bir başa erməni tanklarının atəşi altına düşür və bir neçə nəfər yaralanır. Eyni vaxtda Qızılqaya istiqamətindən də düşmən 6-a yaxın tank ilə hücuma keçərək sürətlə batalyonun sol, yəni cənub–qərb cinahına doğru irəliləməyə başladı.  Qarşı tərəfin qeyd olunan hərbi texnikalar vasitəsi ilə aldadıcı manevr edərək batalyonu mühasirə şəraitinə salmaq məqsədi açıq aydın ortada idi.  Belə bir şəratdə bir neçə saat öncə azad olunmuş Şişqayada mövqe tutan və döyüşü davam etdirən əsas qüvvələrin mühasirəyə düşmələrinin qarşısını almaq məqsədi ilə arxadakı mövqelər bir növ  “bağlanmalı” idi. Əlavə qüvvələrin olmaması səbəbindən bu tapşırığın icrası batalyonun hücumda iştirak edən birinci və üçüncü bölüklərinə həvalə olunur. Batalyonun ikinci bölüyü isə Şişqayada qalaraq döyüşü davam etdirir. Qeyd olunduğu kimi  qüvvələr nisbəti qeyri bərabər idi. Düşmən həm zirehli texnika , həm də canlı qüvvə sarıdan çox böyük üstünlüyə malik idi  və əraziyə yeni-yeni qüvələrin gətirilməsi davam etməkdə idi. Bütün bunlara baxmayaraq döyüşçülərimiz düşmənlə qəhrəmancasına vuruşur, son anda əlavə köməyin gəlməsinə ümid edirdilər. Artıq xeyli sayda yaralılar var idi. Onlardan, tək İsmayılov Sadiq İslam oğluna 8 güllə dəymişdi.  Şiddətli döyüşdə şəhid olmuş Beyləqan rayonu Eyvazalılar kənd sakini Aslanov Aqilin nəşini döyüş meydanından heç cürə çıxarmaq mümkün   olmur. Düşmənin üç tərəfdən davam edən davamlı hücumlarının qarşısı döyüşçülərimiz tərəfindən axşam saat 6-7 radələrinə qədər  rəşadətlə alındı. Lakin heç bir əlavə köməyin olunmayacağı artıq tam  bəlli idi. Belə bir şəraitdə döyüşü davam etdirməyin yalnız itkilərin sayının artmasına  səbəb olacağını nəzərə alan  batalyon komandiri öz döyüşçülərinə Şişqayanı tərk edərək geri, əvvəlki mövqelərə  çəkilmək barədə əmr verir. Eyni zamanda Xocavənd polisidə geri şəkilməyə məcbur olur.

 

 

Bununla da çox dəqiqliklə həyata keçirilmiş uğurlu bir əməliyyat yenə də kimlərinsə  xəyanəti və ya yaramaz məsuliyyətsizlikləri ucbatından iflasa uğradı.

Çox  təəssüf ki, həyata keçirilmiş uğurlu hücum əməliyatına dəstək verilmədiyi və əldə olunmuş vacib nəticənin qorunub saxlanmasına köməklik olunmadığı halda,  ertəsi günü 704 saylı briqadanın 742 saylı Astara batalyonu -   Böyük Oxlu yüksəkliyinin  ələ keçirilməsi məqsədilə  növbəti hücum əməliyyatı keçirməyə cəhd göstərsə də,  xeyli  itki verərək geri çəkilməyə məcbur oldu.

Bir daha, acı təəssüf hissi ilə qeyd edirəm ki, haqqında bəhs etdiyimiz, Dağlıq və Aran Qarabağın çox böyük bir hissəsini nəzarət altında saxlamağa imkan verən bu hərbi -strateji   əhəmiyyətli yüksəklik bu gün də düşmən işğalı altındadır.  Lakin tam əminliklə qeyd edə bilərik ki, öz gücünü, qüdrətini 2016- cı ilin aprel döyüşlərində düşmənə göstərmiş olan  ordumuzun  bir həmləsi ilə, uğrunda neçə-neçə igid Vətən oğlunun qanı tökülmüş bu ərazini də düşməndən azad edəcəyik və onda 24 il bundan əvvəl bu torpaq uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhları əbədi dinclik tapacaqdır. 

Biz  2016-cı ilin aprel döyüşlərini xatırladıq və bu döyüşlə haqqında söhbət açdığımız Böyük Oxlu əməliyyatı arasında bir sıra eyni paralelərin və fərqliliklərin olduğunun şahidi olduq. Belə ki hər iki döyüş aprel ayının əvvəlində baş vermişdi və üstündən 23 il keçməsinə baxmayaraq, ötən ilin aprel ayında baş vermiş döyüşlərdə də məqsəd eyni idi. Qalib gəlmək! Doğma, müqəddəs orpaqlarımızı işğaldan azad etmək!

Fərqllik amilinə gəlincə isə bu daha qürurverici, iftixar hissi ilə qeyd olunacaq halların cəmidir desək, heç də yanılmarıq. Çünki aprel döyüşlərində Azərbaycan xalqı artıq vahid komandanlıq altında hərəkət edən ordusunun güçünü, qabiliyyət və qüdrətini gördü və buna bir daha  əmin oldu.   İkinci ən vacib olan hal isə ondan ibarətdir ki, vaxtı ilə bu torpaqlar uğrunda döyüşən, qan tökən igidlərin övladları bu gün döyüşdə qalib gəlir, düşməni qaçmağa məcbur edir, öz atalarının yolunu şərəf və ləyaqətlə davam etdirirlər. Deməli, qəhrəmanlıq, döyüş ryhu, əzmi nəsildən – nəsilə keçdikcə möhkəmlənir və daha dönməz xarakter alır ki, bu da ən vacib olanıdır.

 Bu isə o deməkdir ki, “ Qisas qiyamətə qalmayacaq”!

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

Ayxan Sadiq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?