Modern.az

Azərbaycanın və Türkiyənin Əmək və Sosial Müdafiə nazirlikləri razılığa gəliblər

Azərbaycanın və Türkiyənin Əmək və Sosial Müdafiə nazirlikləri razılığa gəliblər

15 Aprel 2011, 19:10

12 – 15 aprel 2011-ci il tarixində ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fizulu Ələkbərovla görüşüb, habelə nazirliyin müvafiq strukturlarının fəaliyyəti ilə tanış olublar. Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Modern.az-a bildirilib ki, dostluq və qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə iki nazirlik arasında 17 may 2010-cu il tarixdə Ankarada imzalanmış Birgə Daimi Komissiyanın altıncı iclasının Protokolundan irəli gələn vəzifələrin icrası istiqamətində görülən işlər geniş müzakirə olunub.

Tərəflər öz ölkələrindəki əmək, sosial müdafiə, məşğulluq, miqrasiya, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, xaricdə işləyən vətəndaşlarına göstərilən xidmətlər, beynəlxalq təşkilatlarla əmək və sosial müdafiə məsələləri üzrə fəaliyyət sahəsində əməkdaşlıq üzrə müzakirələr aparıb və bu sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv şəkildə davamını məqsədəuyğun hesab ediblər. Görüşlərin nəticəsi olaraq tərəflər aşağıdakılar barədə razılığa gəlblər:

Türkiyədə son illər ərzində peşə standartlarının hazırlanması ilə imtahan və sertifikatlaşdırılma sahəsində əldə olunmuş təcrübədən faydalanması məqsədilə qardaş ölkənin bu sahədə mütəxəssislərinin Azərbaycana səfərinin təşkili;
Azərbaycanda milli peşə standartları və milli ixtisas çərçivəsi   hazırlanarkən Türkiyədə mövcud olan milli peşə standartları və milli ixtisas çərçivəsinin əsas götürülməsi;
Azərbaycan Respublikası vətəndaşlarının Türkiyə Respublikası ərazisində və Türkiyə Respublikası vətəndaşlarının Azərbaycan Respublikası ərazisində işə cəlb olunması prosedurunun sadələşdirilməsi və dövlət rüsumu məbləğinə qarşılıqlı olaraq yenidən baxılması; 
Qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınması sahəsində təcrübə mübadiləsi;
Hər iki ölkədə tətbiq edilən sosial yardım proqramlarına dair məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı səfərlərin təşkili;
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Laboratoriyasına ekspert dəstəyin göstərilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili;
Türkiyə tərəfindən turizm, xüsusilə də mehmanxana işində müvafiq tələblərə cavab verən Azərbaycanlı əməkçi miqrantlara  üstünlük verilməsi;
əmək bazarının tələbləri müəyyənləşdirilərək ona uyğun əmək qüvvəsinin hazırlanması sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi.
  
Sonda tərəflər səlahiyyətləri çərçivəsində ölkələrində həyata keçirdikləri tədbirlər və fəaliyyətlər barədə bir-birini məlumatlandırmanın davam etdiriləcəyini vurğulayıb və qeyd olunan müddəaların həyata keçirilməsinə dair Protokol imzalayıblar. 

 Protokol Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə nazirinin müavini Ahmet Zahteroğulları tərəfindən imzalanıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?