Modern.az

Horadiz xalçaçılıq filialı öz fəaliyyətini genişləndirir

Horadiz xalçaçılıq filialı öz fəaliyyətini genişləndirir

27 Aprel 2017, 11:23

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı özünə heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının  qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. Qarabağ xalçaları isə öz rənga-rəngliyinə və müxtəlif naxış elementlərinə görə xalqımızın xalçaçılıq mədəniyyətində özünəməxsus yeri vardır. “Azərxalça” ASC-nin ilk filialının Füzuli rayonunda Horadiz şəhərində yaradılması heç də təsadüfü deyil. Çünki Ho­ra­diz­də fəaliyyət göstərən fi­li­al Azər­bay­ca­nın ta­ri­xi xal­ça­çı­lıq mər­kəz­lə­rin­dən olan Qa­ra­bağ xal­ça­çı­lıq mək­tə­bi­ni təm­sil edir.


Modern.az-ın məlumatına görə, ümumi sahəsi 586 kvadratmetr olan Horadiz xalçaçılıq filialında hazırda  70  toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərir. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 70 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxuyurlar. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də rayonun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir.


Horadiz xalça filialında füzulili toxucular tərəfindən istehsal olunan xalçaların “Made in Azerbaijan” brendi altında  müxtəlif ölkələrə ixrac olunması nəzərdə tutulur.


Horadiz xalça filialında işləyən toxucular bildirirlər ki, onlar burada həm Qarabağ xalçaçılıq məktəbinin ənənələrini davam etdirir, həm də yaxşı əməkhaqqı almaqla ailələrinin sosial rifahını yaxşılaşdırırlar.


Rayon sakinləri Azərbaycanın xalçaçılıq sənətinin qorunmasına, təbliğinə və dünyada tanıdılmasına göstərdiyi köməkliyə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər. 


Horadiz xalça filialında istehsalın artırılması üçün əlavə 80 xalça toxucusunun işə qəbuluna başlanılıb. Hazırda rayonun müxtəlif kəndlərindən olan həmin xalça toxucuları üçün tədris kursları keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi