Arxiv
7 May 2011, 16:25 | MƏDƏNİYYƏT
Cəbrayıl gülməcələri... (I)

Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Cəbrayıllı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb.
Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllifin Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını siz də oxuyun.


Xose Diasın 200%-lik at planı

Ötən əsrin 30-cu illəri kolxoz quruculuğunun qızğın vaxtı imiş. Bakıdan göndərilən Baş plana əsasən, hər kolxozun kənd təsərrüfatının müxtəlif sahələri üzrə öhdəlik planı varmış. Xose Dias adına (Xose Dias İnpaniya Kommunist Partiyasının lideri olub) Cəbrayılın Cəfərabad kolxozunun sədri rayon mərkəzində həmin o Baş planla bağlı illiik hesabat çıxışı eləyirmiş. Cəfərabad kəndi cəmisi 50-60 evdən ibarət imiş. Kolxozun bir az əkin sahəsi, bir az qoyun-quzusu və ən başlıcası, cəmisi bir rəs dişi atı varmış (atları «baş»la yox, «rəs»lə sayırlar). Xose Dias kolxozu madyanlarını (həmin o dişi atı) aparıb qonşu kənddəki ayğırla (axtalanmamış erkək ata «ayğır» deyirlər) cütləşdirirlər. Vaxt çatır, bu madyanın bir qulançası (balası) olur. Kolxoz sədri də rayon mərkəzində hesabat verəndə belə bir cümlə işlədir: «Bizim Xose Dias kolxozu bu il at planını 200% yerinə yetirib!».

Pəh! Bu məlumat hesabatlara düşür – Cəbrayıldan Bakıya, Bakıdan da Moskvaya gedib çıxır. O vaxt at ordu üçün hələ də çox əhəmiyyətli nəqliyyat növü olduğundan, belə bir uğur Moskvanın böyük marağına səbəb olur. Əmr olunur ki, SSRİ-nin hər yerindən atbecərənləri toplayıb Cəfərabad Xose Dias kolxozunun təcrübəsini öyrənməyə gödərsinlər. Cəfərabada yola düşən dəstənin pişvazına çıxmaq üçün Bakıya, ordan da Cəbrayıla xəbər yollayırlar. Xose Dias kolxozunun sədri məsələlərin qəlizləşəcəyini görüb başıalovlu rayon mərkəzinə gəlib raykoma yalvarır ki, bəs çarə qılsın, biabırçılıq olacaq. Katib soruşur:
- Nə məsələdi, a kişi?
Sədr:
- Yoldaş katib, mən yazıq neyləyim axı, keçən il bir atımız vardı, indi olub iki. Bu da 200% artım deməkdi. Mən də hesabat verəndə day bu 200%-in nə təhər əmələ gəldiyini demədim. Budey, indi SSRİ-nin hər yerindən tökülüb gəlirlər bizim 200%-ə baxmağa.
Katib Bakı ilə danışıb məsələni yoluna qoyur, təcrübə öyrənməyə gələn müsafirlər yarı yoldan geri qaytarılırlar...
Bu hadisədən sonra Cəbrayılda kim hesabatında şişirtmə faiz işlədərsə, əlbəəl deyirlər: «Səninki deyəsən Cəfərəbadın at faizindəndi ha, dostum?»  

Şəhadət barmağınızı dinc qoyun ha!

50-ci illərdə SSRİ-də kolxozların iriləşməsi kampaniyası gedirdi. Cəbrayılda Tinli, Şahvəlli, Göyərçin Veysəlli və bir neçə başqa kəndin kolxozlarını birləşdirib, adını qoyurlar «Voroşilov» kolxozu. (60-cı illərdə Kliment Yefremoviç Vorşilovun «zibil»i çıxandan sonra onu «Bakı» kolxozu adlandırıblar). Kəndlər bir-birindən çox aralı olduğundan idarəetmə zəifləyir, nəticədə camaat arasında xeyli narazılıq yaranır. Voroşilov kolxozunun birinci hesabat-seçki yığıncağından qabaq narazılıq son həddə çatır. Buna görə də, iclasda həm dava düşməsin deyə, həm də Bakıdan gələn yoldaşların yanında biabırçılıq yaranmasın deyə, Cəbrayıl rayon partiya komitəsinin birinci katibi Adil Vəliyev iclasda şəxsən iştirak etməli olur. İclasda birinci çıxış eləyən kolxoz sədri uğurlardan bol-bol danışır. Sonra da sözü əvvəldən «müsbət» danışacaqları bilinən bir neçə başqa adama verir. İclas xeyli uzanır. Axırda kəndin ağsaqqalı, üzdə olan adam - Mahmud kişi də çıxış üçün tribunaya qalxır. O da uzun-uzadı kolxozun yaranma tarixindən, insanların sovet hökumətinə sevgisindən bəlağətlə danışır. Büro üzvləri iclası yekunlaşdırmaq qərarına gəlirlər, ona görə də büro üzvlərindən biri Rəyasət Heyətinin arxasına keçir, ordan tribunada çıxış eləyən Mahmud kişiyə şəhadət barmağı ilə havada dairə çəkib işarə verir ki, çıxışı yekunlaşdırsın. Mahmud kişi elə başa düşür ki, büro üzvü ona «aranı qat-qarışdır» işarəsi verir. Mahmud kişi başlayır: «Yoldaş Vəliyev, bu nə təhər olan şeydi?! 20 kəndi qatmısınız bir-birinə, kolxoz sədri kəndlərin çoxundan xəbərsizdi, təsərrüfat başlı-başına qalıb. Bu iriləşmə ideyasını kim atıb ortaya? Tamam yanlış qərardı!»
Mahmud kişinin sözlərini eşitcək aləm qarışır bir-birinə, səs-küy, fit, qışqırıq, narazılıq... Əlqərəz, iclas pozulur. Adil Vəliyev pərt halda Bakıdan gələn yoldaşları da götürüb rayona qayıdır.
Mahmud kişinin birdən-birə 180 dərəcə dönməsi məsələsi sonrada açılır və rayona yayılır.
Bundan sona Cəbrayılda nə vaxt iclas olarmışsa, iclasın sədri zarafatla hamıdan xahiş eləyirmiş ki, şəhadət barmaqlarını dinc qoysundar.

Dalğanı dəyişirəm ki, Amerika eşitməsin!

Cəbrayılın iri kolxozlarından birində, kolxozlaşmadan yeddi-səkkiz il sonra, illik hesabat-seçki iclası keçirilirmiş. Rayon mərkəzindən və Bakıdan nümayəndələr gəliblərmiş. Kolxoz sədri işinin öhdəsindən yaxşı gələ bilmədiyindən, camaatın vəziyyəti xeyli pisləşmişimiş. Sədrdən hamı yaman narazı imiş. Tribunaya çıxan sədr uğursuzlardan bir kəlmə də danışmır, əvəzində basıb-bağlayır, gördüyü işləri şişirdir, görmədiyi işləri də görülmüş kimi qələmə verir. (Haşiyə çıxıb deyək ki, o vaxt kolxozçulara pul yox, əməkgünü yazırmışlar. 100 sot bir əməkgünü eləyərmiş ki, bu da orta hesabla 2-3 kilo buğda,  3-4 kilo arpa, əlavə də heyvandarlıq məhsulları (əsasən də şor-pendir) eləyirmiş). Hə, nə başınızı ağrıdım, kolxoz sədrinin belə yalan-palan çıxışı samaatı lap qəzəbləndirir, amma Bakıdan gələn qonaqların yanında sərdin yalanını çıxardıb qanqaraçılıq yaratmaq istəmirlər.
İclasın sonunda camaat soruşur:
- Yaxşı, yoldaş sədr, bir belə ki uğurumuz var, hər əməkgünə nə böləcəksən?
Sədrin sifəti dəyişir, mızıldanır...
– 400 qram buğda, 500 qram da arpa.
Bunu eşitcək camaatın səbri daşır, onu fitə basırlar. Qabaqcıl kolxozçu olan Nurullah kişi yerindən qalxıb gəlir tribunaya və papağını çıxardıb pər kimi fırlatmağa, papağını fırlatdığca da «vıyyyy» eləyib vıyıldatmağa başlayır.
Bakıdan gələn yoldanlardan biri «Nəyləyirsən, a kişi?» soruşur.
- Yoldaşlar, radionun dalğasını qarışdırıram ki, ayıbdı, Amerika-zad eşitməsin, biabır olarıq! – deyib Nurullah kişi vıyıldamağına vadam eləyir.
İclas pozulur. Rayon mərkəzindən, Bakıdan gələnlər pərt halda, suyu süzülə-süzülə geri qayıdırlar.
Bu hadisədən sonra Cəbrayılda kim gop eləyirsə, yanındakı tez papağını çıxardıb fırlaya-fırlaya vıyıldayır.   

Həsənin Nerses dostu          

Keyxalı kəndində Çoxbilmiş Həsən adlı bir nəfər yaşayırmış. O, 40 ildən çox dağbəyi işləyib, bərkə-boşa düşən adam olub. Hər çətin vəziyyətdən asanca çıxış yolu tapan adam olub.  Həsən kişi baytarlıq sahəsini yaxşı bildiyindən onu müxtəlif yoxlamalara göndərirmişlər.
Bir dəfə, daha dəqiqi, 1950-ci ilin yayında el yaylağa köçəndən bir müddət sonra rayon partiya təşkilatı Həsən kişiyə iki nəfər də qoşurlar ki, getsin yaylaqdakı mal-heyvanı müayinə eləsin. Onlar ata minib yola düşürlər. Bir gün yol gedib Qubadlıda gecələyib tezdən yola çıxırlar. Amma Görusa çatmamış ermənilər yaşayan Xınzirək kəndində axşama düşürlər. Atların yorulduğunu, özlərinin də möhkəm acdığını görən yolçular Həsən kişidən bir tədbir qılmasını xahiş eləyirlər. Həsən kişi kəndin kənarında top-top oynayan uşaqlardan birini çağırıb sınıq-salxaq erməni dilində kənddə vəziyyəti xəbər alır. Uşaq ordan-burdan danışır, axırda da deyir ki, bəs Nerses ölüb, indi qapılarında ağlaşmadı. Həsən kişi bunu eşitcək xeyli sevinir, Nersesin kimliyi, oğul-uşağı, arvadı və qohumları, yas yeri haqda tam məlumat yığır. Sonra səfər yoldaşlarına işarə eləyir ki, atları minsinlər, işlər düzəlib.
Nersesin qapısında qurulmuş yas mağarına çatar-çatmaz Həsən kişi atını qabığa sürür, cəld atdan düşür və vay-şivən eləməyə başlayır:
- Ay Nerses, can Nerses, bu niyə məndən xəbərsiz ölmüsən, a vəfasız dost...
Belə vay-şivəni görən yasa gələnlər yaxınlaşıb onu sakitləşdirməyə çalışırlar, amma Həsən kişi dartınıb onların əllərində çıxır və baş-gözünə döyməyi davam eləyir. Arada üzünü camaata tutur:
- Ay Haykanuş, ay Samvel, ay Razmik, ay köpək uşağı, bəs bu kişinin naxoşladığını mənə niyə vaxtında deməmisiniz? Niyə bu kişinin gözünü yolda qoymusunuz?! – Yazıq Nerses sağlığında həmişə deyərdi ki, ara Hasan, mən üləndə mani elə san ağla, türklərin avazı manim xoşuna qalir.  
Nersesin arvad-uşağı Həsən kişini və onun səfər yoldaşlarını yuxarı evə aparırlar, yaxşı süfrə açıb doyunca yedizdirirlər və yatmağa yer salırlar.
Sübh tezdən Həsən kişi yoldaşlarını dümsükləyir ki, durun, vaxtdı. O, sonra Nersesin dul arvadını – Haykanuşu oyadıb çay-çörək hazırladır. Səhər çörəyini yeyəndən sonra Həsən kişi üzünü Haykanuşa tutur:
- Ay Haykanuş, indi mən Nersessiz nə təhər dözəcəm?! Haykanuş tez Nersesin toy-bayrama geydiyi pencəyini gətirib Həsən kişiyə verir. Əlavə də bir bağlama yemək-içmək düzəldib onları yola salır. Atlılar qapıdan çıxanda Haykanuş deyir:
- Hasan kişi, Allah ömrünü uzun iləsin, hala bizim kantda heç kimi belə urakdən ağlamamışdılar.

Ərik qurusu ilə çay içməzlər

Bir gün Çoxblmiş Həsən işə təzə girmiş baytar Əlibila ilə Gəyən fermalarından gəlirmiş. Əlibala ayrı yerdən olduğundan bu yerlərin adamlarını hələ yaxşı tanımırmış. Günorta vaxtı imiş. Həm susuzluq, həm də günün istisi hər ikisini taqətdən salıbmış. Bir kəndin yanından keçəndə Həsən kişi dönüb Əlibalaya deyir:
- Bu kənddə mənim bir tanışım var, gedək orda bir az dincimizi alaq, sonra gedək.
Susuzluqdan dili təpimiş Əlibila razılaşıb düşür Həsən kişinin dalınca.
Həsən kişi bir evin darvazasını ayağı ilə itələyib həyətə girir. O, həyətdə tut ağacının kölgəsində yun çırpan xanıma müraciətlə:
- Ay qız, Zərbuta, ərin hardadı?   
Xanım Həsən kişini görcək əlini saxlayır, yun çubuğunu bir yana qoyur:
- Harda olacaq, cəhənnəmdə, nə bilim indi harda veyillənir.  
- Həə, - Həsən kişi Əlibalaya göz vurur, - onda bizə bir yaxşı çay hazırla.
Həsən kişi Əlibalanın duruxduğunu görüb sözünün üstünə bir az da qoyur:
- Özün də dur hazırlaş!
Əlibala bu sözdən sonra geriyə, darvazaya tərəf göz atır:
- Həsən kişi, sən canın, gəl bir stəkən suyumuzu içək gedək. Kənd içidi, bizi qan-xataya salarsan.
- Qorxma, ayə, ciyərli ol, - Həsən kişi ona ürək-dirək verir, - əlüstü bir balaca muşqulat eləyəcəm özümçün, gedərik. Sən arxayın çayını iç.
   Bu sözləri eşitcək Əlibala yerində qurcalanır, «Mən kəndin ayağında gözləyim, sən gələrsən» deyib ayağa durub getmək istəyir, amma Həsən kişi onun qolundan yapışıb yeridə oturdur.
   Zərbuta ərik qurusu, qənd, kişmiş, konfet dolu qabları gətrib stolun üstünə düzür. Stəkanlara da çay süzüb qonaqların qabağına çəkir. Əlibala ərik qurusundan birini ağzına atıb çay hortladan məqamda Həsən kişi Zərbutanın yanbızından möhkəm bir çimdik götürür. Həyəcandan Əlibala çeçəyir, ərik qurusu boğazında ilişib qalır. Öskürməkdən göm-göy olmuş Əlibala durub arxaya baxmadan daban alır kənd aşağı. Həsən kişi «Ay avam, bura mənim öz evimdi, bu da mənim halallıca arvadımdı» deyə onun dalınca yüyürüb geri qaytarmaq istəsə də gec olur, Əlibala artıq gözdən itmişdi.  
 Deyirlər Əlibalanın boğazandan həmin ərik qurusunu yalnız bir həftə sonra Çöpçü Ələhməd çıxara bilmişdi.
O vaxtdan Cəbrayılda belə deyərlər: «Eşqbazlığa gedəndə ərik qurusu ilə çay içməzlər!».

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Barselona” səfərdə xal itirdi 1 Noyabr 2020, 01:54 Pep Qvardiola “Barselona”ya qayıdır? 1 Noyabr 2020, 01:46 Cəbhə gündəliyi: 31 oktyabrda nələr oldu... 1 Noyabr 2020, 01:40 Gəncədə evdən kişi meyiti tapıldı 1 Noyabr 2020, 00:59 10 yaşlı braziliyalıdan Azərbaycan ordusuna dəstək - FOTO 1 Noyabr 2020, 00:48 Dünyada bir gündə rekord sayda yoluxma baş verdi 1 Noyabr 2020, 00:41 Avropanın bu ölkəsində də karantin elan edildi 1 Noyabr 2020, 00:29 Bakılı Olimpiya çempionu Almaniyada baş məşqçi təyin olundu 1 Noyabr 2020, 00:15 Paşinyan bu gecə Şuşa Qalasından yerə çırpılmış olacaq 1 Noyabr 2020, 00:07 Abşeronda 11 yaşlı uşaq bıçaqlandı 1 Noyabr 2020, 00:01 İranda yenidən karantin rejimi tətbiq olunacaq 31 Oktyabr 2020, 23:53 İzmirdəki zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB 31 Oktyabr 2020, 23:41 İngiltərədə bir aylıq karantin elan edildi 31 Oktyabr 2020, 23:38 “Siz başa düşmürsünüz ki, vay bizim halımıza?!” - Levon Ter-Petrosyan 31 Oktyabr 2020, 23:20 Baş Prokurorluğun cinayət işi açdığı separatçı Gürcüstan vətəndaşlarını döyüşə çağırır - FOTO 31 Oktyabr 2020, 23:04 Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır - Müdafiə Nazirliyi 31 Oktyabr 2020, 22:48 Soydaşlarımız Gürcüstandakı seçkilərdə aşağı fəallıq göstərdilər 31 Oktyabr 2020, 22:46 “Paşinyanın məntiqsiz davranışı hər gün daha çox qurbanlara səbəb olur” 31 Oktyabr 2020, 22:35 “Vətəndaşlara dəyən bütün maddi ziyan dövlət tərəfindən ödəniləcək” 31 Oktyabr 2020, 22:21 “Qalatasaray” 3-cü pilləyə yüksəldi 31 Oktyabr 2020, 22:11 “Gürcüstanda hakimiyyət dəyişir” - Saakaşvili 31 Oktyabr 2020, 22:00 Ərdoğanın sözçüsü koronavirusa yoluxdu 31 Oktyabr 2020, 21:50 Əlcəzair milli bayramını qeyd edir 31 Oktyabr 2020, 21:39 Türkiyədən “Şarli Hebdo”ya ETİRAZ: “İki milyarda yaxın müsəlmana hörmətsizlikdir” 31 Oktyabr 2020, 21:28 Müdafiə Nazirliyi nümunəvi minaatanlarımızın görüntülərini yaydı - VİDEO 31 Oktyabr 2020, 21:09 Ərdoğan zəlzələ bölgəsinə getdi 31 Oktyabr 2020, 21:02 “Gürcü Arzusu” qələbəsini qeyd edir 31 Oktyabr 2020, 20:55 İstanbulda “Qarabağ Azərbaycandır” deyildi - FOTO 31 Oktyabr 2020, 20:48 “Karikaturaların dərc edilməsinin tərəfdarı deyiləm” - Makron 31 Oktyabr 2020, 20:39 Şotlandiyada Ermənistanın müharibə cinayətlərinə qarşı etiraz aksiyası keçirilib - FOTO 31 Oktyabr 2020, 20:27 Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir - FOTO 31 Oktyabr 2020, 20:01 İşğaldan azad edilən ərazilərdə sosial müdafiə proqramları icra olunacaq - Nazir 31 Oktyabr 2020, 19:56 Atan Heydərin çörəyi, anan Zərifə xanımın südü sənə halal olsun!!! 31 Oktyabr 2020, 19:51 Ermənistanın qadağan olunmuş silahdan istifadə etməsinə qarşı QHT-lərin BƏYANATI 31 Oktyabr 2020, 19:47 Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib 31 Oktyabr 2020, 19:27