Modern.az

Samir Şərifov bank prezidenti ilə strategiyanı müzakirə edib

Samir Şərifov bank prezidenti ilə strategiyanı müzakirə edib

14 Aprel 2011, 19:12


Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Andrey Kondakovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə bankla Azərbaycan Respublikası arasında hazırki əlaqələr, o cümlədən gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verən A.Kondakov bankın Azərbaycanda həyata keçirilən layihələrdə iştirakından məmnunluğunu ifadə edib. O fəaliyyəti dövründə bankın Azərbaycanda 14 layihəni maliyyələşdirdiyini  diqqətə çatdırıb:
“QDTİB-nın Azərbaycanda fəaliyyətinin genişləndirilməsi və yeni maraqlı layihələrin maliyyələşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir”.

S.Şərifov Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Son illərdə ölkə iqtisadiyyatın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan nazir bildirib ki, Azərbaycan iqtisadiyyatının vəziyyəti  beynəlxalq kredit reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

Görüşdə 2011-2014-cü illəri əhatə edəcək bankın Azərbaycan üzrə stategiyası da müzakirə edilmiş, strategiyanın prioritetlərinin dəqiqləşdirilməsi və onların ölkənin sosial-iqtisadi siyasətinə uyğunlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkə üzrə stategiyada xüsusiylə, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafının proritet sahələr kimi nəzərə alınmasının vacibliyi vurğulanıb.

1996-cı ildə təsis edilən Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999 cu il iyunun 1-də fəaliyyətə başlayıb. Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Ermənistan, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukraynanın üzvü olduğu Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyir,  üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və səhm kapitalında iştirak edir. QDTİB-nın kapitalında Azərbaycanın payı 5 faiz təşkil edir. 11 illik fəaliyyəti dövründə bank Azərbaycanda dəyəri 100 milyon avro olan 14 layihəni maliyyələşdirib.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?