Modern.az

Aptek rəhbərləri: “Lisenziya almaqda problem yoxdur”

Aptek rəhbərləri: “Lisenziya almaqda problem yoxdur”

Aktual

26 Aprel 2017, 17:01

Son vaxtlar psixotrop və güclü təsir edici tərkibli dərmanların satışını həyata keçirmək istəyən sahibkarların ciddi çətinliklərlə üzləşməsi barədə ölkə mediasında yazılara tez-tez rast gəlinir. Xüsusilə də lisenziya verən dövlət qurumlarının hələ də maneçilik törətdiyi vurğulanır.

Hətta Milli Məclisin aprelin 25-də keçirilən iclasında bir neçə deputat psixotrop maddələrin satışını həyata keçirən apteklərin sayının məhdud olmasından narazılığını ifadə edib. Onlar iddia edib ki, bir sıra apteklər müvafiq qurumlara xüsusi icazə üçün müraciət etsələr də, 1 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də icazə ala bilməyiblər.

 

Aptek rəhbərləri bu barədə  tamam fərqli düşünürlər.

 

Avromed” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əzizə Baxşiyeva Modern.az-a bildirib ki, bununla bağlı söylənilən fikirlər tam əsassızdır:

 

“Psixotrop və güclü təsir edici tərkibli dərmanların satışı ilə bağlı lisenziya almaqda heç bir problem yoxdur. Sadəcə, bunun üçün ilk növbədə Səhiyyə Nazirliyinə müraciət olunur.

Nazirlik isə həmin müraciət edənin göstəricilərinin tələblərə uyğun olub olmadığını yoxlayır. Əgər onların imkanları müvafiq qaydalara uyğundursa, bundan sonra həmin sənədlərə Səhiyyə Nazirliyi müsbət rəy verir və Daxili İşlər Nazirliyinə göndərilir.

DİN bütün sənədlərin qaydasında olduğuna əmin olduqdan sonra belə tərkibli dərmanların satışına icazə verir. Burda hansısa maneədən söhbət gedə bilməz”.

 

“MərkəziAptek”-2008 MMC-nin direktoru Fuad Qasımov hazırda bu sahədə heç bir problem olmadığını bildirib:

 

“Lisenziya verilərkən həmin şəxsin kimliyi, əvvəllər məhkum olub-olmadığı, həmçinin tibbi təhsili yoxlanılır. Biri dülgərdir, biri çilingərdir, gedib aptek açıb lisenziya tələb edirlər. Lisenziya almaq üçün şəxs mütləq tibbi təhsilli olmalıdır”.

F. Qasımov deyib ki, Azərbaycanda vaxtlar psixotrop və güclü təsir edici tərkibli dərmanların satışı üçün lisenziya alan ilk şəxsdir:

“Mən, eləcə də aptekdə çalışan işçilərimiz ali təhsillidir. Hər şey qanun çərçivəsində olmalıdır.

Yəqin ki, deputatlara yanlış məlumat verilib. Lisenziya almaq üçün 7 instansiyadan keçilməlidir. Sonuncu Narkotiklərlə Mübarizə İdarəsidir ki, onlar da bütün sənədlər qaydasında olan zaman heç bir çətinlik yaratmırlar. Sadəcə tələb edilən sənədlər qaydasında olmalıdır. Sənədləri yerində olmayan, amma lisenziya almaq istəyən apteklər isə qanunsuz olaraq psixotrop maddələrin satışı ilə məşğuldurlar.

Prosedur elədir ki, bütün sənədləri toplayıb Səhiyyə Nazirliyiniə müraciət edirsən. Lisenziya almaq istəyənlərin göstəriciləri Səhəyyə Nazirliyinın, eləcə də qanunvericiliyin tələb etdiyi bütün şərtlərə uyğun gəlməlidir. Bundan sonra nazirlik müsbət rəy verir. Sonuncu müraciət edilən qurum isə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsidir ki, məhz psixotrop və güclü təsir edici tərkibli dərmanların satışı  üçün lisenziyanı bu qurm verir. Bütün sənədlər və texniki göstəricilər qaydasında olduqda, heç bir problemsizDaxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsi lisenziya verir”.

 

“Loğman” farm MMC-nin rəhbəri Hamlet Mehdizadə isə lisenziyaların daimi olması ilə bağlı qərarı xüsusi vurğulayıb:

 

“Biz hər dəfə əziyyət çəkib sənəd toplayırdıq, indi bu məsələ tamamilə həll edilib. Psixotrop maddələrin satışına gəldikdə, bu sahədə heç bir problem yoxdur. Tələb olunan sənədlər yerində olduqda Səhiyyə Nazirliyinə, oradan keçdikdən sonra Daxili İşlər Nazirliyinə müraciət olunur. Əlavə rüsum tələb olunmur, hansısa çətinlik yaradılmır. Nəzərə almaq lazımdır ki, psixotrop maddələr hər xəstəyə təyin edilmir. Ona görə də satışın bütün apteklərə həvalə edilməsi düzgün olmaz.

Digər tərəfdən, psixotrop maddələrin satışı üçün aptekdə yer olmalıdır. Bunun üçün 10 kvadratmetr tələb edilir. Əgər aptekin sahəsi 35 kvadratmetrdirsə, təbii ki, orada psixotrop maddələrin satışı həyata keçirilə bilməz. Bundan başqa, aptek daim polis mühafizəsində, qapı-pəncərəsi dəmir barmaqlıqlı olmalıdır. Mən 4 gün əvvəl müraciət etmişəm, bu gün gedib 2 aptek üçün rəy alacağam. Bu, mənim dövriyyəmə uyğundur. Mənə lazım deyil ki, bütün apteklərimdə psixotrop maddələr satılsın. Psixotrop maddələrin hər rayonda bir yerdə olması kifayət edir”.

 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər