Modern.az

Publik-hüquqi şəxsə çevirilən universitetlərdə nələr dəyişəcək...

Publik-hüquqi şəxsə çevirilən universitetlərdə nələr dəyişəcək...

23 İyun 2017, 11:26

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan ali təhsil müəssisələri çevrilmə yolu ilə yenidən təşkil edilsin.


Maraqlıdır, universitetlərin publik-hüquqi şəxs olması nəyi dəyişəcək? Bunun müsbət və mənfi tərəfləri nədir? Bu yolla ali təhsilimizi nə gözləyir?

Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirib. Bildirib ki, publik hüquqi şəxs kimi universitetlərin daha sərbəst maliyyə fəaliyyəti olacaq.

“İndiki halda onlardan hansısa bir maliyyə prosesini həyata keçirmək üçün tabe olduqları yuxarı orqanın razılığını almaq tələb olunur. Amma publik hüquqi şəxs olanda universitetin bu sahədə müstəqilliyi olacaq. Digər tərəfdən, indi universitetin yeganə gəlir mənbəyi tələbələrin təhsil haqları təşkil edir. Lakin publik hüquqi şəxsə çevriləndən sonra digər xidmətlər göstərməsi üçün şərait yaranacaq ki, bu da əlavə gəlir əldə etmək üçün imkan verəcək. Hesab edirəm ki, bu, Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək və qısa müddətdə universitetlərimizin beynəlxalq nüfuzu qalxacaq. Publik hüquqi şəxsə çevrilən universitetlər arasında rəqabət mühiti artacaq. Bundan sonra büdcədən maliyyə almayan universitetlər artıq maliyyə qaynaqları axtarmağa başlayacaq. Dünya təcrübəsində universitetin əsas gəlirləri layihələr, xarici ölkələrdən tələbə qəbulu, elmi tədqiqat jurnalları, hazırıq qrupları, tərcümə xidməti və sair təşkil edir. Lakin bu qeyd olunanlar təəssüf ki, bizim universitetlərdə yoxdur. Bu dəyişiklik məhz həmən gəlirli sahələri universitetlərə cəlb etmək üçün mühüm əhəmiyyət kəsb edir. Prezidentin məlum sərəncamından sonra bizim universitetlər ölkəyə xaricdən tələbə cəlb etməkdə, beynəlxalq qrant layihələrdə iştirakda maraqlı olacaqlar. Məlum sərəncama qədər bunların həyata keçrilməsi uzun proses idi. Dövlət univetsitetlərinin publik hüquqi şəxsə çevrilməsi təhsilimizə yeni imic və nəfəs gətirəcək”.



Kamran Əsədovun sözlərinə görə, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

“Qeyd edim ki, publik hüquqi şəxsin mövcud olması zəruri idi . Çünki dövlətin varlığı bu konseptin yaranmasını tələb edir”.

Ekspert deyir ki, universitetlərin publik hüquqi şəxs olması sovet təhsil sistemindən uzaqlaşma prinsipini həyata keçirəcək.

“Bundan sonra ali təhsil müəssisələrimizin idarə olunma prosesi ciddi şəkildə dəyişəcək. Qeyd etmək lazımdır ki, bizdə ali məktəblərin idarə olunması sovetlər dönəmindən qalma prinsiplər əsasında həyata keçirilir. Belə idarə olunma da model kimi dünyada qəbul edilmir. Çünki diktə edən idarəçilik, süründürməçi prosedur qaydaları çevik idarəçiliyə mane olur. Dünyada reytinq cədvəlində öndə gedən universitetlərin idarəçiliyi daha çevik həyata keçirilir”.

 

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir