Modern.az

“Kənd təsərrüfatında istehsalçıları narazı salan məsələlər qaydaya salınmalıdır”

“Kənd təsərrüfatında istehsalçıları narazı salan məsələlər qaydaya salınmalıdır”

11 Noyabr 2009, 17:48

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentdə büdcə müzakirələri zamanı bildirib ki, bəzilərinin 2010- cu ilin büdcə gəlirləri və xərclərinin 2009- cu ilin göstəricilərindən az nəzərdə tutumasına pessimist fikirlərlə yanaşmasını düzgün hesab etmir. Deputat deyib ki, hazırda dünyanı ən çox narahat edən  işsizlik və yoxsulluq probleminin aradan qaldırılmasında geniş imkanları olan aqrar bölmə həmişə ölkə rəhbərliyinin diqqətində olub və gələn ilin büdcə layihəsində də bu, öz əksini tapıb. 
Millət vəkilinin sözlərinə görə, 2010- cu ilin dövlət büdcəsindən kənd təsərrüfatına ümumu xərclərin 3,4 faizi həcmində (382,7 milyon manat) vəsait ayrılması 2009- cu ilin gözlənilən icrasına nisbətən 15 faiz şox olmaqla aqrar sahənin optimal artım sürətinə tam uyğundur. “Bu artımın Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi üzrə 18 faiz, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti üzrə 23 faiz olması gələcəkdə daha sürətli və dinamik inkişafa nail olmağa yetərlidir.
Mən sizin diqqətinizi kənd təsərrüfatında həlli vacib olan bəzi məsələlərə cəlb etmək istəyirəm. Hazırda ölkəmizdə aparılan  aqrar islahatlar nəticəsində xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq tam formalaşmış və möhtərəm Prezidentimizin qeyd etdiyi kimi bazar iqtisadiyyatına keçid dövrü başa çatmışdır. Bunu aqrar sahədə son illər əldə edilən uğurlu nəticələr də sübut edir”-deyə E.İbrahimov bildirib. Onun sözlərinə görə, artıq aqrar sahənin inkişafında yeni mərhələ başlayıb. Bu mərhələnin əsas hədəfləri məhsuldarlığı artırmaq, yeni texnika və texnolgiyalar tətbiq etməklə rəqabət qabiliyyətli məhsullar istehsal etmək və xarici bazarlara çıxmaqdır: “Bu gün kənd təsərrüfatı məhsulları istehsalçılarını məhsulu necə istehsal etmək yox, istehsal olunan məhsulu satmaq məsələsi  ciddi narahat edir. Xüsusilə emal müəssisələri ilə kənd təsərrüfatı məhsulları istehsalçıları arasında mövcud vəziyyət hesab edirəm ki, hökumət səviyyəsində araşdırılmalı və istehsalçıları narazı salan məsələlər qaydaya qoyulmalıdır. Əks təqdirdə biz növbəti illərdə bəzi məhsulların istehsalının kəskin azalması ilə üzləşə bilərik. Belə bir neqativ vəziyyətin baş verməməsi üçün yaxşı olar ki, hər ilin dövlət büdcəsində müxtəlif kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikintisi nəzərdə tutulsun və onlar gələcəkdə kənd təsərrüfatı kooperativlərinin mülkiyyətinə verilsin. Bir sözlə, kənd təsərrüfatı məhsulları istehsalçılarının Avropa ölkələrində olduğu kimi, özlərinin emal müəssisəsi, şəhərlərdə daimi satış yerləri və kredit təşkilatlarının olması yeni mərhələnin tələbidir və bu məsələnin həllində dövlət dəstəyinə ehtiyac vardır. Bunları fermerlər özləri xahiş edir və hökumət bu məsələlərdə lazımi köməklik göstərdiyi  halda onlar məhsul istehsalı üçün büdcədən verilən subsidiyalardan imtina etməyə də hazır olduqlarını bildirirlər. Bu məsələnin həllində kənd təsərrüfatı məhsullarının satışında böyük təcrübəsi, lazımi maddi- texniki bazası və kadr potensialı olan “Azərittifaq”ın imkanlarından da səmərəli istifadə etməyin vaxtı çatmışdır. Bu məqsədlə yaxşı olar ki, büdcədən “Azərittifaq”a güzəştli şərtlərlə kredit ayrılsın və şəhərlərdə kənd təsərrüfatı məhsullarının satışına dair ona dövlət sifarişi müəyyən edilsin. Bu, şəhər  sakinlərini müntəzəm olaraq ucuz və keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları ilə etibarlı təmin etməklə yanaşı, həm də bu sahədə inhisarçılığın aradan qaldırılmasına, məhsulun müxtəlif alternativ yollarla satışının təşkilinə, daxili və xarici bazara rəqabətə davamlı məhsul çıxarılmasına imkan verər. Eyni zamanda istehsalçılarda böyük stimul yaradaraq büdcə vəsaitinə qənaət etməyə səbəb olardı”.
Komitə sədrinin fikrincə, kənd təsərrüfatında yeni texnika və texnologiyaları tətbiq etməklə  rəqabətqabiliyyətli məhsul istehsal etmək, məhsuldarlığı artırmaq və xarici bazarlara çıxmağı təmin etməküçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsi hesab olunur. Hazırda dünya ölkələrinin çoxunda satılan kənd təsərrüfatı və emal məhsullarının 80- 100 faizi kənd təsərrüfatı kooperativlərinin payına düşür. “Hesab edirik ki, belə kooperativlərin yaradılmasının sürətləndirilməsində dövlət dəstəyinə ehtiyac vardır. Bu məqsədlə kənd təsərrüfatı kooperasiyasına dair müvafiq qanunun və dövlət proqramının  qəbul edilməsi və həmin proqramın icrasına büdcədən vəsait ayrılması problemin həllinə yardım edərdi”.
E.İbrahimov deyib ki, kənd təsərrüfatında ən vacib tədbirlərdən biri də damazlıq və toxumçuluq işinin təşkilidir. Bu amil nəzərə alınaraq  son vaxtlar xarici ölkələrdən dövlət vəsaiti hesabına damazlıq heyvanlar və toxum alınmasına və büdcədən subsidiya verilməsinə başlanılıb: “Lakin xaricdən alınıb gətirilən damazlıq heyvanlar pərakəndə formada, müvafiq zoobaytar xidməti, yem bazası və digər lazımi şəraiti olmayan xırda təsərrüfatlara verildiyindən,  bu heyvanlar arasında ölüm halları çoxalır və məhsuldarlığın artımında əsaslı dəyişiklik müşahidə olunmur. Bununla əlaqədar damazlıq heyvandarlığın yüksək peşəkarlıqla idarə olunması, damazlıq təsərrüfatalara maddi- texniki və metodik yardım göstərilməsi və bu məsələnin daim dövlət nəzarətində saxlanılması üçün Kənd Təsərrüfatı Nazirliyinin tərkibində damazlıq üzrə hər hansı formada xüsusi qurumun yaradılması məqsədə uyğun olardı. Toxumçulq işinin idarə olunmasında da hesab edirik ki, belə bir qurumun yaranmasına ehtiyac vardır”.
Millət vəkili bildirib ki, 2010- cu il dövlət büdcəsi xərclərinin əvvəlki illərdən çox, yəni  26 faizinin sosial məsələlərə xərclənməsinin və ölkə iqtisadiyyatına 2009-cu ilə nisbətən 12,5 faiz çox investisiya qoyulmasının nəzərdə tutulması onu göstərir ki, gələn ilin büdcəsi də həmişə olduğu kimi sosial yönümlü və investisiya tutumludur.

"Modern.az"

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir