Modern.az

Sabiq MTN-çilərin məhkəməsində Eldar Mahmudovun adı hallandı

Sabiq MTN-çilərin məhkəməsində Eldar Mahmudovun adı hallandı

8 May 2017, 20:43

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Modern.az "Report"a istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Maqsud Mahmudov ifadə verib.

O dindirilərkən qeyd edib ki, 2015-ci il iyul ayının 5-də MTN-in Antiterror Mərkəzinin əməkdaşı A.Mehdiyev ona zəng vurub və nazirliyə çağırıb. M.Mahmudovun sözlərinə görə, A.Mehdiyev onu terrorçu adlandırıb: “O, mənim 10 gündür telefon zənglərim və mesajlarımın onlar tərəfindən izlənildiyini bildirdi. Azər Mehdiyev qeyd etdi ki, mən mütəmadi olaraq Ukraynaya getmişəm və orada bir qadın və Bakı şəhərində də zərgər işləyən qızla görüşmüşəm. O, həmin qızın ərinin həbsdən yeni çıxdığını dedi. Sonra nazirlikdə məndən əvvəlcə 250 min dollar tələb etdilər. Bildirdilər ki, tələb olunan pulu vermədiyim halda qadınla görüşdüyümü həm öz həyat yoldaşıma, həm də həmin qadının həbsdən çıxan ərinə deyəcəklər. Bu məbləği də onlara verməyə imkanımın olmadığını bildirdim. Pulu hissə-hissə düzəldərək Azər Mehdiyevə verdim".

Daha sonra iclasda M.Mahmudovla təqsirləndirilən E.Quliyev arasında mübahisə yaranıb. E.Quliyev deyib ki, zərərçəkmiş M.Mahmudovu casusluqla bağlı MTN-ə çağırıblar: “Maqsud Mahmudov Ukraynada Maydan hadisələri zamanı Azərbaycan bayrağını yuxarı qaldırıb. Bu da bizim diqqətimizi cəlb etmişdi. Ondan pul almağımızla bağlı dedikləri yalandır".

Bu zaman zərərçəkmiş M.Mahmudov "Qurani-Kərim" kitabını çıxararaq təqsirləndirilən şəxsdən and içməsini tələb edib. "Elçin Quliyev and içsin ki, mən yalan danışıram. Əgər and içsə, mən məhkəmə zalını tərk edəcəm".

Elçin Quliyev zərərçəkmişin and içməklə bağlı tələbini yerinə yetirməyib və bildirib ki, M.Mahmudovun MTN-ə çağırılmasından nazir Eldar Mahmudovun xəbəri və göstərişi olub: “Mən burada yuxarı vəzifəli şəxs olmuşam, mənə çıxmaq üçün aşağı vəzifəli şəxslər olub. Onların da bura gəlməsini istəyirəm".

Məhkəmənin növbəti iclası mayın 18-nə təyin edilib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı