Modern.az

“Bakı-Tbilisi-Ceyhan”la indiyədək 357 milyon ton neft nəql edilib

“Bakı-Tbilisi-Ceyhan”la indiyədək 357 milyon ton neft nəql edilib

10 May 2017, 12:23

2017-ci ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 29 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar xərclənib.

Bu haqda "BP-Azerbaijan" şirkətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci il mart ayının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 357 milyon ton (təxminən 2,67 milyard barel) xam neft nəql edilib və Ceyhanda 3502 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci rüb ərzində isə BTC vasitəsilə təqribən 8,3 milyon ton (61,7 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 77 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti, nəql olunur.

 

Həmçinin, bildirilib ki, birinci rüb ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 113 milyon dollar əməliyyat xərcləri və 835 milyon dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.

2017-ci ilin ilk üç ayı ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

Rüb ərzində yataqdan 2,4 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 4,6 milyon barel) kondensat hasil edilib.

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Birinci rübdə Şahdəniz Mərhələ 1-in mövcud platformasında (Alfa) SDA10 qaz hasilatı quyusunun dərin hissələrində aparılan qazma işləri bitib və tamamlanma işlərinə başlanıb.

İstiqlal qazma qurğusu birinci rübdə SDC03 və SDC02 quyularını tamamlayaraq SDC01 quyusunda da həmin işləri aparmaq üçün bu quyunun yerləşdiyi əraziyə keçib.

Heydər Əliyev (Maersk Explorer) qazma qurğusu SDF01 və SDF02 quyularının üst hissəsində qazma işlərini bitirib. Hazırda isə qurğu SDF01 quyusunun məhsuldar lay hissələrini qazmaqda davam edir.

Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb, üç quyunu isə tamamlayıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Rəsmi məlumata görə, 2017-ci ilin birinci rübündə Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri davam etdirilib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 92%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir