Modern.az

“Xorvatiyada Azərbaycanla əməkdaşlığa xüsusi önəm verilir”

“Xorvatiyada Azərbaycanla əməkdaşlığa xüsusi önəm verilir”

Müsahibə

10 Noyabr 2009, 20:02

Bu günlərdə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Xorvatiyadan qayıdıb. Millət vəkili, Şuranın sədri Azay Quliyev səfərlı bağlı Modern.az saytına müsahibə verib

- Azay müəllim, Xorvatıyada QHT-lərin fəaliyyəti sizi qane etdimi?
- Xorvatıya gələn il Avropa Birliyinə üzv olmağa hazırlaşır. Bunun üçün orada vətandaş cəmiyyətinin inkişafı əsas hədəf götürülüb. Diqqət edin, Xorvatıyanın əhalisi 4,5 milyona yaxındır. Bu ölkədə 38600  QHT, 155 fond var. QHT-lərə 2007-ci ildə 174, 2008-ci ildə isə 245 milyon avro ayrılıb. Hesab edirəm ki, Xorvatıyada  QHT-lər Avropada ən qabaqcıl qurumlardır.
- Xorvatiyaya səfərinizin əsas məqsədi nə idi?
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Xorvatiya Respublikası Hökumətinin QHT-lərlə Əməkdaşlıq üzrə Dövlət İdarəsinin dəvəti ilə 01-06 noyabr 2009-cu il tarixdə Xorvatiya Respublikasında işgüzar səfərdə oldu. Səfərin məqsədi vətəndaş cəmiyyətinin inkişafı sahəsində Avropada  yaxşı nümunə kimi tanınan Xorvatiyanın qazandığı təcrübə ilə yaxından tanış olmaq və qarşılıqlı əməkdaşlıq əlaqələri qurmaqdan ibarət idi.
- Keçirdiyiniz görüşlərdən hası qənaətlə geri döndünüz?
- Səfər çərçivəsində Xorvatiya Respublikasının dövlət və hökumət strukturları, donor təsisatları və fondları, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə səmərəli görüşlər keçirdik. Xorvatiya hökumətinin QHT-lərlə Əməkdaşlıq üzrə Dövlət İdarəsinin rəhbəri İqor Vidaçak vətəndaş cəmiyyətinin inkişafını dəstəkləyən Milli Strategiyanın icrası, dövlət büdcəsindən vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramlara vəsaitlərin ayrılması üzrə standartlar və prosedurlar, qeyri-hökumət təşkilatları ilə müxtəlif nazirliklərin və dövlət idarələrinin əməkdaşlığı barədə nümayəndə heyətinə geniş məlumat verilib. Səfər proqramına uyğun olaraq, növbəti görüş Xorvatiya Respublikasının İctimai İdarəetmə Nazirliyində keçirildi. Nazirliyin dövlət katibi Davor Lyubanoviç Xorvatiya Respublikasının ictimai idarəetmə üzrə islahatları, QHT-lər üçün təlim mərkəzlərinin fəaliyyəti və QHT-lərin qeydiyyatdan keçmə prosesi ilə nümayəndə heyətini tanış etdi. Xorvatiya Respublikasının Avropa İttifaqına inteqrasiyası sahəsində gördüyü işləri xüsusi qeyd etmək istərdim. Xorvatiya Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Mərkəzi və Şərqi Avropa, həmçinin Şimali Amerika ilə Əlaqələr üzrə Baş Departamentinin rəhbəri Filip Vuçak Avropaya inteqrasiya sahəsində görülən işlər, ölkələrimiz arasında qarşılıqlı əlaqələr,  Azərbaycanın dövlət, hökumət və parlament nümayəndələri ilə keçirdiyi görüşlər haqqında  danışaraq, Xorvatiyanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd etdi.
Xorvatiyanın Avropa İttifaqının Siyasi və İqtisadi Məsələlər üzrə Nümayəndəliyinin Vətəndaş Cəmiyyəti Proqramları üzrə direktoru cənab Erol Akdağla keçirilən görüşdə Avropa İttifaqının Xorvatiya hökuməti ilə vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş birgə layihələri ətrafında fikir mübadiləsi aparıldı.
Şura üzvləri üçün xüsusi maraq doğuran görüşlərdən biri də Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Milli  Fondda keçirildi. Dövlət təsisatı olan Fondun direktoru xanım Svyetana Plavşa-Matiç nümayəndə heyətinə fondun qrant siyasəti, daxili qaydaları, vətəndaş fəallığı, sosial xidmətlər və QHT-lərin institusional inkişafı sahəsində gördüyü işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, 2003-cü ildə yaradılmış fondun büdcəsi hər il lotereya və bəxt oyunlarından əldə olunan mənfəətinin 14 %-i hesabına formalaşır.
Səmərəli görüşlərdən biri də İqtisadiyyat, Əmək və Sahibkarlığın İnkişafı Nazirliyində keçirildi. Nazirliyin Əmək və Sosial Müdafiə Sahəsində Avropa İttifaqı və Xorvatiya Hökumətinin Layihələrinin İdarəetmə Departamentinin rəisi xanım Katarina İvankoviç-Knejeviç qurumun QHT-lərlə əməkdaşlığı, qadın və gənclərin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirdiyi layihələr barədə nümayəndə heyətini məlumatlandırdı.
- QHT nümayəndələri ilə də görüşmüsünüz?
- Dövlət qurumları ilə yanaşı, nümayəndə heyəti səfər proqramı çərçivəsində Xorvatiyanın tanınmış QHT-lərinin - seçki məsələləri üzrə ixtisaslaşmış Qanunun Aliliyi və Demokratiyanın İnkişafı Mərkəzinin (GONG) və Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyasının (SMART) fəaliyyəti ilə də yaxından tanış oldu.
Xorvatiyada keçirilən bütün görüşlərdə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, Avropa Qonşuluq Siyasəti Proqramı sahəsində görülən işlər və ölkəmiz haqda geniş məlumatlar verildi.
Səfər proqramının sonunda səfərin nəticələri Xorvatiya Hökumətinin QHT-lərlə Əməkdaşlıq üzrə Dövlət İdarəsində müzakirə edildi. Bu müzakirədə, həmçinin Xarici İşlər Nazirliyində keçirilən görüşdə bildirildi ki, Xorvatiya Respublikasının Xarici İşlər Nazirliyi Xorvatiya ilə Azərbaycan  arasında əməkdaşlığa dair sənədin layihəsini hazırlayaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edib. Görüşdə həmin layihəyə vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığa dair bəndin də əlavə olunması tövsiyə edildi.
- Əməkdaşlığın qurulması üçün təkliflər oldumu?
- Təbii, Xorvatiya Respublikasının İctimai İdarəetmə Nazirliyinin təcrübəsindən istifadə edərək  Azərbaycanın dövlət qurumları üçün QHT-lərlə əməkdaşlıq sahəsində mütəxəssislərin hazırlanması, QHT-lərin fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində əməkdaşlığın qurulması, Avropa Komissiyası ilə əməkdaşlıq istiqamətində  geniş  imkanların yaradılması üçün Avropaya inteqrasiya istiqamətində birgə layihələrin həyata keçirilməsi kimi təkliflər irəli sürüldü. Hesab edirəm ki, təklif olunan  əməkdaşlıq istiqamətləri  dövlətlərarası münasibətlərin inkişafına, həmçinin ölkəmizdə Avropaya inteqrasiya sahəsində görülən işlərə və bu sahədə vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlığına müəyyən fayda verə bilər. Vətəndaş cəmiyyəti quruculuğu və dövlət - QHT əməkdaşlığı baxımından Avropanın  qabaqcıl ölkələrindən biri kimi təqdim olunan Xorvatiya Respublikası ilə  tanışlıq  Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu sahəsində görülən işlərin Avropa standartlarına uyğun aparıldığını və ölkəmizin təcrübəsinin digər dövlətlərə nümunə  ola biləcəyini söyləməyə əsas verir. Ölkəmizin bu sahədə qazandığı uğurlarda, cənab Prezidentin son dövrlərdə vətəndaş cəmiyyətinin inkişafı sahəsində imzaladığı fərman və sərəncamların müstəsna  əhəmiyyəti var.
- Azərbaycandakı QHT-lərlə Xorvatiya QHT-lərini necə müqayisə edərdiniz?
Bizdə də bu sahədə böyük inkişaf var. Bunu yalnız daxildə deyil, xaricdə də təsdiqləyirlər. Bu sahəyə dövlət qayğısı yaxın zamanlarda bizim QHT-lərin də Avropa səviyyəsinə çaxacağına bizdə tam əminlik yaradır.


 

Azay Quliyev Xorvatiya Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Dövlət Şurasının prezidenti Lidiya Paviçə Bakını əks etdirən süvenir hədiyyə edir

Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Lidiya Paviçlə birgə

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Xorvatiya Vətəndaş Cəmiyyətinin İnkişafı üzrə Dövlət Şurasının ofisinin önündə

QHT-lərlə əməkdaşlıq üzrə Dövlət İdarəsinin başçısı İqor Vidaçaka Azərbaycana məxsus ornamentlərlə bəzədilmış nərd hədiyyə edilir

Azay Quliyev Xorvatiyanın QHT-lərlə əməkdaşlıq üzrə Dövlət İdarəsi Beynəlxalq Əməkdaşlıq Departamentinin başçısı Tatyana Korlijaya kiçik xalça təqdim edir

Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Tatyana Korlijaya ilə xatirə şəkli çəkdirir

QHT-lərlə əməkdaşlıq üzrə Dövlət İdarəsinin departament rəhbəri Vesna Kasalo ilə xatirə şəkli

Xorvatiyanın İctimai İdarəetmə nazirinin müavini Davor Lyubanoviçlə

Qanunun Aliliyi və Demokratiyanın İnkişafı Mərkəzinin icraçı direktoru ilə birgə

Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Mərkəzi və Şərqi Avropa Departamentinin rəhbəri Filip Vuçaqa hədiyyə verilir


"Modern.az"
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir