Gürcüstan vətəndaşları Azərbaycan vətəndaşlığı  ala bilər, amma....

Gürcüstan vətəndaşları Azərbaycan vətəndaşlığı  ala bilər, amma....

Aktual

23 May 2017, 10:45

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda müvəqqəti olma,  müvəqqəti yaşama və daimi yaşama  hüquqquna malikdirlər.

 

 “Orta və ali təhsilimi Gürcüstanda almışam. Hətta nigah evinə də orada daxil olmuşam. Ailə qurduqdan bir neçə ay sonra Azərbaycana gəlmişəm. Lakin Azərbaycan vətəndaşlığını əldə etməyə çalışsam da neçə illərdir ki, buna nail ola bilmirəm”. Bunu Modern.az-a açıqlamasında Amil Hacıyev bildirib.

 

Amil Hacıyev deyir ki, vətəndaşlıq əldə edilməsi ilə bağlı müraciətlərinin mümkün ola biləcəyi söylənilsə də, məsələ nəticəsiz qalıb. Üstəlik, burada işləmək üçün icazə alıb və 1000 manat ödəyib. “Vətəndaşlıq almaqla bağlı Miqrasiya xidmətinə müraciət etmişəm. Bildiriblər ki, 2 dəfə 1 il 1 il qeydiyyata düş. 5 il sonra yenə qeydiyyata düş. Bundan sonra vətəndaşlıq veriləcək. 5 ilim bitəndən sonra  dedilər ki, yox yenidən 5 il üçün müraciət elə, sonra vətəndaşlıq üçün müraciət etməlisən. Məsələ uzandığından hələ də vətəndaşlıq ala bilməmişəm”

Amil Hacıyevin sözlərinə görə, vətəndaşlıq ala bilmədiyi üçün problemlər yaşamalı olur. “Xarici ölkələrə gedəndə viza problemi yaranır. Hətta, sürücülük vəsiqəm yaşayış icazəsinə görə verilib. Təəssüf ki, bitəndə hər ikisi bitir”.

 

Vətəndaşlıq əldə etməklə bağlı yaranan problemlər

 

Qeyd edək ki, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları  “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunla tənzimlənir. Yəni əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizə müvəqqəti və daimi yaşamaq üçün gələ bilər. Təbii ki, bu zaman müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə alınması mütləqdir. Üstəlik, ən azı iki il qanuni əsaslarla Azərbaycanda müvəqqəti yaşamalısan ki, daimi yaşamaq  hüququ (immiqrant statusu) əldə edə biləsən. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış yeri üzrə qeydiyyata alınırlar və müvəqqəti olan hesab edilirlər. Azərbaycan  ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

 

Gürcüstan vətəndaşı Azərbaycan vətəndaşlığını ala bilmirsə...

 

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Modern.az-a açıqlamasında deyib ki, son illərdə Azərbaycanda vətəndaşlıq əldə edənlərin 90%-i  Gürcüstan vətəndaşlığı olan şəxslərdir. Təbii ki, onlar Gürcüstan vətəndaşlığından imtina edirlər. Ona görə heç də onların əksəriyyətinin Azərbaycan vətəndaşlığı ala bilməməsini söyləmək olmaz. Sadəcə, ölkə ərazisində qeydiyyatda olarkən qeydiyyat prosesini daha artıq uzatmağa çalşırlar. Bu da müəyyən narazılıqların yaranmasına hətta, məhkəməyə qədər gedib çıxa bilir “Vətəndaşlıq ala bilməyənlərin problemi  əsasən prosedur qaydalarla bağlıdır. Vətəndaşlıq almaq istəyənlərdə həmin prosedur qaydalar bir növ pozulub. Elə Gürcüstan vətəndaşları var ki, Azərbaycana gəlib  bir ildən, iki ildən bir   müvəqqəti yaşamaq hüququ əldə edirlər. Sonra yenidən Gürcüstana qayıdırlar. Növbəti dəfə gələndə 5 illik üçün müraciət edirlər. Təbii ki, həmin vətəndaşlara 5 illik yox bir, ya da, iki illik müvəqqəti yaşamaq hüququ verilir. Bu zaman problemlər ortaya çıxır. Şərtlərdən biri də odur ki, fasiləsiz olaraq ölkə ərazisində qalmalısan. Əgər vətəndaşlıq almaq istəyən şəxs ölkə ərazisini tərk edirsə, bir il ərzində 3 aydan artıq olmamaq şərtilə  yenidən ölkəyə qayıtmalıdır. Bu, Azərbaycan Respublikasının qanunun 14-cü maddəsində öz əksini tapıb. Ona görə də bu cür məsələlərdə prosedur qaydalarına riayət etmək lazımdır”.

 

Vətəndaşlığı olmayanların  toxunulmazlığı. Qanun bu barədə nə deyir?

 

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq, azadlıq və vəzifələrindən danışan Azər Allahverənov, onların toxunulmazlıq hüququnu da izah edib. "Bu qanunun 9-cu maddəsi ilə tənzimlənir. "Ölkəmizin ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq şəxsi toxunulmazlıq və mənzil toxunulmazlığı hüquqları vardır. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada tutulmuş, yaxud həbs olunmuş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu hərəkətlərə səbəb olan hallar və onların hüquqları haqqında dərhal məlumat verilməlidir. Əcnəbini və Azərbaycan Respublikasında müvəqqəti olan vətəndaşlığı olmayan şəxsi tutmuş, yaxud həbs etmiş orqan və vəzifəli şəxs bu haqda dərhal Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məlumat verməlidir".

 

“Övladların vətəndaşlıq əldə edə bilməsi qeyri-mümkün məsələ deyil”

 

Müsahibimiz Amil Hacıyev illərdir ki, Azərbaycan vətəndaşlığı almağa çalışır. Hələ də buna nail ola bilməyib. Amma 2 övladına Azərbaycan vətəndaşlığını rahatlıqla ala bilib. Necə olur ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər illərlə vətəndaşlıq ala bilmir, amma övladları bu məsələdə daha şanslı olur?! Əmək hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə övladların vətəndaşlıq əldə edə bilməsi qeyri-mümkün məsələ deyil. “Azərbaycan vətəndaşlığı ala bilməyən Amil Hacıyev  Gürcüstan vətəndaşıdır. Amma onun   övladları Azərbaycanda doğulub. Buna görə də övladları  üçün vətəndaşlıq əldə edə bilib. Özü isə vətəndaşlıq ala bilməyib. Bu da normal olduğu kimi, həm də  mümkündür”. Beynəlxalq aləmdə vətəndaşlığın əldə edilməsinə gəlincə, Sahib Məmmədov bildirdi ki, bu məsələdə  iki əsas hüquq götürülür. “Söhbət torpaq və qan hüququndan gedir. Torpaq hüququ o deməkdir ki bu torpaqda doğulubsa, Azərbaycan vətəndaşlığını əldə edə bilər. Qan hüququ da o deməkdir ki, onun valideynlərindən ən azı biri Azərbaycan vətəndaşı olmalıdır”.

 

Azərbaycanda vətəndaşlığı olmayanlar necə  qeydiyyata alınır?

 

Qısa olaraq məlumat üçün bildirək ki, qəbul olunmuş və hazırda da qüvvədə olan Miqrasiya Məcəlləmizin tələblərinə görə Azərbaycanda 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Hüquqşünas Xəyal Bəşirov Modern.az-a açıqlamasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyat məsələsinə  bu cür aydınlıq gətirib.

 

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətə qeydiyyata alınırlar: Viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə görə qeydiyyata alınır. Viza tələb olunmayan qaydada gələnlər isə - 90 gün müddətinə qeydiyyata alınır.  Həmin məcəllənin 15-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycana gələ və Azərbaycandan  gedə bilərlər. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər.Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər”.

 

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hansı halda işləməsinə icazə verilir? Hüquqşünas Xəyal Bəşirov deyir ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda işləmək izni var.

“Əgər müvəqqəti yaşayış izni ilə yaşayırlarsa, təbii olaraq, iş icazəsi əldə etmədən işləyə bilərlər. Elə Gürcüstan vətəndaşları var ki, Azərbaycanda daimi yaşamaq hüququ əldə ediblər. Bu zaman iş icazəsinə ehtiyac yoxdu. Əgər daimi yaşayış hüququ yoxdursa yalnız ona ildə bir dəfə, ya da, 6 aydan bir müvəqqəti yaşamaq icazəsi verilirsə, onun burada işləməsi mümkün deyil. Yalnız o halda işləyə bilər ki, işə götürən şəxs onun üçün iş icazəsi alsın. İş icazəsinin də maksimal müddəti bir ildir. Bir ildən sonra yenilənməlidir. Yəni hər il bunun üçün icazə alınmalıdır. Həmçinin, bunun üçün 1000 manat rüsum ödənməlidir. Bu rüsumu da şəxs yox, işəgötürən ödəməlidir”.

Digər bir məsələ Gürcüstan vətəndaşlarının qeyri-leqal əməklə məşğul olmasıdır. Xəyal Bəşirovun sözlərinə görə, bu cür vətəndaşlığı olmayanların deport olunmaq riski var. “İş icazəsi əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə o zaman verilir ki, həmin vəzifəyə yerli vətəndaş iddia etməmiş olsun. Ona görə də Gürcüstandan və başqa ölkələrdən olan şəxslər var ki, Azərbaycanda qeyri-leqal vəziyyətdə yaşayırlar. Qeyri-leqal əmək fəaliyyəti həyata keçirirlər. Buna da “tənzimlənməyən əmək” deyirlər. Gürcüstandan olan elə əcnəbi vətəndaşlar var ki, Azərbaycanda qeyri-rəsmi çalışırlar. Sabah onları yaxalasalar ölkədən deport olunmaq riski var. Eyni zamanda, onları işlədən şəxsi də çox böyük cərimələr gözləyir”.

 

Dünya ölkələrində vətəndaşlıq məsələsi...

 

Əksəriyyət ölkələrdə vətəndaşlığın əldə edilməsi ilə bağlı prosedur çox çətindir. Bəzən 10, 15, 20 il çəkir. Qonşu Rusiyada isə uzun müddət Azərbaycan vətəndaşları asanlıqla Rusiya vətəndaşlığını əldə edə biliblər. Daha sonra həm bizim, həm də Rusiyanın qanunvericiliyi dəyişdi. İndi onlardan birini seçməlidirlər.  Elə ölkələr var ki, əhalisinin sayı azdır. Bu cür ölkələrdə vətəndaşlıq əldə etmək asan olur. Digər tərəfdən, hansı yerdə ki, həyat səviyyəsi yüksəkdir, orada vətəndaşlığın qəbulu çətindir. Məsələn Birləşmiş Ərəb Əmirlikləri demək olar ki, vətəndaşlığı qəbul etmirlər.

 

Namidə BİNGÖL

 

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında "Miqrasiya hüququ: qanunvericilik və təcrübə” mövzusunda keçirdiyi müsabiqəyə təqdim edilir

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu