Sahibə Qafarova: “Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin yaşaması qarşıdurma yaratmır, əksinə...”
«Mədəniyyətlərarası dialoq mədəniyyətləri birləşdirmək və ya bir yerdə əridib «yeni bir mədəniyyət» istehsal etmək təşəbbüsü deyil. Mədəniyyətlərarası dialoq bütün fərqlilikləri qoruyaraq heç bir məhdudiyyətdən istifadə etmədən səmimiyyət və anlayış daxilində ortaq məsələləri müzakirə etmək, danışmaq və birgə həll yolları axtarmaq cəhdidir».
Bu fikirləri AŞPA-nın yaz sessiyasında “Mədəniyyətlərarası dialoqun dinlərarası dialoq müstəvisi” adlı hesabat ətrafında aparılan müzakirələr zamanı Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sahibə Qafarova səsləndirib. Millət vəkilinin sözlərinə görə, Şərqlə Qərbin qovşağında, sivilizasiyaların kəsişdiyi coğrafi məkanda yerləşən Azərbaycan dövləti gənc olmasına baxmayaraq, dünyada mədəniyyətlərarası dialoqa öz töfhələrini verməkdədir. Bu günə qədər Azərbaycan dövlətinin təşəbbüsü və iştirakı ilə çox mühüm tədbirlər keçirilib, əməli addımlar atılıb:
«Mədəniyyətlərarası dialoqdan danışarkən, burada müxtəlif faktorların, o cümlədən dinin rolunu mütləq şəkildə qeyd etməliyik. Doğrudur, bu gün bəzi maraq qrupları dindən müxtəlif məkrli məqsədlər üçün istifadə edərək dünya dinləri arasında mövcud fərqlərə əsaslanan «sivilizasiyaların toqquşması» kimi təxribatçı ideyalar irəli sürməkdədirlər. Hətta bəzi separatçı qruplaşmalar öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə bir çox hallarda din amilindən istifadə etməyə başlayıblar. Belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu gün fərqli dinlərin, fərqli mədəniyyətlərin olması insanların arasında nifaq yaratmamalıdır. Əksinə, inanclarımızı, düşüncələrimizi bir-birilərimizə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə birlikdə çalışmalı, ortaq bəşəri dəyərlərimizi birgə qorumalıyıq. Biz ölkəmizdə bu dəyərlərə söykənən mükəmməl model yarada bilmişik. Bu gün Azərbaycanda yaşayan katolik icması, yəhudi icsması dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Onların müqəddəs məbədləri qorunur, öz dini ayinlərini yerinə yetirmək üçün müvafiq şərait yaradılıb. Roma-katolik Kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə respublikaya tarixi səfər etmiş və ölkəmizdəki mövcud tolerantlıq mühitini yüksək qiymətləndirmiş, onu müxtəlif dövlətlər üçün mükəmməl nümunə kimi göstərmişdi. Başqa bir fakt isə Dünya Dini Liderlərinin Sammitinin ötən il paytaxtımızda keçirilməsidir ki, Bakı hökuməti bu tədbirin də yüksək səiyyədə təşkilinə nail olmuşdur. Bu gün ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin yaşamalarına baxmayaraq, bu rəngarənglik, müxtəliflik bizim xalqımızda qarşıdurma yaratmır, əksinə bundan istifadə edib mədəni dəyərlərimizi zənginləşdiririk».
Daha sonra bu sahədə Avropa Şurasının çox böyük təcrübəsinin olduğunu söyləyən millət vəkili Sahibə Qafarovanın sözlərinə görə, Şurada xristian dövlətləri ilə yanaşı, Azərbaycan kimi müsəlman çoxluğun yaşadığı dövlətlər də təmsil olunurlar.
“Biz birgə daha güclü Avropa qurmaq üçün səylərimizi davam etdiririk”-deyə deputat bildirib.
Modern.az