Modern.az

“Rauf Qurbanov gedib Azərbaycan tarixini yaxşı oxusun”

“Rauf Qurbanov gedib Azərbaycan tarixini yaxşı oxusun”

Aktual

27 Aprel 2017, 16:49

Bu ilin 28 apreli Azərbaycanın XI Qırmızı Ordu tərəfindən işğal olunmasının 97-ci ildönümüdür.  Bu tarixlə bağlı heç də birmənalı fikirlər yoxdur. Kommunistlər hər zaman bu günü Azərbaycan tarixinin “şanlı səhifəsi” kimi qəbul etməyə və etdirməyə çalışıblar. Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun 28 aprel tarixi ilə bağlı Modern.az saytına verdiyi müsahibə də bu faktı bir daha təsdiqləmiş oldu. Partiya sədri 28 aprel tarixinin işğal deyil, formasiya siyasəti olduğunu, bu tarixdən qabaq da bəzi “işğal faktları”nın həyata keçdiyini bildirib:
“Tomsondan əvvəl isə türklər Azərbaycana gəlmişdi. Tələt Paşa 1918-ci il sentyabrın 15-də sultana belə bir teleqram vurur: “Mən Bakını işğal etdim”. 
“Bəs necə olur ki, sən qardaş kimi Bakıya gəldin və sonra onu niyə ingilislərə təhvil verdin? Sən Azərbaycanı qardaş kimi erməni, bolşevik qırğınından, rus təcavüzündən qorumaq üçün gəlmişdinsə, o zaman niyə Bakını ingilislərə təhvil verib getdin?”.

Araşdırmaçı- jurnalist, haqqında bəhs edilən tarixi dövr barədə silsilə tədqiqatlar aparan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az saytına açıqlamasında R.Qurbanovun bu fikirlərinin kökündən yanlış olduğunu bildirib. Onun sözlərinə görə, Tələt Paşa ümumiyyətlə, Azərbaycanda- Bakıda olmayıb:

“Müsahibə ilə tanışam. Orada kökündən səhv olan fikirlər var. Tələt Paşa ümumiyyətlə, Bakıda olmayıb. Sovetlər dövründə Azərbaycan tarixi necə təhrif olunubsa,  indi də özünü bolşevik ideologiyasının, kommunizmin daşıyıcısı hesab edən insanlar da həmin o yanlışlıqlardan qaynaqlanaraq, bu cür mövqe sərgiləyirlər. Rauf Qurbanovun Azərbaycan tarixinin həmin dönəmləri ilə söylədikləri heç biri tarixi fakta söykənmir. Tələt Paşa Türkiyənin xarici işlər naziri idi. Almaniyada danışıqlar aparıb ki, almanlar gürcülərin müstəqilliyini tanıdığı kimi, Azərbaycanı da müstəqil ölkə kimi tanısınlar. Elə bir insanın adını bu məsələdə çəkmək və onu Tomsonla əlaqələndirmək doğru olmaz. Tomson Azərbaycana nə zaman gəlib? - 1918-ci il noyabrın 17-də, yəni, Qafqaz İslam Ordusu geri çəkiləndən sonra. Bu ordunun komandanı Nuru Paşa idi və onun rəhbərliyi ilə Azərbaycanın bütövlüyü təmin olunub. Rauf Qurbanovun bu cür mövqe sərgiləməsini mən müsbət qəbul etmirəm. Arzu edirəm ki, o Azərbaycan tarixini gedib yaxşı oxusun. Bir daha təkrar edirəm: Tələt Paşa ümumiyyətlə, Azərbaycanda olmayıb”.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi