Modern.az

Türkmənistanlı tələbə: “Mənə ADU ilə maraqlanmağı məsləhət gördülər”

Türkmənistanlı tələbə: “Mənə ADU ilə maraqlanmağı məsləhət gördülər”

26 Aprel 2017, 12:18

Azərbaycan Dillər Universitetində (ADU) təhsil alanlar sırasında müxtəlifdövlətlərin vətəndaşı olan tələbələr də var. Onlardan biri də diplomat olmaq arzusu ilə universitet axtarışına başlayan və 2016-2017-ci tədris ilində ADU-nunRegionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinə daxil olan türkmənistanlı tələbə Hurma Burkazovadır.

 

Tələbəlikdən öncə bir neçə dəfə ölkəmizdə olan H.Burkazova Bakı şəhərinə heyran qalıb və bu tanışlıqdan sonra təhsilini burada almaq qərarına gəlib: “Mən diplomat olmağı arzulayırdım. Bu məqsədlə mənə uyğun olan universitetləri araşdırmağa başladım. Bu zaman mənə Azərbaycan Dillər Universiteti ilə maraqlanmağı məsləhət gördülər”.Onun sözlərinə görə, tədris ilinin əvvəlində dərslərində müəyyən çətinliklərlə üzləşsə də, müəllimlər və tələbə yoldaşları ilə tezliklə dil tapıb və indiyə kimi də dərslərə hazırlıq prosesində bir-birilərinə kömək edirlər.

 

Doqquz aya yaxındır ki, Azərbaycanda olan H.Burkazova vaxtının əsas hissəsini dərslərinə sərf edir, boş vaxtlarındaisə universitetdə keçirilən müxtəlif təlimlərə qatılır, şəhərdə gəzintiyə çıxır. Tələbəmiz ölkəmizdə ona problem yaradan yeganə məsələnin Azərbaycan dilini bilməməsi olduğunu, amma universitet həyatında insanlarla ünsiyyət qurmaqda çətinliklə üzləşmədiyini söyləyib.

 

İki ölkə və onların təhsil sistemi arasında oxşar və fərqli cəhətlərdən danışarkən H.Burkazova “Xüsusi eynilik və ya fərqlilik yoxdur, amma mənim ölkəmdə ali təhsil müəssisələrində milli geyimlə sıx bağlı olan xüsusi formalar geyinilir”-deyə bildirib. O, haşiyə çıxaraq ADU-da dərslərin başlama və bitmə vaxtını təyin edən zəngin milli musiqilərimizlə əvəzlənməsini təqdirəlayiq hal kimi qiymətləndirib. 

 

Tələbəmizin Azərbaycan, onun təbiəti, mətbəxi haqqında xoş təəssüratları var. O, Bakı ilə yanaşıQəbələ, Şəki, Şamaxı, Göyçay rayonlarında olub və ölkəmizin təbiəti onun zövqünü oxşayıb. Azərbaycan mətbəxinin piti, şah-plov, dolma, şəkərbura kimi təamları isə H.Burkazovanın ağız dadına tam uyğun gəlib. O, bu təamları çox bəyəndiyini qeyd edib.

Ölkəsi, valideynləri və dostları üçün darıxan tələbəmiz təhsilini bitirdikdən sonra öz vətəninə qayıtmaq,diplomat kimi çalışaraq cəmiyyətə yararlı insan olmaq arzusundadır.

“Sülh olmadan xəyallarımız gerçəkləşməyəcək”- deyən H.Burkazova sonda hər kəsə uğurlar, sülh və əmin-amanlıq arzulayıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi