Modern.az

Deputat bazarın müsadirə olunmasına haqq qazandırdı

Deputat bazarın müsadirə olunmasına haqq qazandırdı

13 İyun 2017, 13:47

“Bu gün Bakıda kimsə 60-70 min manata bazar alır, hansı ki, onun qiyməti milyonlarla manata ölçülür. İndi o bazar onu alan şəxsin əlindən alınıb müsadirə edilməməlidir? Təbii ki, müsadirə olunmalıdır”.

Modern.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasında Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bu gün Bakıda məhkəmələr gedir və biz də bəzi obyektlərin və mülklərin hansı qiymətə alındığının şahidi oluruq.

“Hansısa bazar dəyərindən dəfələrlə ucuz qiymətə - 60-70 min manata alınıb. Ancaq bunun real qiyməti haradasa 10 milyon manat civarında olub. Bu müsadirə olunmalıdır. Ancaq bununla belə, mülk müsadirə edilən zaman vətəndaşa dəyən ziyan da kompensasiya edilməlidir və qanunda bu da öz əksini tapıb”.


Q.Həsənquliyev onu da əlavə edib ki, burada vətəndaşlar da ayıq olmalıdır. “Bilməlidir ki, haradan və hansı mülk alır. Baha yerdən ucuz qiymətə mülk alanda sonda hansı problemlərlə üzləşəcək”.

Deputat bildirib ki, bu gün bəzi dövlət obyektləri simvolik olaraq 1 dollara da sahibkara satılır.

“Bunlar ona görə edilir ki, həmin obyektə sərmayə yatırılacaq. Ona görə də Məcəllədə nəzərdə tutulan dəyişiklik tamamilə doğrudur və yerində olan dəyişiklikdir. Bir daha təkrar edirəm ki, vətəndaş mülk alanda aldığı mülkün real qiymətini əvvəlcədən bilməlidir ki, sonda hər hansı problemlə üzləşməsin”.

Deputat Fazil Mustafa isə qeyd edib ki, məcəllədə nəzərdə tutulan dəyişiklik müəyyən mənada vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxaracaq.


Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?