Modern.az

Şuşa 25 il əvvəlin 5 mayında... - “Ermənilər hücum edəcəklərini özləri xəbər etmişdilər”

Şuşa 25 il əvvəlin 5 mayında... - “Ermənilər hücum edəcəklərini özləri xəbər etmişdilər”

5 May 2017, 11:38

Bir neçə gündən sonra Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 25-cü ili tamam olacaq.

1992-ci il may ayının 7-dən 8-nə keçən gecə Şuşa şəhəri işğal olunub.

300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal  zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı darmadağın ediblər...
 

Modern.az saytı Şuşanın işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

Bu dəfəki müsahibimiz  o zaman Şuşada döyüşmüş  keçmiş hərbçi Fəxrəddin Səfərovdur. O, 1992-cü ilin 5 mayını ürək ağrısı ilə xatırlayır...

“Təbiətin şıltaqlığı əhvalımızı pozmamışdı”

“1992-ci ilin 5 mayında Şuşada əhval -ruhiyyə yaxşı idi. Düzdür, Xocalı faciəsindən sonra  şəhərdə çətinliklər yaranmışdı. Amma ayın  4-ü,  5-i  Şusada vəziyyət pis deyildi.  Hətta Xocalı faciəsinə görə şəhəri tərk edənlər geri qayıtmışdı. Yadımdadır ki, mayın 3-də Şuşaya bərk qar yağdı. Təbiətin şıltaqlığı səngərdə xidmət göstərən əsgərlərimiz üçün çoxlu çətinliklər yaratmışdı.  Hətta dağlara yemək aparmaq qeyri-mümkün idi. Amma qarın yağması insanların əhval-ruhiyyəsini pozmamışdı. Mayın 5-də belə, əhali Şuşanı tərk etmək barədə düşünmürdü. Bir məsələyə də toxunmaq istəyirəm. Kimsə deyir ki, həmin dövrdə  Şuşada geyim və qida çatışmazlığı var idi, inanmayın, yalan söhbətdir. Çünki respublikada kimin əlinə nə düşürdüsə, Şuşaya göndərirdi. Ərzaq problemimiz  yox idi.  Əsas problem silah çatışmazlığından ibarət  idi. Yəni döyüşən qüvvələr arasında silah çatmırdı”.

““Torpaqları qoyub qaçdılar, döyüşmədilər” deyirlər. Təəssüf!”

Müsahibimiz deyir ki, həmin vaxt Şuşada könüllü batalyonlar xidmət göstərirdi.

“Şuşanın işğalı ərəfəsində respublikanın hər yerindən Şuşanın müdafiəsinə qalxmışdılar. Silah-sursat əldə etmək müşkül məsələ olsa da, bu, Azərbaycan Ordusunun  həmin dövrdə döyüşə bilməməsi anlamına gəlməməlidir. Dünyada gedən siyasi hadisələrə nəzər salın. Dünyanın böyük güc dövlətləri xırda dövlətlərə təsir edir. O dövrdə də Azərbaycan SSRİ-dən yeni ayrılmışdı. Bir də görürüsüz ki, Müdafiə Nazirliyinin  niyə tədbir görmədiyini söyləyirlər. Müdafiə Nazirliyinin o dövrdə sadəcə adı var idi. Hərbi sursat yox idi. Gedib nazirliyin arxivini axtarsınlar, görsünlər ki, o zaman qurumun şəxsi heyətində  neçə nəfər var idi?
Demək istəyirəm ki, çatışmazlıqlar daha çox idi. Ermənilər demək olar ki, artıq Şuşadan çıxarılmışdı. Həmin vaxt könüllü batalyonlar var idi. Hər kəs Şuşanın müdafiəsinə qalxmışdı. Təəssüf ki, çox vaxt “torpaqları qoyub qaçdılar, döyüşmədilər” kimi sözlər danışırlar. Amma bu doğru deyil. Belə deməklə milləti bir-birinə qarşı qoyurlar. Halbuki, Şuşanın müdafiəsində  xeyli şəhid vermişik. 20 saat Şuşada döyüş gedib. Həmin döyüş çox ağır döyüş olub. Təsəvvür edin ki, erməninin, rus ordusunun bütün artilleriyası işləyirdi. Bizsə az silahla döyüşmüşük.  193 döyüşçü şəhid olubsa,  necə demək olar ki, Şuşada döyüş getməyib”.

“Ermənilər Şuşanın işğal olunacağını öncədən xəbər etmişdilər”

Keçmiş döyüşçünün sözlərinə görə, o zamankı hakimiyyət yalan vədlər verməklə məşğul idi.

“Mayın 5-i də digər günlərdən idi. Səhər, axşam, döyüşən qüvvələrin tədbiri keçirilirdi. Qayda belə idi ki, batalyondakı vəziyyət, çatışan-çatışmayan cəhətlər Bakıdakı Müdafiə Nazirliyinə və dövlət strukturlarına çatdırılırdı. Hətta Şuşanın işğalı ilə əlaqədar ayın 3-də Milli Qəhrəman rəhmətlik  Allahverdi  Bağırova ermənilər özləri məlumat vermişdi ki, ayın 8-də hücum gözlənilir və onlar artıq hazırlaşıblar. Bu məlumat  bütün strukturların hamısına, Dövlət Təhlükəsizlik Komitəsinə, Müdafiə Nazirliyinə , Daxili İşlər Nazirliyinə, Prezident Aparatınadakı nümayəndələrə çatdırılmışdı. O zaman müdafiə naziri Rəhim Qazıyev idi. Onlar yalan vədlərlə başımızı qatırdı. Həm də o dövrdə Azərbaycandakı siyasi ab-hava gərgin idi. İstənilən adam gəlib müdafiə nazirinin, Prezident Aparatının  nümayəndəsi kimi iştirak edirdi. Bu da camaata mənfi təsir edirdi. Bunlar faktdır”.  

O zamankı hərc-mərclik və Şuşanın işğalı...

Müsahimiz o zamankı siyasi prosesləri ürək ağrısı ilə xatırladığını deyir.

“O zaman mənim batalyonumda azsaylı xalqların nümayəndələri var idi. Hamısı da ürəklə, son nəfəsinə, son gülləsinə qədər döyüşüblər. Bir faktı deyim. Həmin dövrdə biz rus siyasətinə, marağına çox yaxınlaşdıq və  MDB deyilən quruma daxil olmaq istədik.
Ermənistanda da fövqəladə sessiya keçirdilər və dedilər ki, MDB-yə daxil olacaqlar. Bu vaxt bizimkilər Azadlıq meydanında mitinq təşkil etdilər və MDB-yə getməyəcəklərini bildirdilər. Təbii ki, bu, Rusiyanın marağına tamam zidd məsələ idi. Bu faktdır. Sonralar hərə hadisələrə bir cür don geyindirməyə başladı. O zamankı hakimiyyət nə etdiyini özü də bilmirdi. Pərakəndəlik, hərc-mərclik hökm sürürdü.
Şuşanın işğalı ərəfəsində Rəhim Qazıyev Şuşaya gəlməyib. Əvvəllər daha çox gəlirdi. Rəhim Qazıyev Qarabağa könüllü müdafiə batalyonu ilə gəlmişdi.  Elə oldu ki, o, müdafiə naziri təyin edildi və Bakıya qayıtdı. Amma batalyon qaldı. Batalyona isə Tofiq Oğuz başçılıq edirdi və Mayın 8-də Şuşada şəhid oldu”.

“Şuşalılar hökumətə inamlarını itirmişdilər”

Fəxrəddin Səfərovun ailəsi mayın 8-i Şuşanı tərk etməli olub.

“Mayın 5-dən sonra vəziyyət çətinləşməyə doğru gedirdi. Həmin dövrdə İcra Hakimiyyətinin nümayəndələri əhali ilə görüşüb söhbət edirdi. Biz döyüş mövqeyindəydik. Arxa cəbhə ilə əlaqəyə girə bilmirdik. Qadınların, uşaqların, yaralıların çıxarılması işi ilə İcra Hakimiyyəti məşğul olurdu. Demək olar ki, döyüş mövqeləri ilə  canlı əlaqə yaradırdıq, o da çox çətinliklə olurdu.  Şəhərdə işıq xətti, poçt, rabitə qovşağı işləyirdi. Ayın 8-nə qədər də işləyib. Şuşa işğal olunan vaxt ailəm qonşularla birgə şəhəri tərk etmişdi. Mən oları görə bilməmişdim. Çünki mövqedə olduğum üçün, mülki əhalini görməmişdim.
Xocalı hadisəsindən sonra camaat artıq hökumətə inanmırdı. Beləcə, Şuşanı da itirdik”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi