Modern.az

Korrupsiyaya qarşı mübarizə bitdimi..?

Korrupsiyaya qarşı mübarizə bitdimi..?

20 Aprel 2011, 16:30

“Korrupsiya və rüşvətxorluq böyük bəladır”
(Azərbaycan prezidenti İlham Əliyev)

Prezident İlham Əliyevin ölkədə korrupsiyanın kökünün kəsilməsi ilə bağlı tədbirlərə başlanması barədə göstərişi hamımızı bir neçə gün sevindirdi. İndiki zamanda bircə gün sevinməyin özü də qənimətdir.

“Korrupsiya” sözünün ismin 6 halında hallanmasının 6-cı günündən sonra mənim də çoxları kimi dalağım sancmağa başladı. Ölkədə korrupsiyanın açıq tüğyan etdiyi sahələrdə heç bir yenilik baş vermədi. Bu iş birinci təhsildən başlanmalı idi. Ölkədə kimi dindirirsən təhsildəki korrupsiyadan danışır. Amma nə faydası, bu dalğa əvvəlki dalğalar kimi yenə də Misir Mərdanovdan yan keçdi. Ölkəmiz hələ korrupsiyaya qarşı mübarizəyə başlamamış Mərdanovun sevimli təhsil şöbəsi müdürlərindən biri - Elmar Əliyev ağlasığmaz korrupsiya faktları ilə həbs olundu. “Yeni Müsavat” qəzetinin 29.09.2009-cu il sayında bununla bağlı maraqlı bir məqalə dərc olunmuşdu: “Elmar Əliyev təhsil nazirinə çox yaxın olan bir məmur kimi tanınır. Nazirlikdəki mənbəmizin məlumatına görə, Elmar Əliyev həbs olunmağına 3 gün qalmış əlindəki diplomatla Təhsil Nazirliyinin qarşısında olub. Bununla yanaşı, qaynağımız çox maraqlı bir məlumatı da açıqladı. Onun sözlərinə görə, E.Əliyev tanışlarına deyirmiş ki, mən nazirə Putinin kostyumundan geyindirirəm. Baş Prokurorluğun məlumatından bəlli oldu ki, “bu rayonda əsaslı və cari təmir üçün ayrılmış 142 min 600 manat pul və saxta sənədlər tərtib olunmaqla mənimsənilib. Həmçinin yoxlama zamanı təhsil şöbəsinin kassasında 31 min 486 manat məbləğində pul vəsaitinin çatmadığı, təhsil şöbəsinin inzibati binasının və məktəblərin əsaslı və cari təmiri üçün ayrılmış vəsaitdən 142 min 600 manat pulun saxta sənədlər tərtib olunmaqla mənimsənildiyi, faktiki olaraq işləməyən şəxslərin, o cümlədən Azərbaycanın hüdudlarından kənarda yaşayan müəllimlərin adına hesablanmış 48 min 862 manat məbləğində pulun israf edildiyi, şagirdlərin say həddinə görə siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində artıq saxlanılmış 539 sinfə görə 1 milyon 241 min 953 manat məbləğində pulun əsassız ödənildiyi, aylıq əməkhaqqı cədvəllərinin yekunlarının düzəliş edilərək artırılması nəticəsində kassadan 169 min 257 manat məbləğində pulun əsassız silindiyi və s. faktlar aşkara çıxarılıb. Bəs axı məktəblərin tikilməsi ölkə rəhbərliyi tərəfindən Təhsil Nazirliyinə həvalə olunub. Necə olub ki, külli miqdarda pulların mənimsənilməsindən nazirliyin xəbəri olmayıb? Necə olub ki, müəllim olmayan adamların adına küllü miqdarda vəsait xərclənib?”

Dövlət vəsatinin belə “rasional” sxem üzrə mənimsənilməsi onu söyləməyə əsas verir ki,  bütün bunlar Təhsil Nazirliyinin razılığı olmadan baş verə bilməzdi. Proses bir mərkəzdən idarə olunduğu üçün ola bilməz ki, bu hallar yalnız Goranboy təhsilində baş vermiş olsun.

Bundan az sonra Mərdanovun rektoru erməni olan sevimli Ali məktəblərindən biri -  Moskva Açıq Universitetinin Bakı filialı qapadıldı. Sevimli dedikdə o başa düşülməlıdir ki, Mərdanov bu filialdan başqa bütün Rusiya ali məktəblərinin filiallarını ləğv etmiş və təkcə bu ali məktəbə lisenziya vermişdir. Professor Nərgiz Paşayeva bu ali məktəbdə baş verənlər barədə danışmasaydı, indi həmin universitet öz işini uğurla davam etdirirdi. Rektoru erməni olan Moskva Açıq Universitetindən Misir Mərdanov minlərlə tələbə köçürmələri edib. Bu iki irihəcmli korrupsiya faktı naziri vəzifəsindən kənarlaşdıra bilmədi.

Təhsil sistemində korrupsiya faktlarını artıq bağça və məktəb uşaqları da bilir. Amma hökumətimiz ölkənin bir nömrəli strateji sahəsini bir nəfərə qurban verib. Dövlət başçısı İlham Əliyev rayonların birində olarkən ictimaiyyəti korrupsiyaya qarşı mübarizədə aktiv olmağa çağırdı. Təkrar biliyin anası olduğu üçün mən də bir vətəndaş kimi təhsildə olan korrupsiya faktlarını bir daha diqqətə çatdırmağı özümə ictimai borc bildim:

- Mərdanov nazir təyin olunandan indiyə qədər aşağı bal toplayıb ya özəl ali məktəblərə, ya da Rusiya universitetlərinin Bakıda yerləşən filiallarına adlarını yazdıran minlərlə tələbəni dövlət ali məktəblərinin dəbdə olan ixtisaslarına köçürüb;

- Mərdanov nazir təyin olunandan minlərlə əcnəbi vətəndaşı ödənişli təhsildən ödənişsiz təhsilə keçirməklə, dövlətə milyonlarla manat ziyan vurub;

- Uşaq bağçaları və körpələr evində uşaqlara ayrılan vəsaitin əsas hissəsi mənimsənilir;

- Reputasiyası korlanmış, rüşvətə görə cəzalanmış insanlar rayonlara təhsil şöbə müdirləri və məktəb direktorları təyin olunublar;

- Dünya bankının təhsilin inkişafı üçün ayırdığı vəsaitin (təxminən 26 milyon dollar) böyük hissəsəsi dağıdılıb;

- Tikinti və təmirə ayrılan vəsaitin əsas hissəsi mənimsənilib (keçirilən tenderlər və bahalı məktəb tikintisi vasitəsilə);

- “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı”na ayrılan 30 milyon manat vəsatin əsas hissəsi mənimsənilib. Korrupsiya ucbatından proqram icra olunmayıb;

- Internat məktəblərində şagird sayının şışirdilməsi və uşaqlara ayrılan vəsaitin hesabına ildə 10 milyonlarla manat pul mənimsənilir;

- Mərdanov hər tədris ilinin sonuna az qalmış məktəblilərə zorla məktəbli kitabçası satdırır. 1,5 milyon şagirdə bu kitabça nəqd pula özü də qaiməsiz satılır. Görəsən Vergilər Nazirliyi hara baxır? Bu məsələ ilə bağlı dəfələrlə dövrü mətbuatda yazılar dərc olunub, rəsmilərə müraciət olunub. Amma bu iri korrupsiya faktına hələlik diqqət edən yoxdur. Mərdanov indi də bu kitabçaları satmaqda davam edir;

- Orta məktəblərin ləvazimatlarla təminatına ayrılan iri həcmli vəsait mənimsənilib;

- Orta ixtisas təhsili məktəbləri (texnikum, kollec) tələbələrindən külli miqdarda rüşvət yığılır. Bu tip təhsil müəssisələrinin direktorları 15-20 ildir ki, dəyişdirilmir. Onların hamısının himayədarı Misir Mərdanovun özüdür;

- Bağçaların, orta məktəblərin, texnikumların ərazilərinin satılmasında Mərdanovun böyük rolu var. Görün, indi vəziyyət hansı həddə çatıb. Baxça və məktəb tikmək üçün yerlər axtarılır.

Təhsili bürüyən korrupsiya halları onun keyfiyyətinə birbaşa təsir göstərir. Ölkəmizin ali və orta məktəblərinin göstəriciləri nüfuzlu reytinq cədvəllərində axırıncı yerləri tutur. Ötən tədris ilində orta məktəb məzunlarının 62 faizi 0-200 bal toplayıb, 22 faizə qədər məzun qəbul imtahanlarında iştirak etməyib, 28 faiz isə attestat ala bilməyib. Dövlət “zay məhsula” - attestat ala bilməyən şagirdlərə 454,5 milyon manat pul xərcləyb.

Təhsil sahəsindəki korrupsiya faktları barədə 10 ildən çoxdur ki, aləmə car çəkilir. Amma tədbir görən yoxdur. Ölkə təhsilinin tamahkarlıq və savadsızlıq ucbatından salındığı indiki vəziyyəti 10 illərlə bərpa etmək mümkün olmayacaq. Təssüflər olsun ki, korrupsiyaya qarşı mübarizənin birinci mərhələsinin təhsilə heç bir aidiyyatı olmadı. Mənsə bir vətəndaş kimi sadəcə, prezidentin çağırışına qoşulub bunları xatırlatdım. Amma prezidentin çıxışlarının birindən görünür ki, deyəsən korrupsiyaya qarşı mübarizə hələ davam edir, bitməyib: “Artıq bu xoşagəlməz hallara qarşı ciddi mübarizənin birinci nəticələrini biz görürük. Ümid edirəm ki, yaxın zamanlarda daha da böyük nəticələri görəcəyik”.

Biz artıq təhsildən yazmırıq

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov hər il “reket qəzet”lərin siyasını dərc etdirir. Açığı, mənim onun müəyyənləşdirdiyi kriteriyalardan xəbərim yoxdur. Amma yeni bir kriteriya üzə çıxıb. Görəsən, Amaşovun bundan xəbəri varmı? Ölkənin iri tirajlı qəzetlərindən ikisinin rəhbərliyi öz yazarlarına göstəriş verib ki, təhsildən tənqidi heç nə yazmayın. Artıq bu qəzetlərin birinin səhifələrində 2010-cu ilin may ayından, digərinin səhifələrində isə 2011-ci ilin yanvar ayından təhsilə aid bircə dənə də olsun tənqidi yazı dərc olunmayıb. Vaxtilə təhsildəki neqativ hallardan “od püskürən” bu qəzetlərə nə oldu? Bəlkə təhsilin problemləri həll olunub, bizim xəbərimiz yoxdur? Bəlkə burda da korrupsiya var? Bunu Amaşov və korrupsiyaya qarşı mübarizə ilə məşğul olan qurumlar niyə araşdırmır?            

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər