Modern.az

İslamiadanın Azərbaycan zəfəri

İslamiadanın Azərbaycan zəfəri

Aktual

4 May 2017, 12:03

Elə ifadələr var ki, irihəcmli mətnlərin, araşdırmaların, tarixi reallıqların mahiyyətini cəmi iki kəlmədə təyin edə bilir. “İslam həmrəyliyi” ifadəsinin məzmununda da böyük bir mənəvi missiyanın əks olunduğunu görə bilirik. İslam və həmrəylik sözləri, bir-birinin sinonimi olmasa da, mahiyyətcə eyni məzmun daşıyır. İslam sözü tərcümədə qəlbən bağlanmaq mənası verir, həmrəylik də hansısa ideyaya, dəyərə doğru birgə fəaliyyət göstərməkdir. İslamın mahiyyətində, qayəsində insanların dünyamız üçün xeyirli məqsədlərlə bir araya gəlməsi, yəni həmrəyliyi durur. 

İslam ölkələri arasında vəhdətin təmin edilməsindən ötrü aparılan fəaliyyət son onilliklərdə xeyli intensivləşib. Ayrı-ayrı müsəlman ölkələrini müxtəlif formatlarda bir araya gətirən siyasi-iqtisadi, mədəni platformalar qloballaşan dünyamızda müsəlman ölkələrinin vahid gücə çevrilməsi, beynəlxalq təhdidlərdən qorunması, inkişaf proseslərində fəal iştirakı məramına xidmət edir. İslam Həmrəyliyi Oyunları da bu amala əsaslanan yetərincə səmərəli birlik platformalarındandır. 
İdman toplumları insanları bir-birinə yaxınlaşdıran, onların hisslərinə nüfuz edən, beləliklə, bəşəryyətin ülvi məqsədlər ətrafında birləşməsinə təkan verən çox təsirli mədəniyyət hadisələrindəndir. Ölkələri bir araya gətirən ayrı-ayrı qlobal qurumların gələcək birgə fəaliyyət üçün qəbul etdikləri sənədlərin məzmunu, hədəfləri, ola bilər ki, geniş auditoriya üçün bir o qədər aydın olmasın. Bütün bunların perspektivləri, fərdlərdən müəyyən biliklər, hazırlıqlar tələb edir. Yaxud, konkret hədəf kütlələr üçün hesablanmış forumların, toplantıların, mədəniyyət tədbirlərinin hər kəsə eyni dərəcədə maraqlı olacağını gözləmək mümkün deyil. İdman isə çox az sayda vasitələrdəndir ki, təhsil səviyyəsindən, dünyagörüşündən asılı olmayaraq hər kəs ona maraq göstərir. Özünü bu tədbirlərin geniş auditoriyasında görə, eyni bir mədəniyyət mühitində hiss edə bilir. Ona görə də İslam ölkələrinin həmrəyliyi üçün indi bu cür vasitələrdən faydalanmaq çox önəmlidir. 

İslam Həmrəyliyi Oyunları 2005-ci ildən bəri keçirilir. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. Dörd ildən bir keçirilən bu Oyunlar ilk dəfə Səudiyyə Ərəbistanında - Məkkə, Mədinə və Ciddə şəhərlərində təşkil olunub. 2009-cu ildə İranda keçirilməsi planlaşdırılan II İslam Həmrəyliyi Oyunları tədbirin loqosuna daxil edilmiş “Fars körfəzi” ifadəsinə görə təşkilatçı dövlətlə bu ifadəni “Ərəb körfəzi”nə dəyişməyi təklif edən ərəb ölkələri arasında yaranmış fikir ayrılığı səbəbindən baş tutmasa da, III İslam Həmrəyliyi Oyunları 2013-cü ilin 22 sentyabr - 2 oktyabrında İndoneziyanın Palembanq şəhərində uğurla keçib. 

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində olmuş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunub. 2015-ci ilin aprel ayında IV İslam Həmrəyliyi Oyunlarına təşkilatçılığı Azərbaycanın etməsi barədə İHİF ilə müqavilə imzalanıb. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub. 

Zaman keçdikcə dünyada populyarlığı artan bu Oyunların məhz Azərbaycanda keçirilməsinin özünəməxsus tarixi əhəmiyyəti var. Bir tərəfdən bu, cəmiyyətimizdəki sabitlik və inkişaf mühitinin, ölkəmizin malik olduğu geniş imkanların, respublikamızın bütün dünyada idman ölkəsi kimi tanınmasının daha bir sübutudur. Razılaşaq ki, inkişaf proseslərindən geri qalan, zəruri idman infrastrukturuna, minlərlə qonağı layiqincə qarşılayıb yola salma potensialına malik olmayan, ən əsası isə təhlükəsizliyi təmin edə bilməyən xaotik bir ölkədə heç kim belə bir möhtəşəm tədbirin keçirilməsinə qərar verməz. 
Başqa tərəfdən isə, bu, daha bir idman tədbirinə evsahibliyi üçün ölkəmizin irəli sürdüyü təşəbbüs və İslam Həmrəyliyi İdman Federasiyasının bu barədə təsadüfi bir qərarı olmayıb Azərbaycan rəhbərliyinin illərdən bəri mədəniyyətlərin dialoqu, dini və mədəni müxtəlifliyin harmoniyası, müsəlman dünyasının milli və ümumbəşəri dəyərlər ətrafında vəhdət taparaq tərəqqi yolunda irəliləməsi istiqamətində apardığı məqsədyönlü, ardıcıl siyasətin davamıdır. 

İslamiadanın keçirildiyi 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması da göstərir ki, ölkə rəhbərliyi bu Oyunlara indiyə qədər evsahibliyi etdiyimiz çoxsaylı beynəlxalq idman tədbirlərindən hər hansı biri kimi yox, dünyanın ən yeni tarixində İslam sivilizasiyasının əsas mərkəzlərindən olaraq Azərbaycanın üzərinə düşən əhəmiyyətli missiyanın vacib tərkib hissəsi kimi yanaşır. 

Azərbaycan xalqı İslam mədəniyyətinə böyük töhfələr bəxş edib, müsəlman intibahını çoxsaylı mənəvi sərvətlərlə zənginləşdirib. Eyni zamanda, danılmaz həqiqətdir ki, xalqımızın milli-mədəni özünəməxsusluğunun qorunmasında, tarixi proseslərdə hər hansı mədəni aşınmaların baş verməməsində milli-mənəvi dəyərlərimizin əsas mühafizlərindən biri kimi İslam dininin böyük rolu olub. 

Ölkəmizdə din-dövlət münasibətlərinin aydın bir müstəvidə qurulması, bu münasibətlərin sağlamlığı, cəmiyyətdə mövcud olan dini dözümlülük mühiti Azərbaycanın ən mühüm nailiyyətlərindəndir. Respublikada müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər dinlərə mənsub insanlar sıx dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və qayğısından yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur. Xalqımız, dövlətimiz bu uğurlara ulu öndər Heydər Əliyevin dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlarımızı milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən xilaskar azərbaycançılıq məfkurəsi sayəsində nail ola bilib. 
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. Qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. 

Ölkəmiz bu gün qlobal miqyasda əsl islami dəyərlərə sahib çıxan, bu dəyərləri hər hansı siyasi məqsədlər üçün vasitəyə çevirmədən qorumağa, zamanın çağırışları ilə uzlaşdırmağa, dünyaya onun üstünlüklərini, bəşəriyyət üçün faydalı cəhətlərini göstərməyə çalışan çox az sayda müsəlman ölkələrindən biridir və bəlkə də birincisidir. Bu gün bəzi qüvvələr İslam dininə qarşı düşmən münasibət formalaşdırmağa çalışır. Şübhəsiz ki, İslam dininə münasibətdə bu cür yanaşma əsassızdır və bu, İslam dəyərlərinin yanlış dərk edilməsindən, qeyri-düzgün şərhindən irəli gəlir. İslam dinini dərk etdikcə onun humanizm, tolerantlıq, xoş rəftar, mərhəmət daşıdığının, yüksək əxlaqi dəyərləri təbliğ etdiyinin şahidi oluruq.
Müasir dünyamızda dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda islamın ümumbəşəri ideyalarının himayədarı kimi çıxış edir. Dünyada tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin təbliğinə böyük töhfələr verir və bu, ölkəmizə böyük nüfuz qazandırır. 

Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Azərbaycanda 2015-ci ildə I Avropa Oyunlarının təşkili, 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması və bu il həm də IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ardıcıllığının rəmzi mənası vardır. I Avropa Oyunlarında, eləcə də “Multikulturalizm ili”ndə Azərbaycan özünü dünyaya bir daha tanıtmaq istiqamətində çox işlər gördü. Bu təşəbbüslərin bəhrələrini cəmiyyətimiz hələ zaman-zaman duyub hiss edəcək. Avropada multikulturalizmin real iflası fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə gedən multikultural hərəkat, əslində, buna qarşı mənəvi, intellektual çağırış idi və bu bədbin fonun qarşılığında dünya mədəniyyətlərarası dialoqun gələcəyi ilə bağlı Azərbaycanın timsalında nikbin bir qütbün formalaşmasına şahid oldu. 

İslamın sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən Azərbaycan Prezidentinin irəli sürdüyü İslam həmrəyliyi təşəbbüsləri isə yalnız İslam dünyası daxilində deyil, İslam dini ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir. Bu cür həmahənglik təkcə Azərbaycana deyil, bütün dünyaya, yaxın və uzaq qonşularımıza, Avropada, Yaxın və Uzaq Şərqdə, dünyanın hər yerində gedən mənəvi, mədəni proseslərə çox böyük təsir göstərə bilər.
IV İslam Həmrəyliyi Oyunlarının məhz Azərbaycanda keçirilməsi də elə bu məramın təzahürüdür. Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət modeli yaratmaq mümkündür. Eyni zamanda nəzərə alaq ki, Azərbaycanın bu istiqamətdə irəli sürərək yerinə yetirdiyi təşəbbüslər cəmi bir neçə gün ərzində başlanıb bitən qısamüddətli tədbirlər deyil. Dünyada yeni ideyaları gündəmə gətirən, sağlam düşüncə mühiti yaradan davamlı və çox təsirli proseslərdir. Təsadüfi deyil ki, Azərbaycan multikulturalizmi bir model kimi bu gün bir çox ölkələrdə öyrənilir. Avropanın 15 ölkəsində “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu çox ciddi bir nailiyyətdir. Ölkəmizin “Multilulturalizm ili”ndə topladığı zəngin təcrübədən, şübhəsiz ki, “İslam həmrəyliyi ili”ndə də geniş istifadə ediləcək. “İslam həmrəyliyi ili”nin, IV İslam Həmrəyliyi Oyunlarının faydalı nəticələri, Azərbaycanın yaratdığı mənəvi dəyərlər dünyada sülhə, inkişafa, toqquşmaların qarşısının alınmasına kömək göstərən yeni hərəkatların başlanmasına vəsilə olacaq. 
Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində Azərbaycanın multikulturalizm, İslam həmrəyliyi ideyalarının mərkəzinə çevrilməsi, Şərqlə Qərbin dialoq məkanı kimi tanınması ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir. Bu mühüm siyasi-mənəvi nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Mehriban xanımın ölkəmizdə və beynəlxalq müstəvidə genişmiqyaslı fəaliyyəti, milli-mənəvi irsimizi yüksək səviyyədə təbliğ etməsi, ümumbəşəri dəyərlərə diqqəti və himayəsi ölkəmizin bu istiqamətdə söz sahibinə çevrilməsinə tarixi xidmətdir.
Mehriban xanım Əliyeva dünyada yeganə şəxsiyyətdir ki, həm UNESCO-nun timsalında Qərb aləmi, həm də ISESCO-nun timsalında Şərq dünyası onu xoşməramlı səfir statusuna layiq görüb. Qərblə Şərqin dialoqu, vəhdəti, bu iki dünyanın ən mütərəqqi dəyərləri bir şəxsiyyətin yerinə yetirdiyi tarixi missiyada öz ifadəsini tapıb. 

Ölkənin Birinci vitse-prezidenti uzun illərdən bəridir ki, həm Qərb dəyərlərinin, həm də İslam həmrəyliyinin təməlində dayanan savab bir işlə - maarifçilik fəaliyyəti ilə məşğuldur. Bu gün İslam dünyasının ən çox buna ehtiyacı var. Bir sıra obyektiv səbəblərdən əsrlər boyu tənəzzülə uğramış İslam maarifçiliyini yenidən hərəkətə gətirib, inkişafın, tərəqqinin hərəkətverici qüvvəsinə çevirmək, mövhumat, xürafat qaranlıqlarını maarifin nuru ilə aydınlığa çıxarmaq indi bütün müsəlman ölkələri üçün keçilməz zərurətdir. 

İslam maarifçiliyi elmin, təhsilin, hətta ibadətdən də üstün olduğunu göstərir, başqalarına təmənnasız köməyi, insanlara mərhəmət göstərməyi, ehtiyacı olanlara əl tutmağı, sülh üçün çalışmağı, mədəni dəyərləri qorumağı, dünyaya fayda verməyi, xeyirli bir işlə məşğul olmağı insanın ali missiyası kimi müəyyənləşdirir. Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslərin hər birində bu missiyanı görmək olar.

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə rəhbərliyin məhz Mehriban xanım Əliyevaya həvalə edilməsi də təsadüfi deyil. Yüksək təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik Mehriban xanım Əliyeva bu müstəsna keyfiyyətlərlə 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə və 2015-ci ildə dünyanın idman tarixində ilk dəfə olaraq məhz Azərbaycanda təşkil edilmiş I Avropa Oyunlarına hazırlıq prosesində ölkəmiz adına misilsiz nümunələr yaradıb. 
Bakıda keçirilən “Eurovision” müsabiqəsi təkcə ölkəmizin zəngin mədəniyyətinin, gözəl təbiətinin, turizm potensialının təbliği üçün geniş imkanların yaradılması baxımından deyil, həm də Azərbaycanın qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsinin bütün dünyaya nümayiş etdirilməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli tədbir oldu.

Mehriban xanım Əliyeva 2015-ci ildə Azərbaycanın evsahibliyi etdiyi I Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi də xalqın, dövlətin, Azərbaycan Prezidentinin ona həvalə etdiyi tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Vaxt azlığına, bu sahədə təcrübənin məhdudluğuna rəğmən Azərbaycan çox qısa bir zamanda bu Oyunların ən yüksək standartlarını ortaya qoydu. Bu möhtəşəm idman tədbirinin təşkili səviyyəsi ilə bütün dünyanı heyrətləndirdi. 

Sonralar Azərbaycan Prezidenti cənab İlham Əliyev bu işə çəkilən zəhmətin, I Avropa Oyunlarının nəticələrinin tarixi qiymətini verərək xatırlayacaqdı: “Bu, birinci belə yarışma idi. Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi. Biz bu Oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm qonaqlar, həm Azərbaycan vətəndaşları bir daha gördülər ki, I Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Məhz qarşıya belə məqsəd qoyulmuşdu. Baxmayaraq ki, bu Oyunların hazırlanmasında bizim cəmi 2 il yarım vaxtımız var idi. Həm yeni idman infrastrukturunun yaradılması, həm mövcud idman obyektlərinin təmiri, bütün təşkilati məsələlərin həlli ən yüksək səviyyədə həyata keçirilmişdir və şübhəsiz, bu işlərdə Təşkilat Komitəsinin xüsusi rolu və əməyi var idi. Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq”. 

Bu beynəlxalq idman tədbiri milli dövlətçiliyimizin təntənəsi, I Avropa Oyunlarına hazırlıq prosesinə əlindən gələn dəstəyi göstərməyi özünə mənəvi borc bilən, tədbirin açılışı günü öz dövlətinin gücünü, inkişaf səviyyəsini görən hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, ölkəmizin gələcəyinə sarsılmaz inamı idi. I Avropa Oyunlarının yüksək səviyyədə təşkili, Azərbaycanın bu tarixi nailiyyəti ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı, Azərbaycanın gücünü və potensialını bütün dünyaya nümayiş etdirdi. I Avropa Oyunlarının, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə demək olar ki, Yay Olimpiya Oyunları səviyyəsində təşkili Azərbaycana bu sahədə əvəzsiz təcrübə qazandırdı. Növbəti tədbirlər üçün idarəetmə, təşkilati və logistika işləri, kommunikasiya, informasiya, şəffaflıq və s. sahələrdə çox yüksək tələblər formalaşdırdı və bu zəngin təcrübədən IV İslam Həmrəyliyi Oyunlarında effektiv şəkildə istifadə ediləcək. 
Ümumiyyətlə, İslamiadaya hazırlıq işlərinə rəhbərliyin Mehriban xanım Əliyevaya həvalə olunması bu mühüm beynəlxalq tədbirin də ən yüksək səviyyədə keçəcəyinə tam əminlik yaradır. 

Bu cür tədbirlər cəmiyyətimizdə sosiallaşma proseslərinin güclənməsinə, vətəndaş məsuliyyətinin yüksəlməsinə, gənclərimizin fərdi inkişafına da böyük töhfə verir. Mehriban xanım Əliyeva təşkilati hazırlıq işlərində tətbiq etdiyi innovativ metodlar, optimal həllər, ümumi prosesin hər bir məqamına peşəkar menecer yanaşmaları, komanda işi üsulları ilə böyük bir təcrübə məktəbi formalaşdırır. Xüsusilə təşkilati işlərdə həvəslə iştirak edən yüzlərlə Azərbaycan gəncinə gələcək həyat və fəaliyyətlərində onlar üçün çox faydalı olacaq zəngin təcrübə qazandırır. Müxtəlif təlimlər, kurslar vasitəsilə xarici mütəxəssislərlə əməkdaşlıq, birgə layihələrdə iştirak yerli mütəxəssislərimizin formalaşmasına müsbət təsir göstərir və Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində inkişaf proseslərini sürətləndirəcək zəngin insan kapitalı yaranır. 
Eyni zamanda hazırlıq mərhələsindəki təqdimatlar və Oyunların yayımı ilə ölkəmizin dünyaya tanıtdırılması, Bakının gözəlliyinin nümayişi, tarixi və mədəni irsimizin təbliği Azərbaycana turist axınını gücləndirir. Son illər Bakıda və ölkəmizin digər gəzməli-görməli məkanlarında, alış-veriş yerlərində, ictimai iaşə obyektlərində xoş bir inkişaf mənzərəsi kimi üzləşdiyimiz turist qrupları dövlətin turizmin inkişafı məqsədilə həyata keçirdiyi digər tədbirlərlə yanaşı, həm də “Eurovison-2012”, I Avropa Oyunları kimi möhtəşəm mədəniyyət hadisələrinin, Azərbaycanın bu hadisələrin fövqündə dünyaya tanıdılmasının bəhrəsidir. 

Beləliklə, mayın 12-nə, “Bakı - 2017” İslam Həmrəyliyi Oyunlarına sayılı günlər qaldı. Bu, sadəcə bir idman tədbiri deyil, böyük bir mədəniyyət bayramıdır, ölkəmizin milli-mənəvi dəyərlərə, tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. 

Bu həm də tarixi ənənələrin yüz illərdən sonra yenidən bərpasıdır. Müsəlman İntibahı yenə Odlar Yurdunda oyanır.

Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru, akademik

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi