Modern.az

Antidopinq qaydalarını pozan idmançılarımız – Yenilənib

Antidopinq qaydalarını pozan idmançılarımız – Yenilənib

Aktual

5 Aprel 2017, 01:01

2015-ci ildə antidopinq qaydalarını pozmuş Azərbaycan idmançılarının adları məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki,  9 belə hal ağırlıqqaldırma, atletika və güləş növlərində ilin müxtəlif vaxtlarında baş verib.

Sərbəst güləşçi Turxan Qurbanov 2015-ci ilin iyununda Türkiyənin İstanbul şəhərində 96 kq. çəki dərəcəsində 5-ci yeri tutduğu Avropa çempionatı zamanı dopinq-testdən imtina edib. Bu səbəbdən, Dünya Güləş Birliyi onu 4 il müddətinə bütün yarışlardan kənarlaşdırıb.

Ağırlıqqaldıranlar Dadaş Dadaşbəyli, Elxan Əliquluzadə, Firudin Quliyev, Valentin Xristov, İntiqam Zairov və Silviya Angelova 2015-ci ilin dekabrında dünya çempionatı zamanı dopinq-testdən keçə bilməyiblər. Əliquluzadə, Quliyev və Xristovdan yalnız istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovdan nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidən isə nandrolonla yanaşı, boldenon aşkarlanıb. Dadaşbəyli 2019-cu ilədək, qalanları isə 2023-cü ilədək diskvalifikasiya olunublar.

Atletlərə gəldikdə, "Bakı 2015" I Avropa Oyunları zamanı qadınlar arasında 3000 metr məsafəyə qaçışda birinci yeri tutmuş Çaltu Bejinin osterindən istifadə etdiyi aşkarlanıb. Efiopiyalı legioner 2019-cu ilədək cəzalandırılıb.

Kişi atletin kimliyi isə yenicə aşkarlanıb. Bu, çəkicatan Dmitri Marşindir. Belaruslu legioner 2015-ci ilin mayında karyerasında ikinci dəfə Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, I Avropa Oyunlarında çıxış edərək, 3-cü yeri tutub. Lakin həmin ilin noyabrında Dmitri Marşinin "Rio-2016"ya lisenziyasının ləğv olunduğu, özünün isə Azərbaycan yığmasını tərk etdiyi açıqlanıb. Ancaq həmin vaxt Azərbaycan Atletika Federasiyası bu qərarın səbəbini açıqlamayıb.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) hesabatı dərc olunduqdan sonra atletika yığmasının baş məşqçisi Məhərrəm Sultanzadə "Report"a açıqlamasında Marşinin məhz dopinq-testdən keçə bilmədiyi üçün yığmanı tərk etdiyini bildirib. Onun sözlərinə görə, hazırda 45 yaşı olan atletdən istifadəsi qadağan olunmuş preparat "Bakı 2015"dən sonra Belarusda aşkarlanıb. Bu səbəbdən, təcrübəli idmançı 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Belədə yaşının çoxluğu da nəzərə alınaraq, Marşinlə əməkdaşlığa son qoyulub.

Qeyd edək ki, WADA 2015-ci ildə ümumilikdə 122 ölkədən 85 növ üzrə 1929 qayda pozuntusu aşkarlayıb. Azərbaycan bu göstəricidə 46-cı yerdədir.

 

 

 

23:21

 

2015-ci ildə Azərbaycan idmançıları tərəfindən anti-dopinq qaydalarının pozulmasına dair 9 hal aşkarlanıb. Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin ( WADA) açıqladığı illik hesabatda bildirilir.

Belə idmançılardan 6-sı ağırlıqqaldıran, 2-si atlet, 1-i isə güləşçidir. Bundan başqa onların 7-si (5 ağırlıqqaldıran, 1 atlet, 1 güləşçi) kişi, 2-si (1 ağırlıqqaldıran, 1 atlet) isə qadındır. Hesabatda anti-dopinq qaydalarındakı pozuntu hallarından 8-nin (6 ağırlıqqaldıran və 2 atlet) götürülmüş dopinq-test nəticəsində üzə çıxdığı, 1-nin (güləş) dopinq-test verməkdən imtina ilə əlaqədar olduğu bildirilir. Nəticəsi müsbət olan dopinq-testlərin hamısı sidik analizlərindən ibarət olub. Kişi atletdən yarışdan kənarda, qadın atlet və ağırlıqqaldıranlardan isə yarış zamanı dopinq-test götürülüb.

Qeyd edək ki, WADA ümumilikdə 122 ölkədən 85 növ üzrə 1929 qayda pozuntusu aşkarlayıb. Azərbaycan bu göstəricidə 46-cı yeri tutub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!