Modern.az

Deputat ermənilərin Bakıya gəlməsinin əleyhinədir, amma...

Deputat ermənilərin Bakıya gəlməsinin əleyhinədir, amma...

4 May 2017, 15:40

“Mən ermənilərin Bakıya gəlməsinin əleyhinəyəm. Ancaq bizimlə sülhdən danışan , öz ölkəsində olan cinayətkar rejimin əleyhinə danışan və xalqını bu rejimi devirməyə çağırıran emənilərdən istifadə etmək lazımdır”.

 

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Modern.az-a açıqlamasında deyib.

 

Deputat bildirib ki, ölkəmizə gələn ermənilər Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulanlardır.

 

“Onların öz xalqına etdikləri çağırışlar bizdən çox beynəlxalq aləm üçün gərəklidir. Beynəlxalq qurumlar və bir çox təşkilatlar görürlər ki, bu sözün deyən azərbaycanlı deyil, ermənidir. Həmin erməni də ölkəsinin ədalətsiz mövqeyinə qarşı üsyan edir. Bəyan edir ki, bu gün Ermənistandakı rejim işğalçı və kriminaldır”.

E.Məmmədov deyib ki, prezident keçən ili ölkəmizdə multikulturalizm ili elan etdi.

 

“Biz dünyaya əminliklə car çəkirik ki, bütün insanlar dinindən, dilindən, irqindən, siyasi əqidəsindən asılı olmayaraq birlikdə yaşaya bilərlər. Biz sülh tərəftarıyıq.

 

Müharibə istəmirik. Bəzi erməni siyasətçiləri deyir ki, erməni və azərbaycanlıların birgə yaşayışı mümkün deyil. Biz demirik ki, Dağlıq Qarabağda 50-100 il yaşayan ermənilər çıxsın getsin. 1998-ci ilə qədər orada yaşayıbsa, yenə də yaşasınlar. Ancaq Azərbaycan qanunlarını qəbul etmək şərtilə. Bu hərəkətlərimizlə dünyaya bir daha çatdırırıq ki, ölkəmiz sülhsevərdir”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir