Modern.az

Böyük Vətən Müharibəsinin neçə iştirakçısı qalıb...

Böyük Vətən Müharibəsinin neçə iştirakçısı qalıb...

10 May 2017, 14:29

 

“1941-45 müharibəsi”ndə Sovet ordusu sıralarına Azərbaycandan 720 min nəfərdən çox insan cəlb edildi. Onlardan 320 mindən çoxu döyüşlərdə həlak oldu.

Böyük Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlara görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bu şərəfli ada iki dəfə layiq görülən məşhur azərbaycanlı Həzi Aslanov olub. Sovet İttifaqı Qəhrəmanı adını alanlardan 42 nəfəri milliyyətcə azərbaycanlı idi, onlardan 14-ü ölümündən sonra bu ada layiq görülmüşdü.
İlk Sovet İttifaqı Qəhrəmanı adını alan azərbaycanlı leytenant İsrafil Məmmədov idi.

Modern.az Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına istinadən xəbər verir ki, 2013-cü il yanvar ayının 1-i vəziyyətinə 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 724 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı isə 1306 nəfər təşkil edib.

2014-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 667 nəfər, Böyük Vətən Müharibəsi əlillərinin sayı 1057 nəfər olub.

2015-ci yanvar ayının 1-i vəziyyətinə görə, Böyük Vətən Müharibəsi iştirakçılarından 667 nəfər, əlillərdən 1057 nəfər təqaüd alıb.

2016-cı il yanvar ayının 1-i vəziyyətinə Böyük Vətən Müharibəsi iştirakçılarının sayı 447 nəfər, əlillərinin sayı 516 nəfər təşkil edib.

Qeyd edək ki, 2013-cü ildən başlayaraq ölkə başçısının göstərişilə hər il Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım göstərilir.

Hazırda İkinci Dünya müharibəsi iştirakçılarından 431 nəfəri müharibə əlili kimi, 332 nəfəri isə müharibə iştirakçısı kimi Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunur.

İkinci Dünya müharibəsi əlillərinə 2008-ci ilin sentyabrın 1-dən ödənilən bu təqaüdün məbləği ötən dövrdə orta hesabla 2 dəfədən çox artırılaraq, I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırılıb. İkinci Dünya müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə isə aylıq 110 manat məbləğində olmaqla Prezidentin aylıq təqaüdləri verilir.


Həmin təqaüdlərlə bərabər, İkinci Dünya müharibəsi iştirakçıları aylıq əmək pensiyaları ilə təmin olunurlar. Onların yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb. Hazırda İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 356 manat təşkil edir. 


Ötən dövrdə İkinci Dünya müharibəsi əlillərindən 102 nəfər dövlət büdcəsi hesabına mənzillə, 1117 nəfər minik avtomobili ilə təmin edilib. 32 nəfər İkinci Dünya müharibəsi iştirakçısına isə ehtiyaclarına uyğun olaraq evlərində sosial xidmətlər göstərilir. 

Qeyd edək ki, 9 May - Qələbə günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu təbəqədən olan insanlara birdəfəlik yardım verilməsi barədə 24 aprel 2017-ci il tarixli sərəncam imzalanıb. Bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 7,2 milyon manat vəsait ayrılıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 13312 nəfər şəxsə, o cümlədən İkinci Dünya müharibəsi iştirakçıları olan 763 nəfərin hər birinə 1000 manat, bu müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, həmin müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçıları olan 12 549 nəfərin hər birinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır