Aprelin 15-də Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Amerika Birləşmiş Ştatlarının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı nazir FHN və onun qurumları haqqında, habelə nazirlik tərəfindən həyata keçirilən layihələr, nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. Həmçinin, görüşdə vacib infrastrukturun mühafizəsi, Xəzər dənizində baş verə biləcək fəlakətlərin aradan qaldırılması ilə bağlı təlimlər, daşqınların idarə olunması, ABŞ-ın Avropa Komandanlığı və Ordu Mühəndis Korpusu ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Səfir də öz növbəsində, Azərbaycan və ABŞ-ın müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamış və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Modern.az