Modern.az

Azərbaycan Şimali İrlandiyanı uda biləcək? – Ekspert RƏYLƏRİ

Azərbaycan Şimali İrlandiyanı uda biləcək? – Ekspert RƏYLƏRİ

Aktual

10 İyun 2017, 15:26

Bu gün futbol üzrə Dünya Çempionatı 2018-in seçmə mərhələsində, 6-cı turun oyunları çərçivəsində Azərbaycan -Şimali İrlandiya oyunu keçiriləcək.

 

C qrupunda 7 xalla 4-cü yerdə qərarlaşan millimiz qələbə qazandığı təqdirdə 2-ci pilləyə yüksələcək.

 

Bəs qələbə qazana bilərikmi? İndiyə qədər milli komandanın göstəriciləri bunu deməyə icazə verirmi?

 

Modern.az saytı bu sualın cavabını Azərbaycan futbolunun tanınmış simalarından öyrənib.

 

"Turan Tovuz" klubunun baş məşqçisi Əsgər Abdullayev rəqibin hava mübarizəsində güclü olduğunu ifadə edib:

 

“Oyunun çətin keçəcəyi bəllidir. Müşahidə etdiyim qədəri ilə rəqib komanda hücumları əsasən cinahlardan təşkil edir. “İkinci mərtəbə”dən daha təhlükəli olurlar. Şimali İrlandiya ilə keçirilən birinci oyunu yada salın. Qolların əksəriyyəti standart vəziyyətlərdən qeydə alınıb. Ucaboylu futbolçuları başla yaxşı oynayırlar. Bu baxımdan düşünürəm ki, bizə çətinlik ola bilər”.

Futbol mütəxəssisi oyun barədə əvvəlcədən proqnoz verməyi xoşlamadığını deyib:

“Hər halda oyun heç-heçə qurtarsa belə, bu bizim üçün yaxşı nəticədir. Baxmayaraq ki, mən əvvəlcədən proqnoz verməyi xoşlamıram, ancaq düşünürəm ki, bu nəticə də pis olmaz”.

 

Əməkdar məşqçi Ağasəlim Mircavadov matçın taleyi ilə bağlı iki amilin əhəmiyyətindən danışıb:

 

“Bu oyun Şimali İrlandiya üçün də mühüm əhəmityyət kəsb edir. Rəqib komanda qrupda 2-ci yerdədir. Sözsüz ki, onlar da öz yerlərini qorumaq istəyir. Oyunla bağlı 2 amili diqqətdə saxlamaq lazımdır. Futbolçuların matça yüksək ruhda çıxmaları və azarkeş dəstəyi. Bu 2 amil bir-birini tamamlasa, meydandan istədiyimiz nəticə ilə ayrılarıq. Ötən matçlarda göstərdiyimiz oyun ortadadır. 7 xal elə-belə gəlməyib”.

 

A.Mircavadov futbolçuların oyun praktikasına dair fikirlərini də söyləyib:

“Artıq 1 aydır ki, Topaz Premyer liqası başa çatıb. Başqa sözlə, bəzi futbolçular bir aydır matç keçirmir. Bunu da nəzərdə saxlamaq lazımdır. Oyun praktikası vacibdir. Ümid edirəm ki, bu hal oyunun nəticəsinə təsir göstərməz. Qalib olan tərəf biz olarıq”.

 

Hazırda AFFA-da fəaliyyətini davam etdirən məşqçi Arif Əsədov, Şimali İrlandiya ilə olan oyunun xal baxımından çox vacib olduğunu deyib:

 

“Komandamız bu oyunda qələbə qazansa, mundiala vəsiqəni əldə etmək üçün şanslarımız daha da artır. Şimali İrlandiya çətin rəqiblərdəndir. Ancaq biz “ev”də oynayırıq. Düşünürəm ki, meyandança azarkeşlərlə dolu olacaq. Bu baxımdan futbolçularımızın ruh yüksəkliyi rəqibi üstələyəcək”.

 

Sonda A.Əsədov oyunla bağlı öz proqnozunu verib:

 

“Azərbaycan millisinin qələbəsinə 60-ın 40-a ehtimal verirəm. Heç- heçə də ola bilər”.

Qeyd edək ki, Azərbaycan- Şimali İrlandiya oyunu bu gün axşam saat 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək .

Oyunu İspaniyadan olan hakimlər kolleqiyası idarə edəcək.

İlk oyun Şimali İrlandiyanın qələbəsi ilə başa çatmışdı (4-0). 

 

Məcid Əmirov

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?