Modern.az

“İşsizlikdən sığorta haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi

“İşsizlikdən sığorta haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi

13 İyun 2017, 15:17

Milli Məclisinin bu gün keçirilən növbədənkənar iclasında yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, 4 fəsil, 26 maddədən ibarət qanun layihəsinin məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

 

Qanun layihəsi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

 

Layihəyə əsasən, işsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Qanun layihəsində işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i sığorta haqqının ödənilməsini nəzərdə tutur.

 

Sənəddə sığorta ödənişinin 3 növü - əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib. Layihəyə görə sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır.

 

Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.

 

Qanun layihəsinin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

 

Lahiyə ilk oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib. 

 

Mirmahmud Kazımoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?