Modern.az

ARB-ni digər telekanallardan fərqləndirən cəhətlər...

ARB-ni digər telekanallardan fərqləndirən cəhətlər...

Aktual

10 May 2017, 13:01

2014-cü il 10 may tarixində Azərbaycan media məkanına yeni kanal - ARB TV  daxil oldu.  Bununla da ölkə üzrə yayımlanan yerli televiziya kanallarının sayı 10-a çatdı.
Yeni media qurumu olmasına baxmayaraq, kanal üç il ərzində öz sözünü deməyi bacarıb.

ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənov Modern.az-a telekanalın yaranması barədə öz təəssüratlarını bildirib. O deyib ki, ARB TV-nin Azərbaycan teleməkanında özünəməxsus yeri var:

“ARB TV  altı-yeddi ayın içərisində yaranan kanal oldu.  Bizim indiyə kimi gördüyümüz işləri  yalnız tamaşaçılar dəyərləndirə bilər. Lakin fikrimcə, biz bugünkü işimizin öhdəsindən lazımınca gəlirik. ARB TV həmişə  bütün yaş kateqoriyasından olan insanları nəzərə alıb və buna uyğun olaraq efirimizdə verlişlər yayımlanıb.  İnanıram ki, kanalımız bütün auditoriyanın baxa biləcəyi  media qurumudur”.

İsmayıl Həsənov kanalın digər yerli media qurumlarından fərqlərini də qeyd edib:

“Məsələn, mayın 15-dən etibarən kanalda  yeni realiti şou  başlayacaq. Bu, digər kanallarda yoxdur. Eyni zamanda səhər efirimizdə tam fərqli veriliş yayımlanır. Son dövrdə Azərbaycan efirində informasiya şousuna rast gəlmək olmur. Onlar xəbərlər üzərində qurulur. Biz xəbər versək də, onu daha yüngül formada təqdim edirik. O cümlədən  tamaşaçılar film seçimimizi çox bəyənirlər.  Biz də fərqli filmlər yayımlamağa çalışırıq. Lakin bizim digər  telekanallardan əsas fərqimiz  internet media ilə çox sıx əməkdaşlıq etməyimizdir.  Əsas hədəflərimizdən biri də təkcə internet media ilə deyil, digər media qurumları ilə də  həmrəylik körpüsü qurmaqdır”.

İ.Həsənov həmçinin ARB TV-nin gələcək planlarından da söz açıb. O bildirib ki, kanal  yeni mövsümdə daha böyük layihələrə, yeni verilişlərə imza atacaq və tamaşaçıları sevindirəcək.

Qeyd edək ki, 2016-cı il 19 sentyabr  tarixində "Region TV" olan telekanalın adı dəyişdirilərək "ARB" olub.

Modern.az saytı olaraq ARB TV-ni təbrik edirik.

 

Günay RƏSULQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!