Modern.az

Anar Nəcəfli: “Çalışıram ki, məmurluq etməyim” - MÜSAHİBƏ

Anar Nəcəfli: “Çalışıram ki, məmurluq etməyim” - MÜSAHİBƏ

Müsahibə

8 İyun 2017, 11:48

“Eşitmişəm ki, bir dəfə “reket jurnalist”ə pul verən sonra canını qurtara bilmir”


Modern.az saytının müsahibi "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflidir. Onunla söhbəti təqdim edirik:

 

- Başlayaq ondan ki, bəzi xanımlar xəbərlərə baxmaq bəhanəsilə sırf Anar Nəcəfliyə görə televiziyanın qarşısına keçirdilər. Bu baxımdan aparıcılıq üçün darıxmırsınız?


- İctimaiyyət arasında olan biri kimi deməzdim tək xanımlar, uşaqdan böyüyə kimi hamı baxırdı. Aparıcılıqda xəbərin təqdimatı çox önəmlidir. Yəni onu elə təqdim etməlisən ki, hər kəsin, bütün təbəqədən olanların hamısını cəlb edib, xəbərləri izlətdirəsən. Bəziləri elə düşünür ki, xəbərlər yalnız 40-50 yaşlılar üçün nəzərdə tutulub, cavanlar baxmır və s. Əslində biz xəbəri düzgün təqdim etməklə bu steorotipləri qırdıq və göstərdik ki, 7-dən 77-yə kimi hər kəs xəbərlərə baxa bilər. Hətta sizin qeyd etdiyiniz təbəqə belə. O baxımdan deməzdim ki, mənim təqdimatımda xəbərləri izləyənlər sırf qadınlar idi.


- Amma bir qrup xanımların sizə simpatiyası var idi, hələ də var. Yəni sırf xarici görünüşünüzə, etdiyiniz jest, mimikalara görə xəbərləri izləyirdilər. Bildiyimiz qədər, xəbər aparıcılığında efir məkanına sərbəstliyi siz gətirdiniz və bu, ilk olaraq hamı tərəfindən xoş qarşılanmadı. Hətta bəzilərini qıcıqlandırırdınız da...


- Təbii ki, hər hansı yenilik qıcıqla qarşılanır. Yadımdadır ki, həmin ərəfədə “Azəriqaz” tərəfindən əhalinin qaz təminatının yaxşılaşdırılması üçün “smart kart” tipli sayğaclar quraşdırılırdı. Çoxu bunu etirazla qarşıladı. İlk dövrdə müəyyən çətinliklərin olması normal idi. Çünki ilk dəfə tətbiq olunurdu. Aparıcılıq da belədir. Bizdə fərqli təqdimat var idi deyə, bəziləri bəyənirdi, bəziləri bəyənmirdi. Bu da normal haldır. Əslində bəyənməyənlər də sizə baxanlardır ki, tənqid edirlər. Sən o tənqiddən nəticə çıxarmalısan. Bəzi aparıcılar var ki, tənqiddən nəticə çıxarmır, elə öz bildiyi kimi də edirdi. Amma mən çalışırdım ki, tənqid edənlərə də qulaq asım və nəticə çıxarıb o insanları da özümə cəlb edim ki, bəyənənlər ordusu daha da artsın.


- Yeri gəlmişkən, indinin özündə elə xəbər aparıcılarımız var ki, sosial şəbəkələrdə tez-tez müzakirə obyektinə çevrilirlər. Xəbərlərin oxunuşunda yersiz pafos, həyəcan hiss edilir. Sizin dediyiniz tənqid məsələsindən nəticə çıxarmırlar. Xəbərlərin içində olan biri kimi fikirləriniz maraqlıdır...

- Bəli, izləyirəm. Həqiqətən də bəzi aparıcılar dediyim kimi, tənqiddən nəticə çıxarmırlar. Nəticə çıxarsalar, əksinə, onlar üçün xeyirdir.

- Bir anda hamının sevimlisinə çevrilən aparıcını mətbuat katibliyinə gətirən səbəb nədir? Çətin olmadı ki, sizə? Ümumiyyətlə necə qarşıladınız təyinatı?

- Sözün açığı əvvəl çox düşündüm, sonra qəti qərar verdim. Amma normal qarşıladım. Baxmayaraq ki, ilk dövrlərdə öyrəşməklə bağlı xeyli çətinliklərim oldu. Birdən-birə aparıcılıqdan gəlib sırf yol sahəsində çalışmaq həqiqətən çətin oldu. Mətbuatla əlaqəli olsa da, yol sahəsidir və yoldan anlayışı  olmayan bir insan kimi mənə çətin idi. Amma yavaş-yavaş terminləri, işin xırdalıqlarını öyrəndim. Və bir müddət sonra birgə çalışdığım mühəndislər mənə dedilər ki, lap mühəndis kimi danışırsan. Hər zaman çalışmışam ki, arxasınca getdiyim sahəni layiqincə təmsil edim. Bu sahəni mənə etibar edirlərsə, onu layiqincə təmsil etməyə borcluyam və etibarı doğrultmalıyam, istər aparıcılıq olsun, istər mətbuat katibi, istərsə də başqa sahə.


- Belə bir tendensiya var ki, mətbuat katibləri hər zaman rəhbər şəxsə çox yaxın adam olur. Axı mətbuat katibi həmin qurumun cəmiyyətdəki güzgüsüdür. Qurumun gördüyü işlər məhz mətbuat katibi vasitəsilə cəmiyyətə çatdırılır. Bu mənada sizin də rəhbərinizlə münasibətləriniz maraqlıdır...

- Bayaq da dedim ki, mənim ümumiyyətlə yolla heç bir əlaqəm olmayıb. Təklif mənə yaxın olmayan, ümumiyyətlə münasibətim olmayan biri tərəfindən gəldi. Yəqin ki, görüblər, bəyəniblər, ona görə də belə bir təklif veriblər. Həmin ərəfədə mənim işlə bağlı sıxıntılarım vardı. “Xəzər” telekanalındakı işimdən ayrılmışdım. Bir müddət ATV-də çalışdım. Məhz bu məqamda gözlənilməz təklif aldım. Dəvəti qəbul elədim və bildirdim ki, mən yol təsərrüfatında yeniyəm, yaxından-uzaqdan əlaqəm olmayıb. Bu təyinatdan sonra əlbəttə, rəhbərimizlə münasibətlərimiz quruldu. Çünki birbaşa mətbuatla işləyən biri kimi rəhbərlə müzakirələrimiz, məsləhətləşmələrimiz mütləq olur. Nazirliklərdə, dövlət qurumlarında bəzi mətbuat katibləri var ki, onlar rəhbərlərinin qəbuluna belə, düşə bilmirlər. Jurnalistlər üçün belə mətbuat katiblərilə işləmək çox çətin olur. Bizim sahə elədir ki, hər gün rəhbərliklə təmasda oluruq, hər hansı mövzuda rəhbərlikdən məsləhətlər alıram. Ona görə də düşünürəm ki, işin effektli olması üçün mətbuat katiblərinin rəhbər şəxslə münasibətləri də normal olmalıdır. Bu mənada rəhbər şəxsin və mətbuat katibinin özündən çox şey asılıdır. Onlar bir yerdə çalışmasalar, təmas olmasa, bu, onların mətbuatla əlaqələrinə də təsir edir. Yaxşı təmas varsa, mətbuatla əlaqələr də yaxşı olur. Əksi olanda isə həm rəhbər, həm mətbuat katibi, həm də qurum tənqid obyektinə çevrilir.

 

- Təyinat aldığınız zaman çətinlikləriniz olduğunu qeyd etdiniz. Amma elə ilk gündən mətbuatla sıx işləməyə başladınız. Bu baxımdan əminliklə deyə bilərik ki, jurnalistlərin rəğbətini qazanmış üç-dörd mətbuat katiblərindənsiniz. Çətin deyil ki, gün ərzində hətta eyni mövzuyla bağlı eyni sualları cavablandırmaq, bezdirici gəlmir sizə?

- Çətin olur, hətta bezdiyim də olur. Çünki dediyiniz kimi, eyni mövzuyla bağlı müraciətlər olanda adam yorulur. Məsələn, yollardan keçən müəyyən sürüşmə zonaları var. Yağış, qar yağan kimi həmin ərazilərdə sürüşmə aktivləşir. Söhbət təkcə yoldan yox, ərazidən gedir. Yağıntı olan kimi sürüşmə aktivləşir, özü də eyni kilometrajda. Məsələn, Bakı-Şamaxı-Yevlax yolunun 106-107-ci kilometrliyi. Ora sürüşmə zonasıdır. Yağış yağanda orada sürüşmə aktivləşir. Hər dəfə Geologiya İnstitutu “sürüşmə zonası aktivləşib” deyən kimi vəssalam, hamı başlayır zəng eləməyə. Bəzən yeni bir şey olmadığından deyirəm ki, keçən dəfəki açıqlamadır, təkrar verin getsin. Bəzən bu kimi şeylər yorucu olur. Amma çalışıram ki, təmsil etdiyi media qurumundan asılı olmayaq, bütün jurnalistlərin suallarını cavablandıra bilim. Düzdür, bəzən alınmır, hansısa tədbirdə oluruq, başqa vacib işlər olur, telefona cavab verə bilmirəm. Amma çalışıram ki, imkan daxilində sualları cavablandırım. Xüsusilə payız-qış mövsümündə, yazın əvvəllərində daha çox zənglər alırıq. Qar, yağış yağan kimi, demək olar ki, telefonum susmur. Hətta bir telefonumun batareyası sıradan çıxdı, onu dəyişməli oldum. İndi işlətdiyim telefon da sıradan çıxmaq üzrədir.

- Deməli çox gərgin iş rejimində çalışırsınız...

- Həddindən artıq...

- Məsələn, işinizin ən gec bitdiyi saat neçə olur?

- Telefon zəngləri dayananda mənim iş günüm bitir. Fərqi yoxdur işdəyəm, ya evdəyəm, şənbədir, bazardır, bayramdır. İşdə olmasaq da, telefon açıq qalır. Jurnalistlər hansısa məlumatı öyrənmək üçün mütləq zəng edirlər.


- Bəs bu gərgin rejimdə uşaqlara, ailəyə vaxt ayıra bilirsiniz?


- Çox az. Bəzən heç ayıra bilmirəm. Bəzən fiziki cəhətdən çox yorğun oluram. Bəzən də iş otağımdan bayıra çıxmıram, amma o qədər zənglər gəlir, o qədər məsələlər olur ki, adam mənəvi cəhətdən də yorulur. Evə gəlib çıxanda sakitlik istəyirəm. Adicə divanda oturduğum yerdə yuxu tutur. Evdə körpə uşaq var. Allah hamının balasını saxlasın, onunla 15-20 dəqiqə həyətdə  gəzməyə belə, halım olmur.

- Bildiyimizə görə, həyat yoldaşınız bu sahədə çalışmır. Bu gərginliyi anlayışla qarşılayırmı?

- O, jurnalistikanı bitirib, amma işləmir.

- Siz qarşı çıxmısınız işləməyinə, yoxsa özü istəməyib?

- Evdə uşaqların tərbiyəsilə əsasən o məşğuldur. Səhərdən axşama qədər onlarladır. Avqust ayında balacanın 2 yaşı olacaq. Yəni həyat yoldaşım onların tərbiyəsilə maraqlanır. Elə boş vaxt olmayıb ki, işləmək barədə düşünsün.

- Uşaqlar böyüyəndən sonra qarşı çıxmazsınız yəqin işləməyinə?

- Yox qarşı çıxmaram. Amma inanmıram ki, bundan sonra jurnalistikada işləmək həvəsi olsun.

- Xanımınızla tanışlığınız necə baş verib?

- Eyni universitetdə oxumuşuq. İkimiz də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişik. O, məndən iki kurs aşağıda oxuyub. Demək olar ki, jurnalistika sahəsində işləməyib. Sadəcə, “Ayna-Zerkalo” qəzetində qısa müddətə  ştatdankənar işləyib. Mütəmadi şəkildə jurnalistika ilə məşğul olmayıb.

- Bayaq xanımların sizə olan simpatiyasından danışdıq. Xanımınız sizi qısqanmır ki? Davamlı zənglər gəlir, yaxud kimsə yolda saxlayıb hal-əhval tutur. Bu kimi hallarda reaksiyası necə olur?


-
Təbii ki, qısqanır. Amma biruzə vermir. Əvvəl-əvvəl görürdüm ki, müəyyən narazılıqları var. Sonradan çarəsi qalmadı, öyrəşdi (gülür). Mən də çalışıram ki, onun qısqanması üçün şərait yaranmasın. O, özü də başa düşür ki, işim gərəyi müəyyən şeylərə göz yummalıdır. Yəni hansısa tədbirə gedəndə yaxınlaşan, şəkil çəkdirmək istəyən çox olurdu. Bunları normal qarşılayırdı. Əlbəttə, hər şey ifrata varanda ciddi narazılıq olur. Bu baxımdan mən özümü o həddə çatdırmıram. Ona görə də hər şey normaldır.

- Aparıcı Anar Nəcəfli və mətbuat katibi - məmur Anar Nəcəfli... Hansı sizə daha çox yaxındır? Özünüzü daha çox hansında daha rahat hiss edirsiniz?

- Təbii ki, aparıcılıq mənim birbaşa seçdiyim peşədir. Onu məktəb illərindən arzu etmişəm. Düzdür, inanmırdım ki, nə vaxtsa aparıcı olaram. Tale elə gətirdi ki, televiziyada aparıcı oldum. Bizim dövrümüzdə universitetə qəbul zamanı 15 ixtisas seçmək imkanı verilirdi. İlk yerdə hüquq, beynəlxalq hüquq və jurnalistikanı yazmışdım. Qismətdən jurnalistikaya düşdüm. 10 illik orta məktəbi rus dilində oxumuşdum. Amma iki il hazırlaşandan sonra Azərbaycan dili bölməsinə imtahan verdim. Qəbul imtahanında ən çox suala cavab verdiyim Azərbaycan dili və ədəbiyyat testləri oldu.
Universitetdə oxuduğum müddətdə ən çox əziyyət çəkdiyim də “Müasir Azərbaycan dili”  fənni idi. Mənə çox çətin gəlirdi, qavraya bilmirdim. Orta təhsilimi rus dilində almışdım deyə, elə şeylər vardı ki, mənə yad idi. Azərbaycan dilinin qrammatikası ilə rus dilinin qrammatikası tamam fərqlidir. Bu baxımdan çox əziyyət çəkmişəm. Hətta bir dəfə imtahandan kəsilmişəm də.

- Necə oldu ki, dil problemi olan bir tələbə peşəkar aparıcı oldu?

- Yox, əslində dil problemim olmayıb. Problemim dilin qrammatikası ilə bağlı olub. Məsələ burasındadır ki, 10 illik məktəb proqramında Azərbaycan dilini çox mükəmməl oxumuşam. Məhz Azərbaycan dili və ədəbiyyatından göstərdiyim yüksək nəticəyə görə jurnalistika fakültəsinə daxil ola bildim. Ancaq universitetdə keçirilən “Müasir Azərbaycan dili” fənni mənə zülm verirdi. Nə isə ki, birtəhər oxuyub başa vurdum.

 


- Bəs televiziyaya gəlişiniz necə oldu?

- Universitetdən sonra əsgərliyə yollandım, Naxçıvanda xidmət elədim. Əsgərlikdən qayıdandan sonra ixtisasım üzrə iş tapmaqda çətinliklərim oldu. Ona görə də fəhləliyə başladım. Haradasa, 2 ilə yaxın tikintidə fəhlə işlədim. Bəziləri düşünür ki, ali məktəbi bitiribsənsə, əlində diplomu varsa, o dəqiqə iş verəcəklər. Xüsusilə də oğlanlar belə düşünməli deyil. Əgər sən kişisənsə, özünü təmin etməyi bacarmalısan. İşin nə olmasının heç bir fərqi yoxdur. Fəhləlik, sürücülük etməkdə heç bir qəbahət yoxdur. Bunu xüsusilə universiteti bitirən oğlanlara demək istəyirəm. Qrup yoldaşlarımın çoxu ANS telekanalında işləyirdi. İki il fəhləlik edəndən sonra mənə dedilər ki, ANS telekanalında “Cinayət işi” verilişində vakant yer var. Getdim danışdım. O zaman Pərviz Əbubəkirovla birgə çalışdım. İlk olaraq Pərvizin yanında stajor kimi çalışmağa başladım. Məhkəmələrə gedirdik. Sonradan “İç xəbər” verilişinə müxbir lazım oldu. Təxminən 5-6 aydan sonra aparıcı olaraq efirə çıxdım. Düzdür “İç xəbər”də efirə çıxanda o qədər də tanınmırdım. Aparıcı olaraq “Xəzər TV”də çalışanda tanınmağa başladım. Amma ilk məktəbim ANS olub. O məktəbi keçəndən sonra 2004-cü ildən 2007-ci ilədək ANS-də işlədim.
Sonra bir müddət “Burc FM”də xəbərləri oxudum. Bir ildən sonra “Xəzər” TV açıldı. Orada əvvəl gündüz xəbərlərinin, daha sonra əsas xəbərlərin aparıcısı oldum. Mən belə düşünürəm ki, aparıcı jurnalistikada bütün etaplardan keçməlidir. O, ilk növbədə müxbir olmalıdır ki, aparıcı olaraq nə oxuduğunu anlasın. Bilsin ki, xəbər necə hazırlanır. Bəziləri bütün bu etapları keçmədən gəlib aparıcılıq edirlər. Mənim fikrimcə, bu, onlarda heç də uğurlu alınmır. Xəbərin hazırlanmasını biləndə, aparıcılıq özü də asan olur.

- Dolanışıqdan söz düşmüşkən, bu gün aldığınız maaş sizi qane edirmi?

- Normaldır, pis deyil. Düzdür, kirayədə qaldığıma görə müəyyən çətinliklərim olur. Amma bu aydan o biri aya qədər yola verə bilirik.

- Adətən cəmiyyətdə tanınmış aparıcıların çox imkanlı olduğu fikirləri formalaşıb. Yəni sən jurnalistsənsə, aparıcısansa, mütləq varlısan, maşınların var, problemlərin bir zənglə həll olunur və s.

- Düzdür, şou aparıcıları işlərindən əlavə, tədbirlərə dəvət alırlar. Bu mənada əlavə gəlir yerləri olur, reklama çəkilirlər, toylara gedirlər. Amma xəbər aparıcılarında bu çətindir, təklif gəlsə də,  qəbul edə bilmir. Mən də tədbirlərdə aparıcılıq etmişəm. Amma o da ayda-ildə bir dəfə olurdu, ya olmurdu. Həm də sən xəbər aparıcısısansa, toyda tamadalıq edə bilməzsən. Müəyyən dövrdə vəziyyətim çətin olsa da, elə tədbirlər vardı ki, orda iştirakı qəbul etmirdim.

 

- İndi necə, dəvət alırsınız tədbirlərə?


- Alıram. Amma işlə bağlı alınmır. Həm vaxtım olmur, həm də dövlət işində çalışdığıma görə alınmır.

 

- Bu gün jurnalistlərlə sıx əməkdaşlıq şəraitində çalışan mətbuat katibi kimi onlardan razısınızmı? Yəni hansısa hadisə ilə bağlı verdiyiniz açıqlama olduğu kimi dərc edilir, yoxsa oxuyanda əsəbiləşirsiniz ki, mən belə deməmişdim?

 

- Bir çox hallarda dediklərim olduğu kimi yazılmır. O sahədən gələn biri kimi çalışıram açıqlamanı elə verim ki, jurnalist onun 50 faizini bildiyi kimi yaza bilsin. Çünki problemə yanaşma müxtəlifdir. Bir hadisə barədə iki tərəf də fərqli fikir yürüdə bilər. Ona görə də məlumatı elə çatdırmalısan ki, jurnalist heç olmasa, sən istədiyinin 50 faizini yaza bilsin.

- Sizin həmkarlarınız arasında jurnalistlər üçün nazir səviyyəsində əlçatmaz olanlar var. Onlar rəhbərlərinin belə istədiyini əsas gətirirlər.

- Ola bilər ki, rəhbərlik icazə verməsin. Amma mətbuat katibinin özündən də çox şey asılıdır. Əgər rəhbərlik icazə verməsə belə, jurnalistdən müzakirə predmeti olan məsələ barədə anlayış göstərməsini xahiş edə bilər, o da məsələnin üstündən ötüb keçər. Bəzi hallarda telefona cavab verilməməsi, həmin qurumun əksinə işləyir.

- Dünyada gedən tendensiyadır ki, məmurlarda jurnalistlərə qarşı bir aqressiya var. Bu gün siz təkcə jurnalist yox, həm də məmursunuz. İş olan yerdə problem olmalıdır. Jurnalistin işi də problemləri işıqlandırmaqdır. Məmur olaraq məsələyə münasibətiniz maraqlıdır.

- Doğrusu, mən heç vaxt özümü məmur kimi hiss etməmişəm. Mənim fikrimcə, məmur kabinetində oturan, işlərini bir zənglə həll edən şəxsdir. Mənsə bütün günü yollardayam (gülür). Dünən siz müsahibə üçün zəng edəndə, mən “Sovetski”yə gedirdim. Çalışıram ki, özümə qarşı o fikri formalaşdırmayım.

 


- Amma siz istəməsəniz də məmursunuz. Bu bir reallıqdır ki, siz təmsil etdiyiniz qurumu yalnız jurnalist kimi yox, həm də bir məmur kimi qoruyursunuz.

- Mən özümü kənardan elə görmürəm. Ki, mən məmuram və özümü məmur kimi aparım. Bəlkə də kənardan elə görünür, amma çalışıram ki, məmurluq etməyim. Əgər mən oranı təmsil edirəmsə və hər hansı problem yaranıbsa, mən qurumun mənafeyindən çıxış edib o problemə fikir bildirə bilərəm, jurnalist kimi yox.

 

-Adam özü jurnalistikanın içində olanda məsələyə, problemə yanaşması başqa cür olur, jurnalistikadan uzaqlaşanda isə tamam fərqli mənzərə yaranır.

- Həqiqətən də tamamilə fərqli baxışlardır. Mən müxbir, aparıcı olanda bu sahəni tamam başqa yöndən görürdüm. Mətbuat katibi olandan isə başqa şeyləri görürəm. Mənfi cəhətləri də var, müsbət cəhətləri də. Aparıcı olanda bununla kifayətlənirsən. İndi isə müxtəlif saytlardan, qəzetlərdən, radiolardan zəng vururlar. Bu baxımdan mən özüm də jurnalistikanı hələ də öyrənirəm.

- Mətubat katibi olan həmkarlarınızdan bəzilərinin etirafına görə, hərdən jurnalistikaya nifrət edirlər. Deyirlər “elələri əlində qələm tutur ki, adam söz tapmır deməyə”.

- Elə insanlar var ki, zəng vurub məsələyə münasibət öyrənmək istəyir. Açıqlamanı verirsən, bu dəfə başlayır məsələni başqa istiqamətlərə yönəltməyə. Artıq əsəbiləşməyə bilmirsən. Bir nəfər vardı. Axşam saat 8-dən sonra, şənbə, bazar və bayram günləri zəng vururdu. İstirahət günüdür, 3 uşaqla yol getdiyim anda zəng vurdu ki, filan məsələyə münasibət bildirin. Təsəvvür edin, 3 körpə uşaq, əlimdə telefon və hər dəfə dəng edən adam. Ya telefona cavab verə bilmirəm, ya məcburən açıram. Onda da uşaqlarla çətin olur. Həm dediyimi təhrif edirdi, həm də öz dediklərimi mənə qarşı yönəldirdi.

- Əsas da “reket jurnalistlər” bu cür davranır. Bəlkə də etiraf etməyəcəksiniz...

- “Reket jurnalistlər” var, müraciət də edirlər. Bəzi həmkarlarım qaçır onlardan. Amma mən heç vaxt qaçmamışam. Bəzən zəng edib problemləri sadalayır. Deyir, “mən bu haqda yazmaq istəyirəm”. Sən jurnalistsən, problem varsa yaz, mənə niyə zəng edirsən? Yox əgər məsələyə münasibət öyrənmək istəyirsən, bu başqa. Və əlinizdə tutarlı dəliliniz varsa, yazın getsin, yalnız münasibət öyrənin. Mətbuat katibi işlədiyim ilk ildə mən bununla bağlı çox sıxıntılar yaşadım. Çoxluq münasibət öyrənmədən məlumatı yazırdı. Zəng vurub etiraz edirdim. Deyirdim ki, jurnalistin birinci işi münasibət öyrənməkdir. Əgər yazıda hansısa qurumun adı hallanırsa, həmin şəxslərin mövqeyi mütləq olmalıdır. İndi də belələri var. Amma kifayət qədər azalıb. Yəni heç bir jurnalistdən qaçmaq lazım deyil.

- Heç “reket jurnalistlər”ə pul verdiyiniz olub?

- Yox, mənim təcrübəmdə olmayıb. Amma eşitmişəm ki, bir dəfə “reket”ə pul verən sonra canını qurtara bilmir. Hansısa problemi münasibət öyrənmədən yazan, sonra da “əlimdə daha tutarlı faktlar var” deyənlər olub. Demişəm, faktın varsa yaz. Əgər iş görürsənsə problem mütləq olmalıdır. Yol elədir ki, daim göz önündədir. Evdən çıxandan evə qayıdana kimi yoldan istifadə edirik. Bunu hər kəs bilir, qaçmaq olmaz. Doğrudur, işlər görülür, amma bütün yolları eyni vaxtda təmir etmək mümkün deyil. O qədər kəndarası, qəsəbələrarası küçələr var ki, təmir olunmalıdır. Hamısı nəzərimizdədir. Amma yenə deyirəm, bütün problemlərin bur anda həllini gözləmək də doğru deyil. Hanısa jurnalist hansısa məqsəd üçün bunu əlində bayraq edə bilər.

 

- Yeri gəlmişkən, "The World Economic Forum" beynəlxalq təşkilatının reytinqinə əsasən, Azərbaycan MDB məkanında ən yaxşı yolları olan 50-ci ölkə seçilib.

- Fakt göz qabağındadır.

- Amma yeganə ölkələrdənik ki, yollar illər əvvəl balaca uşaqların geyindiyi yamaqlı şalvarlar kimidir.

- Mən özüm də illər əvvəl şahidi olurdum belə halların. Hansısa yerdə asfalt örtüyü sıradan çıxanda üstünü sadəcə örtürdülər. Yağış, qar yağan kimi də çalalar əmələ gəlirdi. Amma indi yollarda xüsusi maşınlar var. Həmin maşın vasitəsilə yolun problemli hissəsi kəsilir və düzəldilir. Yolun yamanması normal haldır. Çünki bir neçə il sonra nəqliyyatın intensiv hərəkəti nəticəsində yolun aşınma qatı sıradan çıxır. Yol mütəmadi olaraq təmir olunmalıdır ki, alt qatı sıradan çıxmasın. Hətta Nyu Yorkda da yamaqlı yollar var. Bu normaldır əslində...

 

- Son vaxtlar nəqliyyatın hərəkət istiqamətində xeyli dəyişikliklər baş verir. Bunun üçün xarici mütəxəssislər cəlb olunub, yoxsa yerli mütəxəssislərlə işləyirsiniz? Məsələn, Yusif Səfərov küçəsində (Xətainin heykəlinin yanında) dəyişikik edildi, kifayət qədər effekt verdi, yaxud “Beşmərtəbə dairəsi” ləğv olundu və s.

- Bu işləri icra edənlərin hamısı yerli mütəxəssislərdir. Əksəriyyəti cavan kadrlardır. Bu gün texnologiya əsrindəyik. Xüsusi proqramların vasitəsilə də  yolda nəqliyyatın hərəkətinin intensivliyi, saatda oradan neçə avtomobil keçməsi, onlardan neçəsinin avtobus, neçəsinin minik maşını olması müəyyənləşir. Bunların hamısı xüsusi proqramlar vasitəsilə öyrənilərək, tətbiq edilir. Proqramda göstərilir ki, istiqamət bu cür dəyişərsə, ərazidə tıxac aradan qalxa bilər, yoxsa yox. Fizuli meydanında bizim mütəxəssislərimiz tərəfindən təklif verilmişdi ki, kəsişən yollar və dairə ləğv edilsin. Düzdür, məsafə 100-200 metr uzanır. Buna baxmayaraq, dairədə qalmaq, gözləmək, bir-birinə yol verməmək kimi məsələlər aradan qalxıb. Bu gün tıxacın aradan qaldırılması üçün kəsişən yollar ləğv olunmalıdır. Çalışdığımız dairəvi hərəkətin intensivləşdirilməsidir ki, bununla tıxacların aradan qaldırılmasına nail ola bilək. Eyni şey “Statistika dairəsi”ndə də tətbiq olunacaq.

- Sürücülər daha çox “20 yanvar” dairəsindəki tıxacdan narazılıq edirlər.

- Əgər o yolda ki, dairə və kəsişən nöqtələr var, mütləq pik saatlarda tıxac olacaq. Mütəxəssislər və Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin yolla bağlı təklif  verilmişdi. Yolların kəsişməsinin qarşısının alınması ilə dairəvi hərəkətin bərpa olunması nəzərdə tutulub. Dəyişiklikdən sonra yolun yükü hiss olunacaq dərəcədə azalacaq. Amma yenə də Bakının əsas giriş qapısı olduğu üçün nəqliyyat vasitələrinin sıxlığı normaldır. Həmin istiqamətdə saatda 10 min maşının gediş-gəlişi var.
Şimal girişdə yükü azaltmaq üçün Novxanı- Pirşağı istiqamətinə yeni dənizkənarı yol çəkilir. İşlər artıq yekunlaşmaq üzrədir. Bakıya daxil olmadan, Sumqayıt tərəfdən gələrək Hava limanı, Bakı kəndləri istiqamətinə rahat gedə biləcəklər. Eyni zamanda, uzun müddətdir təmir olunmayan yollar bərpa olunur.  Söhbət  Biləcəri ilə Binəqədini birləşdirən “Dördüncü qapı” deyilən yerdən gedir. Hazırda o yolun da təmiri yekunlaşır. O yol pis vəziyyətdə olduğu üçün sürücülər ora girmirdilər. Yolun təmiri başa çatdıqdan sonra heç olmasa nəqliyyatın 10 faizi ora yönələcək. Üstəgəl dairəvi yol inşa olunur. Eyni zamanda Balaxanı yolunun təmirinə start vermişik. Xırdalan-Bakı yolunun təmirinə başlamışıq. Paralel yollar təmir olunur. Bütün yollar istifadəyə verildikdən sonra sürücülərin seçim imkanı da olacaq. Bu baxımdan paralel yollar istifadəyə verildikcə, şimal tərəfdən nəqliyyatın yükü nisbətən azalacaq.

- Bəs turistik zonalara gedən yollar nə vaxt təmir olunacaq? Məsələn Göygölə gedən yol çox pis vəziyyətdədir. Adam o yola baxanda o cür mənzərəsi olan Göygölə getmək istəmir. Bu məsələlər nə vaxt öz həllini tapacaq?

- Artıq Göygölün çıxışından başlayaraq Çaykənd istiqamətində yol əsaslı təmir olunur. Hazırda kənd və qəsəbələrarası yolların təmirinə böyük diqqət ayrılıb. Xüsusilə turizm obyektlərinə, turistik bölgələrə gedən yollar təmir edilir. Hətta elə yollar var ki, onların tikilməsilə yeni turizm marşrutları açılır. Artıq ötən ildən başlayaraq turistik zonalara gedən yolların əsaslı təmirinə başlanılıb. Məsələn, Şəkidə Marxal istiqamətindəki yol da tamamilə sıradan çıxmışdı. O da təmir edilir.
Bir məsələni də qeyd etmək istəyirəm. Məsələn, elə turizm obyektləri var ki, ora gedən yol mütləq rahat olmalıdır. Amma elələri də var ki, gözəlliyi məhz ekstrim şəraiti yaşamaqdadır. Qaxda şəlaləyə getmək üçün çayın içindən keçməlisən, çətin olsa da... Ötən günlərdə bir jurnalist zəng edib soruşur ki, ora niyə yol çəkilmir? Deyirəm, onun da gözəlliyi ondadır. Sən şəlaləyə gedirsən, oteldə yatmağa getmirsən axı. Rahatlıq istəyirsənsə, otellərə getmək lazımdır.

- Jurnaslit həmkarlarınızdan, dostlarınızdan vaxt azlığına görə görüşə bilmədiyiniz üçün  inciyənlər olurmu? Demirlər ki, “Anar məmur olub özünü dartır?”

- Heç vaxt deyə bilməzlər ki, Anar özünü dartır. Çünki heç vaxt elə olmamışam. İstər aparıcı olanda, istərsə də indi. Hətta bəzi tanışlar irad tuturlar ki, bu qədər sadə olma... Amma doğrudan da vaxtım olmur. Deyirlər “bəs o biri mətbuat katibləri necə görüşürlər, hər həftə bir yerdədirlər”. Amma inanın səmimiyyətimə ki, bəzən ailəmə belə, vaxt ayıra bilmirəm.

- Şöbədə təksiniz, yoxsa köməkçiniz var?

- Bu yaxınlarda Gülşanə xanım da bizimlə çalışmağa başladı. Amma yenə də yük mənim üzərimdədir. Düşünürəm ki, belə də olmalıdır. Əgər insan məmurluq havasına girib bütün işləri başqalarına tapşırsa, onun işi də yaxşı alınmaz. Bir mətbuat katibi vardı. Soruşdum nə qədər işçiniz var? Dedi əlavə şöbələrlə birlikdə ümumi mətbuat xidmətində 20 nəfərik. O vaxt bizdə heç Gülşanə xanım da yox idi. Bizdə mənlə bir yerdə 3 nəfər idik. Pres-relizlər, saytın işləri hamısı mənim üzərimdədir.

- Sonda demək istədikləriniz...

- Jurnalistlərə müraciət etmək istərdim. Mən təkəm. Bəzən eyni vaxtda 5 nəfərə cavab verə bilmirəm, yaxud hansısa tədbirdə oluram, telefona cavab vermək imkanım olmur.  Bizim işimiz təkcə Bakı ilə məhdudlaşmır. Bütün respublikanı əhatə edir. Əvvəl bölgələrə də tez-tez gedirdim, orada çəkilişlər edirdik. Amma indi Bakıdan kənara çıxa bilmirəm. Ölkə üzrə işlər o qədər artıb ki, ona görə də çıxa bilmirəm. Vaxt baxımından anlayış göstərsinlər. Düşünməsinlər ki, mən kimdənsə qaçıram, yaxud sualına cavab vermirəm. Hətta axtaranlar sosial şəbəkədən də tapa bilər məni.

- Uğurlar arzulayırıq. Ümid edirik ki, növbəti görüşümüzdə “məmuram” deyəcəksiz. Çünki hər bir insan yüksəlişə doğru getməlidir.

- Baxır hansı mənada yüksəlişə. Mən mənəvi cəhətdən yüksəlirəm. Amma heç vaxt özümü məmur kimi hiss etməmişəm. Məmur bayaq dediyim ki, oturub tapşırıqlarını verən adamdır. Təbiətcə məmurlaşan insan deyiləm. Sadəlik gözəllikdir. Düşünürəm ki, insanı ucaldan sadəlikdir, məmurluq deyil. Amma elə məmur da var vəzifəsindən asılı olmayaraq çox sadədir. Məsələn, Dövlət Təhlüksəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev. Olduqca sadə insandır. Bir neçə dəfə tədbirlərdə olmuşuq. Amma görüm ondan əvvəl vəzifədə olana kimsə cürət edib yaxınlaşa, şəkil çəkdirə bilərdi?

 

- O zaman arzu edirik ki, sadəliyinizi heç vaxt itirməyəsiniz.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?