Arxiv
24 Aprel 2017, 15:38 | AKTUAL
Sazın, sözün sevdalısı

Abid Tahirli

Düz söz, yaxud sözün düzü - Fikrətin kredosu

       
İstedadlı və nakam şair, tələbə yoldaşımız  Fikrət Mursaqulov  bir çox xüsusiyyətləri ilə onu tanıyanların xatirəsində  əbədi iz salmışdır. Dünya işığından məhrum olan Fikrətdə qibtəediləcək  həyat eşqi, yaşamaq, yaratmaq ehtirası vardı. Şaqraq, özünəməxsus gülüşü simasından əksik olmazdı. Siqaret çəkməyi, qullab vurmağı da  bir aləmdi. Zarafatı, ucadan, heç kəsə, heç nəyə məhəl qoymadan şeir deməyi çox sevərdi. Fikrətlə  gürcü balası  Givinin dostluğu dərdin dünyadan böyük olduğu zaman insanlararası  münasibətlərdə milli, dini ayrılığın, fərqin əridiyinə, itdiyinə dəlalət edirdi.    F.Mursaqulovu  çoxlarından fərqləndirən başlıca cəhəti isə ağına-bozuna, kimliyinə, mənsəbinə, vəzifəsinə baxmadan həqiqəti, sözün düzünü üzə deməsində idi. Bir misal çəkəcəyəm. Hər kəsin artıq, lazımsız hesab etdiyi mühazirədə Fikrət başını qolları arasına alıb yatar (gecələr demək olardı ki, yuxlamır, korlar üçün olan xüsusi kitabları  gecəboyu  barmaqları ilə “ oxuyardı”) ,
arada da bərkdən xoruldayardı. Bu hal bir neçə dəfə təkrarlandıqdan sonra mühazirə müəllimi dözmədi və əsəbi şəkildə “Səsləyin onu, elə bil, bura yatmağa gəlib”-dedi. Fikrət dovşandan da ayıq yatardı. Heç kimin onu dümsükləməsinə, çağırmasına ehtiyac qalmadı. Heyrətamiz cəldliklə dim-dik qalxdı və az qala bağırdı: “- Sizin  heç kimə lazım olmayan mühazirəyə qulaq asmaqdansa, yatmaqda fayda var”.  Sonra başını tavana dikib amiranə şəkildə  “Ayə, ay Mahmud, öyün yıxılmasın, məni tez  bayıra çıxar”- dedi.  Belə məqamı, fürsəti çoxdan gözləyirmiş kimi Mahmud cəld ayağa qalxdı,  bir müəllimə, bir auditoriyaya nəzər salıb, çiyinlərini çəkdi, qımışdı və adəti üzrə  “ş”-nı “s” ilə əvəzləyərək  “Bas üstə”- deyərək Fikrətin qoluna girib auditoriyadan çıxardı... Predmetin lazımsızlığı  haqqında hamı eyni cür fikirləşsə də, heç kimin ağlına gətirmədiyi fikri Fikrət dilinə gətirmişdi. Düz söz, yaxud sözün düzü Fikrətin həyat kredosu idi.


Dostunu göstər...

 

Nə gizlədim, məhz daha çox   buna görə Fikrəti yüksək dəyərləndirir, onun dostları ilə fikirləşmədən dostluq münasibətləri  qururdum. Fikrətlə qəlb bir, can bir dostlardan biri kömür kimi qara, qıvrım saçları və xoş xırıltılı səsi  ilə min adamın içində seçilən Həzi Həsənli idi. Onunla ilk dəfə 1973-cü ildə Jurnalistika fakültəsinə qəbul üçün birinci cəhdimiz zamanı tanış olsaq da, iş elə gətirdi ki, bir müddət bir-birimizi görmədik. Günlərin birində  auditoriyadan çıxanda Həzini Fikrəti qarşılayan gördüm. Yüz ilin dostları kimi görüşdük, hal-əhval tutduq. Fikrət soruşdu:  “Ayə, ay Həzi siz bir-birinizi  taneyermisiniz?” Həzi “-Qağa, tanıyırıq, özü də lap çoxdan”-dedi. Fikrətlə  olan bu üçlü görüşdən az qala 40 ilə yaxın vaxt keçir. O vaxtdan arada Həzinin “qeybə çəkildiyi” ( hərbi xidmət, istehsalat, əmək fəaliyyəti illəri, ikinci təhsil və s.) müddəti nəzərə almasaq, onunla daim ünsiyyətdə olmuşuq.

Həzi hər adama könül verən deyil. Onun insanlarla münasibətində  səmimilik, sədaqət, təmiz əməl, saf söz, ruh və düşüncə yaxınlığı əsas ölçüdür. Heç şübhəsizdir ki,  Fikrət Mursaqulov, Məmməd Nazimoğlu, Mehman Füturi ( ruhları şad olsun), Müzəffər Talıblı, Qafar Çaxmaqlı , Məhərrəm Qasımlı... ilə əbədi və sarsılmaz dostluğun təməlində də bu keyfiyyətlər durur. 


Taleyinə bənzər poeziya

     
Kövrək və kədərli, təbii və məğrur, milli və müdrik...bu sözlər Həzi şəxsiyyətinə də, poeziyasına da eyni dərəcədə aiddir. Həzi Həsənlinin yaradıcılığı, imzası daim maraq dairəmdə olub,  bəlkə nadir həmkarlarımdandır ki, mətbuatda  gedən bütün yazılarını demək olar ki, hamısını  oxumuşam. Bu barədə  bir qədər ətraflı danışacağam. Çünki:

-Bu şairi oxumaq üçün içimdə bir ehtiyac duydum ( Flora Xəlilzadə. Sinəsi dastan dolu. “Ədalət “qəzeti , 21 aprel 2011);

-Nə vaxt könlünə bir udum Borçalı havası düşdü Həziyə üz tut. Onun sinəsi bu havayla dopdoludu:

Bu necə çəməndi, bu necə güldü?

Nərgizlər boy verdi, lalələr güldü.

“Sarıtel” çalındı, duman çəkildi.

Çəkdim ciyərimə yaz havasını.

(Məhərrəm Qasımlı. Bir udum Borçalı havası. “Kəhər at nalı neylər...: kitabına ön söz)

-Bu kitab ( H. Həsənlinin Fikrət Mursaqulovdan bəhs etdiyi “İşıq əlffası”ndan gedir- T. A.) məni elə kövrəltdi, elə təsirləndirdi ki, nəyi necə yazdığımı və ümumiyyətlə, yaza bilib bilmədiyimin fərqində deyil. Həzi Həsənli, üzümü sənə tuturam. Etiraf edim ki, mən xatirə-povestlər oxumuşam və hərəsi də məndə bir ovqat yaradıb. Amma sən bu kitabınla sözün bütün mənalarında mərhum şairimiz Fikrət Musaqulova bir söz abidəsi yapmısan. Özü də təkcə ona yox, bu kitabda adı çəkilən, dünyadan nakam köçmüş söz adamı Məmməd Nazimoğlunun da, üstəlik qolları Fikrətə yol olan Giviyə də! Fikrətlə bağlı fikirlərini ürəklə, amma nisgillə dilə gətirən digər ziyalılarımızı da yenidən işıqlı məqamdan, işıqlı nöqtədən oxucuya göstərmisən.  (Əbülfət Mədətoğlu.  Bu zalım dünyada. “Ədalət” 5 may, 2012).

-“İşıq əliffası” kitabında Həzi Həsənli F. Mursaqulovun  portretini bədii obraz səviyyəsində yaratmağa müvəffəq olmuşdur. Bunu təmin edən birinci amil səmimiliyi, duyğu və düşüncələrinin ifadəsində təbiiliyi qoruya bilməsidir (İlham Abbasov. İşıqlı dünyanın adamı. «Uğur» nəşriyyatı, Bakı, 2012, 140 səh.  Kitaba ön söz ).

- Atam bir gün işdən evə gələndə mənə bir kitab göstərmişdi. Kitabın üstündə müəllifin adı yazılmışdı: Həzi Həsənli. Kitabın adı isə “Siz ey sevdiklərim...” adlanırdı. Həmin dəqiqə kitabı oxumağa girişdim. Şeirləri oxuya-oxuya Həzi əmini gözümün qabağına gətirirdim. Hər şeirdə onun sərt üzü görsənirdi. Onun şeirlərinin kənd havası mənə bizim Muğanlını xatırlatdı. Yeddi ildir ki, getmədiyim, dağlarının görkəmini unutduğum Muğanlı kəndini...  (qafqazinfo,13 may 2015).

- Lerikdə isə eşitdim ki, başqa bir şair dostum, tələbə yoldaşım Həzi Həsənli ötən payız burada olub və qayıdanbaş "Lerik duyğularım- lirik duyğularım" adlı təəssüratlarını qəzetlərin birində çapa verib. O yazını mən də oxudum və Həzinin poetik müşahidələrindən xeyli duyğulandım: 

Göynədər gözümdə şeh hərdən məni,
Çeşmələr çağırar, şəhərdən məni,
Görməsəm yandırar qəhərdən məni,
Yaylaq həsrətimin körük dağları,
Nə yaxşı görüşdük Lerik dağları.

( Əli Nəcəfxanlı. Baxıb cəlalına sevinir dağlar. “Xalq qəzeti”. 20 aprel 2010).

-...Həzi Həsənli şeirə ana südü kimi baxır və ona haram qatmaq niyyəti yoxdur.Qardaşım Həzi Yenisey çölləribdən, Altayın ətəklərindəniz alıb gələn bir cığırla yol tutub getməkdədir (Məmməd Nazimoğlu. Biz sözün acıyıq, Həzi də, mən də. “Siz ey sevdiklərim” şeirlər kitabına ön söz).

       Əlbəttə, Həzinin  yaradıcılığı   haqqındakı müxtəlif məqalələrdən gətirdiyimiz sitatlardan da görünür ki, müəlliflər  onun əsərlərinə fərqli aspektlərdən yanaşsalar da, ortaq qənaətlərdə birləşirlər: Həzi istedadlı, səmimi, duyğulandıran, düşündürən şair- publisist, qədirbilən, təəssübkeş insandır. Mübaligəsiz deyirəm ki, onun  söz  dünyası sirli, sehirlidir, dərindir, genişdir, ana nəvazişi tək şirin, ata məsləhəti qədər dəyərlidir. Bu qənaətdəyəm ki, elə- obaya,  yurda- yurddaşlara, adət-ənənələrə milli duyğularla, böyük sevgi ilə qələmə alınmış, mənəvi dəyərlərlə zəngin, sənətkarlıq baxımından təqdirəlayiq Həzi Həsənli poeziyası, publisistikası özündən  gen-bol və səxavətlə bəhs etmək haqqını qazanmışdır.

Həzi həsrət şairidir. Borçalının, ata-baba ocağının nisgili, doğma diyarın pərişanlığı  Həzinin qələmində elə təsvir və təqdim olunur ki, onun  ağrı-acısı istər-istəməz oxucunu həyəcanlandırır, riqqətə gətirir. O, fərdi ovqatı, hiss və şəxsi yaşantıları  poetik ideyaya çevirməyi, ona ictimai məna və ruh verməyi bacarır:

Durnalar köç eylər, darıxar ürək,

Qollarım uzalı, əlim çatammaz. (Bir payız axşamı)

Yaxud,

Xəyalım bulud tək doldu, boşaldı.

Mənim baharımı boran, qış aldı.

Baxdım ata yurda gözüm yaşardı,

Gəlmişəm, “Yal yolu”, tozundan öpüm.(Gəlmişəm).

Həzinin kökə, soya, el-obaya, doğma ocağa bağlı, təbiəti vəsf edən   misralarından Aşıq Ələsgər, Aşıq Alı, Məmməd Araz, Hüseyn Arif, Zəlimxan Yaqub poeziyasının ətiri, qoxusu gəlir:

Gəlin bir də halallaşaq,

Qadanızı alım, dağlar.

Dözəmmərəm uzaqlaşsaq,

Qoy seyrinə dalım, dağlar. (Dağlar) , yaxud

Vətənim, itənim, tənim- a bəllim,

A şirin avazlım, a şirin dillim.

Əcdadım, əzəlim, ilkim, əvvəlim.

Məkanım, ay Şuşam, sonum, ay Şuşam! (Şuşa).

Həzi Həsənlinin dilinin sadəliyi, oynaqlılığı , canlılığı,  koloriti onun şeirlərinnin təsir gücünü artırır, fikrin həm dərinliyinə,  dolğunluğuna xidmət edir:

“Dubeyti” ürəyim, “Dilqəmi” qanım,

Bunları asta çal, sən mənim canım.

“Yanıq Kərəmi”də alışım-yanım,

 Bağrını yandırım köz havasının.( Xəyalım xalların içində azdı).

Həzinin portret dünyası

 
Xalq şairləri Hüseyn Arif  (Yaddaşımdakı Hüseyn Arif və ya söhbəti də səmimi idi, ülfəti də), Zəlimxan Yaqub ( Unudulmaz  Zəlimxan Yaqub), alman dili mütəxəssisi, istedadlı  tərcüməçi, professor  Çərkəz Qurbanlı (Amalı və əməli bütöv insan) tanınmış şairlər Fikrət Sadıq  (Ağ işıq və ya unudulmaz şairimiz Fikrət Sadıqı  bir daha xatırlayarkən), Eldar Nəsibli ( Bircə qarış torpağa dönə bilsəydim Qazaxda), Əli Nəcəfxanlı ( Uzaq illərin yaxın dostu), tanınmış pedaqoq, alim, dövlət qulluqçusu  Əmirxan Babaşov (Alim ömrünün mənası),  eləcə də nakam şairlər Fikrət Mursaqulov (İşıq əlifbası),  Akif Afşan (Yaşasaydı, yazardı) haqqında yazdığı xatirələr, portret oçerklər, məqalələr Həzi Həsənlinin mahir publisist olduğuna dəlalət edir. Onun  publisistikası səciyyəvi cəhətləri ilə maraqlı və yaddaqlandır.   Həzi Həsənli:

-         aktual, əhəmiyyətli mövzu, problemlə ilgili  xarakterik fakt seçməyin və ondan yerli- yerində istifadə   mahir ustasıdır;

-         o, eşitdiklərindən daha çox gördüklərinə, müşahidələrinə istinad edir;

-         oxucuya  təsir etməyi,  onu inandırmağı, düşündürməyi bacarır;

-          qəhrəmanının qabarıq məziyyətlərini səmimi şəkildə, sevə-sevə təsvir və təqdim edir, bu üsulla da öz sevgisini digərlərinə də sirayət etdirir;

-          istifadə etdiyi bədii  təsvir və ifadə vasitələrinin köməyi ilə hadisələr, görüşlər, onlarla əlaqəli faktlar və rəqəmlər barədə zəngin və unudulmaz təəssürat yaradır;

-          sənədlə yaradıcı təfəkkür  və  bədii düşüncənin sərhədlərini bilir, duyur, onların  harmoniyasını yaradır.

H. Həsənli “Unudulmaz Zəlimxan Yaqub” oçekində  sənətkarın bənzərsiz portretini yaratmış, onu bir milli, vətəndaş şair və böyük insan obrazını canlandırmışdır.  O,  xəstəliklə üz-üzə qalan şairlə sonuncu görüşünü belə təsvir edir:

“İçində həyatla ölümün savaşı gedirdi sanki. Onun bu halı ürəyimi yaraladı, könlümü ağrıtdı, qəlbimi göynətdi. Dağlar kimi vüqarlı görkəmindən, əzəmətli qədd-qamətindən, məğrur baxışından, ləngərli yerişindən, şaqraq gülüşündən, aslanların mahnısına yatan səsindən əsər-əlamət qalmasa da, yaşamaq, yaratmaq həvəsi diriydi, təmkini yerindəydi. Tanrı eşqini sevə-sevə, ürəyində yaşada-yaşada yaşayırdı. Coşqun təbindən doğulan poetik duyğularla dolu söhbətləri bitib tükənmirdi. Yazın nəfəsi gələndə də, suların səsi duyulanda da, qışın sazağı göylərin ətəyinə baş qoyan, şairi başına qaldıran uca dağların zirvəsinə vüqarlı və qübarlı qar gətirəndə də qəlbi nur çeşməsi kimi aşıb-daşır, həyat eşqindən danışırdı. Danışdıqları Uca Tanrıya tapınan şair nəfəsinin dərinliklərindən gəlirdi.”  Burada Həzi  şairdən onun   natiqlik üslubuna  və yazı tərzinə uyğun bəhs etməklə   Zəlimxan Yaqub xarakterinə xas cəhətləri daha uğurla ön plana çəkməyi bacarmış və  görüş barədə təsirli təəssürat yarada bilmişdir.  

Həzi Həsənlin Hüseyn Arif haqqında xatirəsi də eyni sevgi, eyni məhəbbətlə qələmə alınmışdır. Müəllif  burada şairlə ilk görüşünü, ilk söhbətini xatırlayır, Hüseyn Arifin Vətəni, onun füsunkar təbiətini tərənnüm edən  poeziyasından söz açır, “ağappaq ümid kimi könlündən” keçən misraları ilə oxucusunu feyziyab edir. Həzi səriştəli publisistlərə məxsus ustalıqla  Hüseyn Arifi  həm istedadlı şair kimi, həm də maraqlı bir insan kimi yada salır: “O, həyatda qayda-qanunla yaşamağa meylli deyildi, özünü çərçivəyə salan deyildi, azad insan idi, müdrik insan idi. Ona görə də dildə - ağızda onun təfəkküründən süzülüb gələn o qədər deyimlər, lətifələr dolaşmaqdadır ki... Bir gün Xalq yazıçısı Mirzə İbrahimov ona zəng vurub deyir: - Hüseyn, bu gün Yazıçılar İttifaqında partiya iclası var. Sənin iştirakın vacibdir.

Hüseyn Arif deyir:

- Baş üstə, Mirzə müəllim, siz iclasınızı keçirin, mən sabah gələrəm.”

 Bu cür hadisələri nəql etməklə publisist qəhrəmanının real obrazını canlandırmağa müvəffəq olur.

Bir neçə kitabın, onlarla publisistik məqalənin müəllifi Həzi Həsənlinin 60 illiyi münasibəti ilə qələmə aldığım bu yazıda dostumuzun həyatına və yaradıcılığına kədərli iz salmış  bəzi üzücü olaylardan bilərəkdən bəhs etmədim. İstedadlı şair- publisistə çoxşaxəli fəaliyyətində, yaradıcılığında yeni uğurlar arzulayıram. Bundan sonra tale səni yalnız sənət meydanında sınağa çəksin, əziz dostumuz!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu avtomobillərə sərnişindaşımaq qadağan olunacaq 4 Aprel 2020, 13:26 Heydər Əliyev Mərkəzinin binasında həmrəylik mesajı - Video - Foto 4 Aprel 2020, 13:20 MSK-nın maşını oğurlandı 4 Aprel 2020, 13:19 Qaxda karantin rejimini pozanlar həbs edildi - FOTO 4 Aprel 2020, 13:10 Hacıqabulda bir qrup yaşlı kimsəsiz şəxslərə ərzaq verildi - FOTO 4 Aprel 2020, 13:08 Rusiyada koronavirusa yoluxanlar və ölənlər artdı 4 Aprel 2020, 13:03 Bakı-Sumqayıt yolunda çıxarılan ağaclar bu rayonlara köçürüləcək - AÇIQLAMA 4 Aprel 2020, 12:54 Avtomobillə sərnişin daşıma QADAĞAN OLUNUR 4 Aprel 2020, 12:48 Sabahın HAVA PROQNOZU 4 Aprel 2020, 12:40 Evdə qal və əməliyyatları Müştəri Bank-la et! 4 Aprel 2020, 12:34 DİN-dən jurnalistlərə xəbərdarlıq: Avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzsiz 4 Aprel 2020, 12:32 Heydər Əliyevlə şair Qabilin zarafatları-2 - VİDEO 4 Aprel 2020, 12:27 Koronavirus beyinə ciddi zərər vura bilər  4 Aprel 2020, 12:25 “Bakının mərkəzindən kənarda olan rayonlarda belə, internet problemi var” - Distant təhsilə əngəl 4 Aprel 2020, 12:18 Polis karantin qaydalarını pozan 3 obyekt aşkarladı 4 Aprel 2020, 12:10 Koronavirus tələb edir: Əkinə yararlı torpaqlardan səmərəli istifadə olunsun 4 Aprel 2020, 12:06 106 yaşlı kişi koronavirusdan sağaldı 4 Aprel 2020, 11:55 Ermənistanda virusa yoluxanların sayı 800-ə yaxınlaşır 4 Aprel 2020, 11:45 Tibb Universitetinin könüllü tələbələri klinikalara GÖNDƏRİLDİ 4 Aprel 2020, 11:35 Azərbaycanda klinikanın 10 işçisində koronavirus AŞKARLANDI 4 Aprel 2020, 11:18 Türk PA Dağlıq Qarabağdakı qondarma seçkiləri qınadı 4 Aprel 2020, 11:13 Qənirə Paşayeva seçicilərinə yardım göndərdi 4 Aprel 2020, 11:08 Nazirlər Kabineti AYDINLIQ GƏTİRDİ: “Bu şəxslər mağaza, bank və apteklərə getməkdə sərbəstdirlər!” 4 Aprel 2020, 11:00 İbrahim Məmmədov: SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq 4 Aprel 2020, 10:58 Gömrükçülər aztəminatlı ailələrə ərzaq yardımı etdilər   4 Aprel 2020, 10:53 BMT Azərbaycanın koronavirusla mübarizəsini alqışlayır 4 Aprel 2020, 10:52 Son sutkada karantin rejimini pozan 2189 sürücü və sərnişin CƏZALANIB 4 Aprel 2020, 10:46 İmmuniteti gücləndirən qidalar - SİYAHI 4 Aprel 2020, 10:45 Mərkəzi Bank hərraca 200 milyon manat cəlb edir 4 Aprel 2020, 10:36 Məşhur müğənni koronavirusa yoluxdu 4 Aprel 2020, 10:27 Neftin qiyməti yüksəlir 4 Aprel 2020, 10:19 Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 4 Aprel 2020, 10:08 Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi olub 4 Aprel 2020, 10:04 “Bütün əhali evdən çıxmadan testdən keçirilsin” - Karantin xəstəxanasının həkimi 4 Aprel 2020, 10:02 Astarada narkotacir iş başında yaxalandı 4 Aprel 2020, 09:50