Modern.az

Novruz Aslanov: “Böyük Hərəkat günü”

Novruz Aslanov: “Böyük Hərəkat günü”

Təhsil

3 May 2011, 11:49


Yunan filosofu Platon zamanında demişdir: «Ədalət, müdriklik və qanunun bir yerdə olacağı təqdirdə bəşəriyyət xoşbəxtliyə qovuşacaq». Ulu Öndər Heydər Əliyev özünün təkmil dövlətçilik quruculuğunda humanizm, ədalət, insanpərvərlik kimi dəyərlərə, həmçinin, xeyirxahlıq və mərhəmət kimi nəcib keyfiyyətlərə əsaslanaraq öz fəaliyyətini həyata keçirmişdir. Azərbaycanda dövlətin təməli bu dəyərlərə söykənmişdir. Milli-mənəvi dəyərlərimiz və milli mentalitetimiz bizlər üçün hər zaman öndə olmuşdur.

Məhz, ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikası Milli Məclisinin 25 noyabr 1994-cü il tarixli «Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işini yaxşılaşdırmaq haqqında» 926 saylı qərarına əsasən, Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlət tərəfindən rəsmən tanınmış və respublikada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi fəaliyyət göstərən yeganə rəsmi milli cəmiyyət elan olunmuşdur.

Dünyanın hər bir ölkəsində humanitar dəyərləri özündə təcəssüm etdirən və bu istiqamətdə fəaliyyət göstərən müxtəlif təşkilatlar mövcuddur. Humanitar missiyanı həyata keçirən ən böyük təşkilatlar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olan Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və ölkələrdə fəaliyyət göstərən yerli milli cəmiyyətlərdir, o cümlədən Azərbaycan Qızıl Aypara Cəmiyyəti.            

Qısa olaraq bu Hərəkatın yaranma tarixinə nəzər salaq. 1859-cu ildə İtaliyanın Solferino əyalətində Avstriya və Fransa orduları arasında  baş vermiş döyüşün təsadüfən şahidi olmuş Anri Dünan, döyüş meydanında çoxsaylı yaralı və ölüləri öz gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmişdir. Əsasən yaxınlıqda yerləşən kəndlilərin köməyi ilə yaralılara yardımlar göstərilmiş, cəsədlər torpağa basdırılmışdır. 1863-cü ildə Anri Dünanın təşəbbüsü ilə yaralılara yardım göstərən Beynəlxalq Komitə (gələcəkdə Beynəlxalq Qızıl Xaç Komitəsi adlandırılacaq) yaradılmışdır. Qızıl Xaç Hərəkatı məhz belə yaranmışdır.

1953-cü ildən  8  may tarixi «Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü» kimi qeyd olunur. Bu əlamətdar gün 1828-ci ilin may ayının 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist və ictimai xadim, Nobel sülh mükafatının laureatı, Beynəlxalq Hərəkatın banisi Anri Dünanın şərəfinə təsis edilmişdir.

Bu dövrümüzdə də «8 may» bu Hərəkatın şanlı tarixində yadda qalan yeni səhifələr açmışdı. Belə ki, 8 may 2001-ci ildə ulu öndər Heydər Əliyevin imzası ilə «Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında» Qanun, 8 may 2007-ci ildə isə Milli Məclis tərəfindən «Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında» Qanun qəbul edilmişdi. Bu, Azərbaycan Respublikası Milli Məclisinin Qızıl Aypara Cəmiyyəti haqqında qəbul etdiyi ikinci hüquqi sənəd idi. Bu qanunların qəbul edilməsinin 8 may Beynəlxalq Hərəkatın yaranma gününə təsadüf etməsi, düşünürəm ki, tarixi ənənənin təzahürüdür.

Respublikamızda da bu Hərəkatın böyük tarixi vardır. Hərəkatın tərkib hissəsi olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi 10 mart 1920-ci ildə qeydə alınmış və təşəbbüskarı general-leytenant Əliağa Şıxlinski olmuşdur. 91 ildir Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz nəcib missiyasını həyata keçirir. Bu çox böyük tarixdir. Dünyəvi Hərəkatın üzvü olaraq beynəlxalq müstəvidə də uğurlarımız az deyil. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatında göstərdikləri xüsusi xidmətlərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəfqət bacıları - 1979-cu ildə Səriyyə Talışxanova, 1983-cü ildə Rəşidə Qasımzadə, 2005-ci ildə Qızbəs Əsədova, Dürrə Məmmədova, Firuzə Əliyeva, 2007-ci ildə Zəhra Məmmədova, Səadət Məmmədova, Lamara Axundova, 2009-cu ildə Gültəkin Qafarova və Umleyla Aslanova Beynəlxalq Hərəkatın yüksək mükafatı olan «Florens Naytingel» medalına layiq görülmüşlər. Bu da Cəmiyyətimizin beynəlxalq aləmdəki nüfuzundan irəli gəlir.

Cəmiyyətin fəaliyyət istiqaməti çoxsahəlidir. Xüsusilə, sosial sahəyə önəm vermiş milli cəmiyyət bu istiqamətdə layihələrini əhalinin sağlamlığı sahəsində maarifləndirmə işlərinin gücləndirilməsinə yönəltmişdir. Fövqəladə hallara cavabvermə sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə və Strategiyasına uyğun olaraq, təbii və texnogen fəlakətlərdən, xüsusən məişət zəminində baş vermiş yanğınlardan zərər çəkmiş zavallı insanlara ilkin humanitar yardımlar göstərilir. Bu sahədə fəaliyyəti koordinasiya etmək məqsədilə Fövqəladə Hallar Nazirliyi ilə memorandum imzalanmışdır. Həmçinin, səhiyyə sahəsində də fəaliyyətimizi tənzimləmək üçün Səhiyyə Nazirliyi ilə də memorandum imzalanmışdır. Bir sözlə, Milli Cəmiyyətimiz mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir. Həmçinin, aztəminatlı insanlara, xüsusilə xroniki xəstə kimsəsizlərə, ahıllara tibbi-sosial yardımlar edir.

İnkişaf etmiş Milli Cəmiyyətlər dövlətin onlara verdiyi imtiyazlardan səmərəli istifadə edərək fəaliyyətləri üçün maddi bazanın möhkəmləndirilməsinə  nail olur  və bunun sayəsində humanitar proqramların həyata keçirilməsində heç bir çətinliklərlə, o cümlədən də maddi çətinliklərlə üzləşmirlər. Cəmiyyətimiz də dövlətin ona verdiyi imkanlardan səmərəli istifadə edərək hökumətin humanitar sahədə ən etibarlı dayaqlarından birinə çevrilmişdir. Maliyyə dəstəyi məsələsi Milli Cəmiyyət üçün çox önəmlidir. Əlbəttə, bu sahədə bizim həm uğurlarımız, həm də çətinliklərimiz mövcuddur. Belə ki, ianə və üzvlük haqları hesabına zəruri humanitar proqramların həyata keçirilməsinə nail olunur. Təəssüf ki, üzvlərimizin bəziləri vaxtında və ya ümumiyyətlə üvlük haqları vermirlər. Artıq xarici donorların maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin bir çoxu dayandırılmışdır. İndi biz yerli donorlarla daha sıx əməkdaşlıq etməyi qarşıya məqsəd qoymuşuq. Digər dövlətlərin milli cəmiyyətləri bu sahədə öz yerli donorlarından yararlanırlar. 2011-2015-ci illəri əhatə edən yeni strategiyamızın da əsas istiqamətlərindən biri budur. Düşünürəm ki, buna nail olmaq üçün insanlar arasında, cəmiyyətdə lazımi maarifləndirmə işləri daha da gücləndirilməlidir. Hər bir vətəndaş ianə etdiyi vəsaitin təyinatı üzrə yönəldilməsi barədə məlumat əldə edə bilər. Bizim fəaliyyətimiz şəffafdır. 

Sonda qeyd edim ki, 8 may Şuşanın işğal günü olduğundan Beynəlxalq Hərəkatın yaranma günü münasibətilə tədbirlərimizi ya mayın 8-ə kimi, ya da 8-dən sonra keçiririk. Cəmiyyətin rəyasət heyətinin qərarına əsasən Şuşa işğaldan azad olunana qədər bu tarixdə tədbirlərin keçirilməməsi qərarı verilmişdir.

Novruz Aslanov
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!