Modern.az

Şuşanı işğal etmiş Azərbaycan doğumlu generallar...

Şuşanı işğal etmiş Azərbaycan doğumlu generallar...

8 May 2017, 12:49

2014-cü il noyabrın 19-da Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə Ermənistan Hərbi İnspeksiya İdarəsi rəisinini birinci müavini, general-leytenant Leonid Martirosov vəzifəsindən azad olunaraq, təqaüdə göndərildi. Bu xəbər Azərbaycan oxucusu üçün özlüyündə önəmsiz olsa da, Martirosovun Bakıda anadan olması və Şuşanın işğalında ən aktiv rollardan birini oynaması ona diqqət yetirməyi tələb edir.

 

Leonid Martirosov 1939-cu ildə Bakıda anadan olub. Öncə, Tbilisi Artilleriya Məktəbini, sonra isə Leninqrad Artilleriya Akademiyasını bitirən Martirosov Orta Asiyada, Almaniya Demokratik Respublikasında və Bakıdakı sovet ordu hissələrində qulluq edib.
1990-cı ildə polkovnik Martirosov Yerevana köçüb və burada yerli silahlı birləşmələrin orduya çevrilməsində aktiv rol oynayıb.

 

 “Müdafiə Komitəsi yaradılan zaman məni Qurgen Dalibaltayan yanına çağırdı. Bir müddət sonra mən artıq Ermənistan Müdafiə Nazirliyinin Operativ İdarəsinin rəis müavini idim. Yarım il sonra artıq Baş Qərargah rəisinin müavini oldum”.

    
Sovet ordusunun keçmiş zabiti Azərbaycan torpaqlarına təcavüzdə də aktiv iştirak edib və 1991-ci ilin payızında Dağlıq Qarabağ ərazisinə gəlib.

“Şuşa və Ağdərə uğrunda döyüşlərdə aktiv iştirak etmişəm”,-deyə Martirosov işğal dövrünü xatırlayır. Məhz 1992-ci ildə sovet ordusunun polkovniki general-mayor rütbəsi alıb. O, Şuşa əməliyyatındakı aktiv yoluna görə yeni hərbi rütbə əldə etmişdi.

 

Leonid Martirosov Şuşanın kiçik modelinin hazırlanması və şəhərə hücumun planlaşdırmasını təşkil etmişdi. “Dağlarda toy” adı verilən əməliyyatın hazırlanmasında Martisovla yanaşı, əməliyyatın rəhbəri Arkadi Ter-Tadevosyan, Serj Sarkisyan, Robert Koçaryan, Samvel Babayan, Seyran Ohanyan, Valeri Çitçyan və Arkadi Karapetyan da iştirak etmişdi.

 

Leonid Martirosov əməliyyatın gedişatını Şuşanın şimalında yerləşən adsız yüksəklikdəki müşahidə postundan izləmişdi. 26 saatlıq qızğın döyüşlərdən sonra erməni hərbi birləşmələri 57 döyüşçüsünü itirməsinə baxmayaraq, Şuşa qalasını ələ keçirə bilmişdilər.

 

Qeyd olunmalıdır ki, əməliyyatın şimal istiqamətindəki qüvvələrinə (26-cı post, Xankədi) Valeri Çitçyan rəhbərlik edib. Martirosov kimi Çitçyan da Azərbaycan ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdu. O, Xankəndində yerləşən və Rusiyaya məxsus 366-cı moto-atıcı alayın zabiti kimi 1992-ci ilin martında alayın Qarabağdan evakuasiyası zamanı könüllü olaraq Qarabağdakı separatçıların sıralarına qatılmışdı.

Həmin alayın daha bir  zabiti Seyran Ohanyan (Ermənistanın keçmiş müdafiə naziri) və Movses Akpyan da (Ermənistan ordusunun Baş Qərargah rəisi) xidmət etdikləri alayın arxasınca Tbilisiyə getməmişdilər.

Leonid Martirosova gəlincə, o, Qarabağ müharibəsində 1993-cü ilə qədər iştirak etmiş, həmən il Yerevana çağırılaraq Baş İnspeksiya İdrəsində xidmətə başlamışdı.

Yazının girişində qeyd edildiyi kimi, Martirosov 2014-cü ildə 75 yaşında təqaüdə göndərilib. Bu zaman artıq o, general-leytenant rütbəsi də almışdı. 78 yaşlı keçmiş bakılı hər il mayın 9-da Şuşanın işğalının ildönümündə keçirilən təntənəli tədbirlərdə aktiv iştirak edir.
Azərbaycan torpağında böyüyən və təcavüzkar müharibədə fəallıq edən Valeri Çitçyan isə Şuşanın işğalından 3 il sonra yol qəzasında ölüb. 


Qeyd edək ki, bu gün Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasının 25-ci ili tamam olur.

 

Vüqar İSMAYILOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır