Modern.az

Büdcə müzakirələrində Fazil Məmmədov, Aydın Əliyev və Samir Şərifovun dedikləri

Büdcə müzakirələrində Fazil Məmmədov, Aydın Əliyev və Samir Şərifovun dedikləri

12 Noyabr 2009, 20:18

Fazil Məmmədov: “Vergi borclarının böyük bir hissəsi kommunal xidmət müəssisələrinə aiddir”

Milli Məclisdə büdcənin müzakirəsi zamanı vergilərlə bağlı qaldırılan məsələlərə vergilər naziri Fazil Məmmədov münasibət bildirib və bəzi millət vəkillərinin qeyri-neft sektorunda inkişafın olmamasıyla bağlı fikirləri ilə razılaşmayıb: “Böhran ili olmasına baxmayaraq, bu ilin 9 ayında qeyri-neft sektorundan büdcəyə 1 milyard 949 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövründəkindən 107,5 milyon manat çoxdur. Bundan başqa, əlavə dəyər vergisi üzrə büdcə daxilolmaları 30 faizdən çoxdur. Əsas azalma mənfəət vergisiylə bağlıdır ki, bu da əsasən neftin qiymətinin aşağı düşməsiylə əlaqəlidir”.

Fazil Məmmədov gələn il mənfəət vergisinin dərəcəsinin 2 faiz azaldılması, sadələşdirilmiş vergiyə cəlb olunan məbləğin yuxarı həddinin 150 min manata çatdırılması, eləcə də bankların mənfəət vergisindən azad olunmasına görə büdcəyə bu mənbələrdən ödəmələrin 150 milyon manatdan çox azalacağını da diqqətə çatdırıb: “Vergi borclarının 6 milyard manata çatmasına da aydınlıq gətirmək istərdim. Bu rəqəm 5,9 milyard manatdır. Bunun cəmi 3,2 milyardı əsas borcdur, 2,7 milyardı isə isə hesablanmış peniya və kəsilmiş cərimələrdir”.

Vergilər naziri məbləğ açıqlamasa da, borcların böyük bir hissəsinin kommunal xidmət müəssisələrinə aid olduğunu deyib. Onun sözlərinə görə, yanvarın 1-dən borclara görə peniyaların hesablanması da dayandırılacaq.

 

Aydın Əliyev: “Vergiyə cəlb olunacaq idxal azalacaq”

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gələn il üçün qurumun büdcə öhdəliklərinin 1,3 milyard manatdan 1,1 milyarda endirilməsini vergiyə cəlb olunacaq idxalın azalmasyıla izah edib.

 

Samir Şərifov: “Büdcə kəsirinin örtülməsində problemlər olmayacaq”

Maliyyə naziri Samir Şərifov müzakirələr zamanı qaldırılan bütün sualları cavablandırıb. O, ölkədə kölgə iqtisadiyyatının 10,2 faizdən çox olmadığını bildirib. Əmək haqlarının artırılmasına gəlincə, bunun iqtisadi vəziyyətdən asılı olacağını söyləyib: “Sahibkarlığa Kömək Milli Fonduna və “Aqrolizinq”ə ayrılan vəsaitlərin azalması isə düzgün addımdır. Bu qurumlara indiyə qədər büdcədən 700 milyon manatdan çox vəsait ayrılıb və gələcəkdə onların özünümaliyyələşdirmə prinsipinə keçəcəyi gözlənilir”.

Maliyyə naziri büdcə kəsirinin örtülməsində problemlərin olmayacağını da bəyan edib.

Nazirin çıxışıyla gələn ilin büdcə müzakirələri başa çatıb. 10 gün ərzində səslənən təkliflər öyrəniləcək və büdcə layihəsi təsdiqlənmək üçün yenidən parlamentə təqdim olunacaq.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?