Modern.az

Ağdam sakinləri elektron xidmətlərlə bağlı məlumatlandırılıb

Ağdam sakinləri elektron xidmətlərlə bağlı məlumatlandırılıb

7 Aprel 2017, 23:08

Region sakinlərinin respublikamızda göstərilən elektron xidmətlərlə bağlı maarifləndirilməsi üçün növbəti tədbir Ağdamda keçirilib. Modern.az xəbər verir ki, Ağdam Dövlət Sosial-İqtisad Kollecində təşkil olunan məlumatlandırma sessiyasında 96 nəfər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Natiq Cavadov respublikamızda elektron xidmətlərin əhatə dairəsinin getdikcə daha da genişləndiyini bildirib: “Dövlət qurumları və ictimai xidmətlər göstərən digər qurumların göstərdiyi elektron xidmətlərdən istifadə getdikcə zərurətə çevrilir. Bu səbəbdən elektron xidmətlərlə bağlı hər kəsin məlumatlı olması vacibdir. Düşünürəm ki, bu gün keçirilən tədbirdə Kollecin müəllim və tələbə heyəti elektron xidmətlərlə bağlı xeyli yeni məlumat əldə edə biləcək”.

Tədbirdə daha sonra çıxış edən Ağdam rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Anar Əsgərov elektron  xidmətlərlə bağlı əhalinin məlumatlılığının artırılmasının əhəmiyyəti barədə danışıb.

Regional İnsan Hüquqları və Media Mərkəzinin eksperti Xalid Kazımov isə bildirib ki, son illər respublikamızda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ciddi addımlar atılır: “Bu tədbirin keçirilməsində də əsas məqsəd elektron xidmətlərlə bağlı rayon sakinlərinin məlumatlılığının artırılmasıdır. Həmçinin, elektron xidmətlərdən  istifadə etmək ehtiyacı olan insanlara texniki yardımın göstərilməsinə çalışırıq. Bu gün geniş tətbiq olunan «elektron hökumət»in vətəndaş üçün xeyli üstünlükləri var. Yaradılan xidmətlər həm də vətəndaşlara  problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, kompyuter arxasına keçməklə, yaxud da, elə mobil telefonla həll etməyə imkan verir. Ölkəmizin prioritet elan etdiyi elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əhaliyə göstərilən elektron xidmətlərin daim yenilənməsi region sakinlərinin bu xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılmasına ehtiyac yaradır”.

Daha sonra tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Günay Hüseynova və Elvin Cəfərli İKT-nin xidmət sahələrinə tətbiqi ilə bağlı rəsmi sənədlərdən, "Elektron hökumət" portalının qanunvericilik bazası, portalın yaranması və inkişaf mərhələləri barədə məlumat veriblər.

Nəzəri məlumatlandırmadan sonra, "Elektron hökumət" portalı seminar iştirakçılarına praktiki olaraq göstərildi. Portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, eləcə də vətəndaşların portaldan istifadəsini sadələşdirən alətlər əyani olaraq test edilib.

Tədbir sual-cavab sessiyası, müzakirələrlə yekunlaşıb. Sonda tədbirdə fəal iştiakçılara "Elektron hökumət" portalına daxil olmaq üçün istifadəçi adı və şifrə verilib.

Qeyd edək ki, Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir. Bu tədbir də Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış "Elektron xidmətlərdən istifadədə region sakinlərinə  köməkliklərin göstərilməsi" adlı xidmət çərçivəsində icra edilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır