Modern.az

MTN-in qadın generalı məhkəmədə ifadə verdi  

MTN-in qadın generalı məhkəmədə ifadə verdi    

29 Aprel 2017, 13:57

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə həmin nazirliyin Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova şahid qismində dindirilib.

 

Virtualaz.org saytı istintaq materiallarına istinadən xəbər verir ki, Natavan Mirvətova ifadəsində 2006-cı ildən etibarən MTN-nin əməliyyat-texniki idarəsinin rəisi təyin olunduğunu, 2015-ci ilin noyabr ayından isə xidmətdən sərəncama götürüldüyünü göstərib.

 

N.Mirvətovanın ifadəsinə görə, mərhum Malik Mustafayevi hələ Milli Təhlükəsizlik Nazirliyinin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətdən tanıyıb, ona xüsusi hörməti olub. 3 noyabr 2014-cü ildə Malik Mustafayevin intihar etməsi barədə işçilərdən eşidib: “Malik Mustafayev Nazirliyin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləyib və son dövrlərdə həmin vəzifədən sərəncama verilib. Həmin zaman mənə məlum oldu ki, Malik Mustafayevin qardaşının Milli Təhlükəsizlik Nazirliyi ilə hansısa problemi olub. Yadımda qalan odur ki, onun Kərəm Həsənovla hansısa problem var idi. Buna görə də, MTN-ə dəvət edərək söhbət aparıblar. Bildiyimə görə, Malik Mustafayevin qardaşı mətbuatda Kərəm Həsənovun əleyhinə hansısa məlumatlar yazıb. Bu isə Malik Mustafayevə pis təsir edib. Həmin söhbətlər nazirliyin işçiləri arasında gəzən söhbətlər olub. Malik Mustafayevin qardaşı Mətləb Mustafayevi tanımamışam. Onun barəsində istintaq baş idarəsində cinayət işi olması barədə məlumatım olmayıb”.

 

N.Mirvətova bildirib ki, rəisi olduğu idarənin 5-ci şöbəsində Mətləb Mustafayevin cinayət işi üzrə silah tədqiq olunsa da, həmin zaman Mətləb Mustafayevin Malik Mustafayevin qardaşı olmasını bilməyib: “Bu barədə mənə nə istintaq baş idarəsindən, nə də 5-ci şöbədən məlumat verilməyib. İstintaq baş idarəsinin rəisi Mövlam Şıxəliyev mənə tədqiq olunması üçün məktubla silah-sursat, əl-barmaq izləri göndərib. Mən də həmin predmetləri tədqiq olunması üçün 5-ci şöbəyə həvalə edərək araşdırmanın yekununa dair arayışı və həmin predmetləri geri qaytarmışam. Deyilən predmetlərin qaytarılma tarixi kimi məktubda 11 sentyabr 2014-cu il kimi qeyd olunubsa, çox güman ki, həmin tarixdə də yekun arayış tərtib olunaraq göndərilib. Rəisi olduğum idarədə gecikmə halları və ya geri tarixlə sənəd tərtibatı halları olmayıb”.

 

İttihama görə, Elçin Quliyev Malik Mustafayevi 6 sentyabr 2014-cü il tarixdə xidməti otağına çağırıb. O, Malik Mustafayevi həmin gün saat 15.35-dən 19.05-dək qəbul edib. Elçin Quliyev onun qardaşı Mətləb Mustafayevin əvvəllər işlədiyi Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilməsini əsassız hesab edib, bu barədə müxtəlif dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ünvanlandığı davamlı şikayət ərizələrinin ayrı-ayrı yüksək vəzifəli şəxslərin təhriki ilə yazmasını iddia edib.

M.Mustafayev qardaşının şikayət ərizəsi yazmasından xəbərsiz olduğunu desə də, Elçin Quliyev Mətləb Mustafayevin dövlət orqanlarında yüksək vəzifə tutan və sahibkarlıqla məşğul olan ayrı-ayrı şəxslərin xidməti və sosial mövqelərinə uyğun olmayan fəaliyyətlə məşğul olmaları, konkter cinayət əməlləri törətmələrinə dair həqiqətə uyğun olmayan məlumat verməsini tələb edib. Eyni zamanda, rəhbərlik etdiyi qurumda rəsmi surətdə qeydə alınmış şikayət ərizəsi, araşdırma materialı, siqnal işi olmadığı halda İlqar Əliyev vasitəsi ilə Mətləb Mustafayevin özünü də antiterror mərkəzinə çağıtdırıb. Elçin Quliyev Mətləb Mustafayevin izahat yazmasını israr edib, əks təqdirdə onlara psixi təsir göstərərək fəaliyyətlərinə ciddi problemlər yaradacağını deyib. O, Malik Mustafayevin də xidmətdən xaric etdirəcəyini deyib.

 

General Malik və Mətləb Mustafayevlərin barələrində cinayət işi başladacağını, həmçinin qohumlarını da həbs etdirəcəyi ilə hədələyib. O, hər iki qardaşı cinayətkar adlandırıb, ləyaqətlərini alçaldıb. 13 sentyabr 2014-cü ildə Malik Mustafayev xidməti vəzifəsindən azad edilib. Bundan sonra Elçin Quliyev İlqar Əliyevlə birlikdə Malik Mustafayevi yenidən xidməti otağına çağırıb. Ona mənzilində tapança aşkar olunan qardaşı Mətləb Mustafayevə köməklik edə biləcəyini xatırladıblar. Bunun müqabilində Mətləb Mustafayev videoçəkilişlər aparmaqla yüksək vəzifəli şəxslər barədə yanlış ifadələr verməli, istintaqın sonrakı mərhələsi, məhkəmə baxışı zamanı bu qərəzli məlumatları təsdiq etməyə razı olmalı idi. Bundan imtina edəcəyi təqdirdə Malik Mustafayevi və qohumlarını həbs edəcəklərini bildiriblər. Həmin vaxt Elçin Quliyev Malik Mustafayevin qardaşı Mətləblə İlqar Əliyevin xidməti otağında görüşməsini təşkil edib. Malik Mustafayev həmin görüşə qolu qandallı gətirilən Mətləb Mustafayevə özünün də işdən çıxarıldığını bildirib, ondan tələb olunan şərtlərlə razılaşmağı xahiş edib. Mətləb heç kimə böhtan atmayacağını deyib.

 

Elçin Quliyev və İlqar Əliyevin təhqirlərinə məruz qalmasından bezən Malik Mustafayev həmin ilin noyabrın 3-də yaşadığı Xətai rayonu, H.Aslanov qəsəbəsi, 8-ci dairəvi küçəsi 22 nömrəli qarajda özünü asıb. Elçin Quliyev və İlqar Əliyev bu əməlləri ilə Malik Mustafayevi özünü öldürmə həddinə çatdırıb.

 

Məlumat üçün bildirək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

 

Onu da əlavə edək ki, Natavan Mirvətovanın təqsirləndirilən şəxs qismində barəsində cinayət işi ayrıca icraatda araşdırılır. O və onunla birlikdə mühakimə olunan Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumların digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir